Dövlət başçısının bizə dedikləri və açıq demədikləri
haqda
Bazar günü Prezident İlham Əliyev şəhər kənarındakı
iqamətgahında bizimlə görüşdü. Ölkənin əksər aparıcı KİV rəhbərləri
dəvət olunmuşdu. Şənbə günü axşam bu barədə mənə də məlumat verildi
və dəvət olundum. Düzdür, Prezidentə "Jurnalistlərin dostu"
mükafatının təqdimat mərasimiydi. Əslində isə dövlət başçısı media
rəhbərləri ilə görüşüb bəzi mesajlar vermək ehtiyacı hiss etmişdi.
Bizim də Prezidentə deməli sözlərimiz vardı. Bizdən asılı olmayan
səbəbdən deyəcəklərimizin hamısını deyə bilmədik; tənqidçi media
adından çıxışı Rauf Arifoğlu etməliydi və etdi də. Yayımda yaranmış
problemləri ətraflı şəkildə izah edə bildi. Ancaq təəssüf ki,
həbsdə olan jurnalistlərlə, qəzetlərə qarşı məhkəmələrlə, medianın
informasiya əldə etməsindəki çətinliklərlə, reklam bazarı ilə bağlı
problemləri demək mümkün olmadı.
Bir çoxları bu görüşü tənqid etsə də, düşünürəm ki, faydalı
təmaslar idi. Çünki media və bu sektorda çalışanlar daim basqı
altındadırlar. İndiki məqam da tənqidçi medianın ən ağır durumda
olduğu dönəmlərdən biridir. Prezidentlə görüş bu basqıları müəyyən
qədər və müəyyən müddətə də olsa, xəfiflədir. Bu, məsələnin bir
tərəfidir. İkinci cəhət odur ki, media ilə dövlətin zirvəsi
arasında dialoq imkanı yaranır. Prezident də bu görüşü faydalı
saydı. "Deyə bilmərəm ki, tez-tez görüşürük, amma görüşüb
danışırıq" deməsi belə təmasların daha da artacağı ehtimalını və
ümidini yaradır. İki onillikdir, müxalifət iqtidarla dialoq
istəyir. Və zaman-zaman hakimiyyətin çox aşağı səvəyyələri ilə
müxalifət liderlərinin görüşü olub. Adını dialoq qoyub
söhbətləşiblər. Amma Prezident səviyyəsində dialoq hələ ki, yalnız
media rəhbərlərinə nəsib olur. Ona görə də redaktorların Prezident
İlham Əliyevlə görüşünə irad tutanlar Əli Həsənovla və Əli
Əhmədovla görüşlərini xatırlasınlar. Biz siyasətçi deyilik,
hakimiyyət davası aparmırıq. Jurnalistik və hər bir jurnalistin də
ən böyük arzusu ölkəsinin rəhbəri, başqa dövlət adamları ilə şəxsən
görüşüb informasiya almaq, öz düşüncələrini bölüşmək imkanı
qazanmaqdır. Biz də bu görüşdən çox faydalı məlumatlar aldıq. O
məlumatların bir hissəsini həmkarlarım artıq cəmiyyətlə bölüşüb.
Mən də bəzi məlumatlarımı, təəssüratlarımı və qənaətlərimi bölüşmək
istəyirəm.
Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin sammiti
noyabrın 28-29-da Vilnüsdə keçiriləcək. Bu sammit Azərbaycan, eləcə
də, Ukrayna, Gürcüstan, Ermənistan, Belorus və Moldova üçün yeni
geosiyasi qərarlar vermək məqamıdır. Azərbaycan üçün bu ölkələrdən
hər birinin mövqeyi mühüm məna kəsb edir. Bu sammitin bəyannamə
layihəsi artıq açıqlanıb və təfərdaş ölkələrdən bəzilərinə Avropa
perspektivli ölkə statusu vəd olunur. Bunlardan biri də
Azərbaycandır. Veriləcək qərarlar üç hissədən ibarətdir:
Assosiasiya Sazişi (AS), Dərin və Hərtərəfli Azad Ticarət Zonası
Paktı (DHATP) və Viza Sazişi. Buna alternativ olaraq Rusiya
Avrasiya İttifaqı və Avrasiya Vahid İqtisadi Məkanı, Gömrük
İttifaqı təklif edib. Rusiya ilə siyasi ittifaqın ilkin bazası var
– MDB. Eləcə də, bu altı dövlətin hər biri ilə vizasız gediş-gəliş
rejimi də var. Ona görə Moskva MDB üzvü olan 5 dövlətin, eləcə də,
Saakaşvilidən sonra quruma qaytarmaq istədiyi Gürcüstanın Avropa
İttifaqına siyasi, iqtisadi və humanitar inteqrasiyasının qarşısını
almaq üçün bütün mümkün olan və olmayan təsir rıçaqlarını işə
salıb.
