Jurnalistin nəyi necə yazacağı onun peşəkarlığına, etik
dəyərlərə və hüquqa olan münasibətinə, vicdanına, cəmiyyətə hörmət
edib- etməməsinə bağlıdır. Nəticə etibarı ilə fakta söykənməyən
xəyal məhsulunu "fakt" kimi cəmiyyətə sırımağa cəhd edən
"jurnalist" özünü cəmiyyətin gözündə bir az da aşağı sala bilər.
Jurnalist sayılan şəxs əgər bu yolu seçibsə, bu onun özünün
biləcəyi bir işdir və bunun adı jurnalistika olmur. Lakin bu o
şəxsin seçdiyi həyat yolu ilə bağlıdır və məni çox
ilgiləndirmir.
Lakin mövzu başqalarını qiymətləndirməyə, cəmiyyətə təqdim
etməyə gəldikdə tək yuxarıda sayılan prinsiplər, vicdan, jurnalist
etikası yetməz, gərək hüquqa uyğun davranıb, sadəcə, mövcud, sübut
edə biləcəyiniz faktlardan yazasınız.
Bu gün sizin paylaşdığınız, lakin daha çox sübyektiv xəyal
məhsulu kimi xarakterizə olunan yazınızda məni qiymətləndirərkən
ciddi bir böhtana yol vermisiz. "Юрист Алескер Мамедли,
оппозиционно мыслящий деятель, часто выступающий с критикой в адрес
азербайджанского правительства. Также имеются неопровержимые факты
о его связях с опальной нурсистской группировкой".
Mənim zaman-zaman hüquqi məsələlərdə qanunların tətbiqində və
qanunvericiliyin Konstitusiyaya və Avropa Konvensiyasına uyğunluğu
məsələsində müxtəlif hüquq pozuntuları, yanlış icraatları tənqid
etdiyim doğrudur. Bu tənqid sizin jurnalist kimi həbs olunduğunuz
zaman da olub, bu gün də ola bilər. Açıqlamalarım, hüquqşünas
olaraq doğru gördüyüm məsələdə Konstitusiyanın mənə verdiyi ifadə
azadlığı çərçivəsində fikrimi açıqlamaqdır və bundan çəkinmirəm.
Obyektiv insan olmaq qürurverici bir davranışdır, utanılacaq
davranış deyil. Mən hüquqi aspektdən hadisələri, qanunları, icraatı
qiymətləndirərəkən, tənqidi məqamları göstərməyim heç kimi sizin
qədər narahat etdiyini eşitməmiş, buna görə bir narahatçılıq ifadə
edən görməmişəm.
Amma sizin ikinci və heç bir əsası olmayan iddianız "Hansısa
bədnam nurçu qrupla əlaqə"də məni göstərməyiniz ağ yalandır və
tamamilə sizə məxsus böhtandır. Bunu görmək üçün mənim Türkiyə
yorumlarımı izləməniz yetərli olardı. Yutubda onlarla video
reportajda bunu görə bilərsiniz. Ayrıca, bilirsiniz ki, böhtana
görə Azərbaycan Qanunvericiliyndə həbs nəzərdə tutulur və Siz artıq
bu maddə ilə bir dəfə təqsirli bilinib, həbs olunmusunuz. Odur ki,
həmin abzası dərhal silməniz sizi məsuliyyətdən qurtara bilər.
Qaldı ki, sizin digər iddialarınız, onların da əslində gerçəklə
əlaqəsi olmadığını, xüsusilə bizim fəaliyyətimizlə bağlı iddiaların
əsassız olduğunu məmnuniyyətlə sizinlə müzakirə edib, sənədlərlə,
fəaliyyətlərlə sizə sübut etməyə hazıram. Yetər ki, siz səmimi
olaraq bunu istəyin.
İnsan gərək aldığı, birəni yandırma əmrini icra edirkən bütün
yorğanı yandırmasın. Həmin yorğan bir gün onun özünü də isitmək
üçün lazım olacaq.
Sayğılarımla...