Azərbaycanın qərar verməsini çətinləşdirən məqamlardan biri
Ermənistanın Gömrük İttifaqına qoşulması və Ukraynanın da Avropa
İttifaqı ilə AS və DHATP imzalamağa yaxın olması di. Azərbaycan
Prezdenti seçildikdən sonra ilk səfərini Türkiyəyə, sonra isə
Ukraynaya etdi. İki əsas strateji müttəfiqinin mövqeyi onun üçün
önəm daşıyırdı. Azərbaycan hakimiyyəti nə Avropa ilə siyasi və
ticarət sazişlərinə, nə də Rusiyanın Gömrük İttifaqına daxil olmaq
istəyir. Bunu ölkənin müstəqil siyasət kursunun sonu kimi
dəyərləndirir. Bu baxımdan, Türkiyənin dəstəyinə və Ukraynanın
geosiyasi seçiminə çox önəm verir. Onu da deyim ki, Şərq
Tərəfdaşlığı Sammitinin bəyannamə layihəsində dondurulmuş
münaqişələrlə bağlı Azərbaycanı qane edə biləcək heç nə yazılmayıb.
Üstəlik də Rusiyanın danışıqlarda vasitəçi missiyasını faktik
olaraq dondurması, münaqişə yenidən alovlanarsa, Ermənistanın
yanında yer alacağını aşkar deməsi, eləcə də, Ermənistanla hava
hücumundan vahid müdafiə sistemi haqda qərar, Putinin böyük heyətlə
Ermənistana səfərinin hazırlanması, bu ərəfədə Ermənistandakı rus
hərbi bazasına əlavə 3 min hərbi qulluqçu göndərməsi Azərbaycanı
çox narahat edir.
Ona görə də ABŞ-ın patronajlığı ilə Azərbaycan və Ermənistan
prezidentlərinin Vyana görüşünə də durumu zondaj etmək cəhdi kimi
baxıldı – Azərbaycan bilmək istədi ki, Avrointeqrasiyanın xeyrinə
qərar verəcəyi təqdirdə onu münaqişə bölgəsində hansı perspektiv
gözləyir – sülh, müharibə və ya indiki kimi nə sülh, nə müharibə
variantı. İndiki şərtlərlə sülh Azərbaycanın xeyrinə deyil,
müharibə variantında Rusiya və dolayısı ilə İran Ermənistana dəstək
verəcək, Qərb də müharibə istəmir. Ona görə bu dönəmdə nə sülh, nə
müharibə vəziyyətinin davam etməsində maraqlıdır. Bu ərəfədə
Azərbaycanın 5 rayonunun qaytarılması qarşılığında Türkiyə
Ermənistanla sərhədi açmaq təklifini gündəmə qaytardı (Ermənistan
Vyana görüşündə bəlkə mövqeyini yumşalda deyə). Ancaq rəsmi İrəvan
birmənalı olaraq Rusiyanı seçdi. Ukrayna isə öz mövqeyni qəflətən
dəyişib Avrointeqrasiya yolunun ortasında dayandı və Gömrük
İttifaqı ilə bağlı Rusiya ilə danışıqlara qərar verdi. Bu,
Azərbaycanın mövqeyinə yaxındır. Çünki Azərbaycan Aİ ilə yalnız
viza sadələşdirməsinə razıdır ki, bunun analoqu olan sənədi Türkiyə
ilə imzaladı. Demək istədi ki, ən yaxın demokratik müttəfiqim olan
Türkiyədən yalnız iş adamlarının və ictimai xadimlərin viza almaq
sorunu ortadan götürülürsə, daha uzaq müttəfiqlərə bu məsələdə daha
liberal rejim təklif edə bilməz.
Bu arada İranla yaranan sərhəd-keçid gərginliyinin də səbəbi bu
idi – Tehran belə bir sazişin Türkiyə ilə imzalanacağını əvvəlcədən
bildi və Culfada sərhəddə provokasiya törədərək iki sərhəd-keçid
məntəqəsini bağladı. Türkiyə ilə Azərbaycan arasında vizanın tam
ləğvinə imkan verməmək üçün rəsmi Bakını Naxçıvanın blokadası ilə
təhdid etdi. Çünki İran da Azərbaycandan onun vətəndaşlarına
münasibətdə vizanın götürülməsini uzun müddətdir ki, tələb edir.
Azərbaycan isə manevr edərək Ankara ilə sadəcə vizanı yumşaltdı və
bundan sonra İran sərhədi açdı. Amma gərginlik hələ də qalır; İran
özünə qarşı da bu addımı gözlədiyini göstərir və təzyiqi yumşaq
formada sürdürür. Rusiya da xüsusilə, Ukraynanın, eləcə də,
Azərbaycanın və Gürcüstanın Aİ ilə tərəfdaşlıqdan daha dərinə
getməsindən narahatdır – Aİ qərbdən və cənubdan onun sərhədlərinə
daha da yaxınlaşmış olur. Bu ölkələr və ya onlardan ən önəmliləri
Avropanın azad ticarət təklifinə razılıq verərsə, bu da Rusiyanın
geoiqtisadi maraqlarına təhdid kimi dəyərləndirilir.
Odur ki, Ukraynadan və Avstriyadan dönən Azərbaycan prezidenti
Bakıda Belorus prezidentini qəbul etdi. Lukaşenko əslində daha çox
Putinin Bakıya verdiyi sualların cavabı üçün gəlmişdi. Türkiyə
Prezidenti Abdullah Gül hazırda Rusiyanın amansız təzyiqləri
qarşısında qalan İlham Əliyevə "Dövlət Nişanı" verməklə ona ən
yüksək dəstəyini ifadə etdi, arxasında duracağını sərgilədi.
Ukrayna və Azərbaycan prezidentləri isə dövlətlərinin ali
mükafatlarını bir-birinə verdilər – diplomatiya dilindən çevirəndə
bu: "Biz eyni mövqedəyik, bir-birimizi müdafiə edəcəyik"
deməkdir.
Bu məqamda Azərbaycanda Prezident İlham Əliyevə "Jurnalistlərin
dostu" mükafatı verildi və o, ölkəsinin ictimai rəyini idarə edən
Azərbaycan mediası rəhbərləri ilə görüşərək cəmiyyətinin başqa
kəsimlərinə də səsləndi. Məlum məsələdir ki, Avrointeqrasiyanı
strateji kurs kimi seçmiş Azərbaycana ən sərt və ən davamlı təzyiq
Rusiyadan gəlir. Əgər Avropa Azərbaycanın daxilindəki satellitləri
vasitəsilə ictimai təzyiq edirsə, Rusiyada azərbaycanlılara qarşı
sözün gerçək anlamında müharibə aparılır. Orxan Zeynalovun o cür
həbsi və daxili işlər nazirinin qarşısına əl-qolu bağlı əsir kimi
gətirilməsi bu müharibənin elan edilməsi idi. Bu mənada Prezidentin
və bütövlükdə dövlətin Azərbaycan mediasının dəstəyinə önəm verməsi
aydındır. O, müxtəlif siyasi baxışların, ölkənin inkişafına dair
fərqli fikirlərin olmasına rəğmən, hamının ümummilli məsələlərdə
bir mövqedən çıxış etməsini istədi. Media rəhbərləri vasitəsilə bu
istəyini müxalifətə də, başqa kəsimlərə də ünvanladı.
İlham Əliyevin dediklərindən gəldiyim qənaətlər budur:
Azərbaycan mediası xarici KİV-də çıxan və "Azərbaycana qarşı qara
piar" olan tənqidi materialları daxili auditoriyaya çatdırmasın.
Özü tənqid edə bilirsə, tənqid etsin. Eyni zamanda Azərbaycan
jurnalistləri ölkənin idarəçiliyi, ölkədəki durum haqda tənqidi
yazılarla xarici mətbuata çıxmasın, əksinə xarici mətbuatın
yazdıqlarına cavab verməyə çalışsın. Müxalifət və hüquq
müdafiəçiləri ölkədəki problemləri başqa dövlətlərin hakimiyyətləri
ilə deyil, Azərbaycan hakimiyyəti ilə müzakirə etsin. Yəni
Prezident səviyyəsində belə, ola biləcək dialoq təklif edilir. Bu
şərtlə ki Azərbaycanın mediası və ictimai-siyasi qüvvələri xarici
dairələrə apelyasiya etməsin. Bir sözlə, İlham Əliyev xarici
dövlətlərin Azərbaycan müxalifətini və mediasını Azərbaycanın özünə
qarşı silaha çevirməklə, istədiyi vaxt cəmiyyəti qarışdırmasına
qarşıdır və bu yöndə hər kəsi həm təhlükədən xəbərdar etdi, həm də
noyabrın sonunda Avropaya, dekabrın ortasında Rusiyaya veriləcək
cavablardan sonra yaranacaq çətin durumda – hər iki cinahdan olası
ağır pressinq zamanı bütün cəmiyyətin öz dövlətinə birmənalı dəstək
olmasını istəmiş oldu.
Bu görüşə dair kimin hansı fikirdə olmasından asılı olmayaraq,
ölkənin birinci şəxsinin ümummilli məsələ haqda siyasi qərar
verməzdən əvvəl öz mediası ilə, cəmiyyəti ilə məsləhətləşməsi və
dəstək istəməsi yeni, müsbət, maraqlı və hamı üçün faydalı
addımdır. Qocaman jurnalist, Azərbaycan mediasının patriarxı və
canlı əfsanəsi, professor Şirməmməd Hüseynov bu görüşü və İlham
Əliyevin mesajlarını "Prezident dərsi" adlandırdı. Bu ifadə ilə
razılaşıb-razılaşmamaqda hər kəs azaddır.
Bahəddin Həziyev, "Bizim Yol" qəzetinin baş
redaktoru
"Bizim Yol" qəzeti