Tənqid azadlığının həddi
Oxucularımızı bu səfər konkret bir cinayət tərkibi ilə tanış
etmək niyyətindəyəm - dövətə xəyanət cinayəti ilə.
Bu yazını bir vətənpərvər, ya da siyasətşünas kimi deyil, sahə
üzrə ekspert kimi hazırlamışam - hər hansı bir şəxsə bəraət
qazandırmaq, ya da onu qaralamaq üçün deyil. Hər halda, bir çox
ictimai fəala maraqlıdır ki, kiminlə, harda, nəyi danışmaq olar,
nəyi olmaz; Hansı pulları qrant kimi almaq olar, hansıları isə
yox.
Cinayət Məcəlləsinin (CM) 274-cü maddəsinin dövlətə xəyanət üçün
verdiyi tərif belədir: "Azərbaycan Respublikasının suverenliyi,
ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə
qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı
tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq,
dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına
qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və
ya onların nümayəndələrinə kömək etmə".
Bu dispozisiya tam aydın deyildir - hüquqda rastlanan haldır.
Hüquqşünaslar buna görə 4 il oxuyur ki, bu cür qeyri-aydınlıqlara
işıq tutsun. Analogiya qadağasını bilirik. Lakin elə əməllər var
ki, bu maddədə sanki görsənmədiyi halda, dövlətə xəyanətdir (şərh
ilə bu nəticəyə gəlirsiniz), ya da ki, bu maddədəki kimi görsənsə
də, həqiqətdə cinayət deyildir.
Qeyd olunmalıdır ki, bu cinayətin ən böyük "düşməni" də ifadə
azadlığıdır. İfadə azadlığı istifadə olunduğu yerdə dövlətə xəyanət
ola bilməz.
Əslində, bu cinayət ikidən çox şəxsi öldürməkdən daha ağır
cinayətdir. Cəzasına baxmayın. Əvvəlcə onu qeyd etməliyik ki, bu,
sadəcə müharibə şəraiti ilə bağlı olmur. Yəni bir düşmən dövlətin,
ya da müharibə şəraitinin olması şərt deyildir. Digər tərəfdən,
dövlətə xəyanət qəsdi cinayətdir, yəni şəxsdə xəyanət niyyəti
(xüsusi qəsd) olmalıdır. Nəyə xəyanət?
Maddə - əməlin yönəldiyi məqsədi belə sadalayır: müstəqillik,
torpaq itkisi, müdafiə qabliyyəti (imkanları). Lakin sırf bu
məqsədlərin olması cinayətin törədilməsi üçün kifayət eləmir. Bu
məqsədlə şəxs ya düşmən tərəfinə keçməlidir (müharibə şəraitində
olur), ya da hər kəsə açıq olmayan və yuxarıdakı maraqlara zərər
vura biləcək məlumatı (dövlət sirri olmaya da bilər, məsələn, bir
şəxsin müəyyən etdiyi məlumat) düşmən tərəfinə ötürür. Cinayət
hüququ nəzəriyyəsində belə cinayətlər "formal tərkibli cinayət"
adlandırılır. Burda maddi bir nəticənin yaranmasına ehtiyac olmur.
Lakin potensial təhlükə törətməsi kifayət edir.
Alman hüquq nəzəriyyəsində bunlara "təhlükə cinayətləri"
deyənlər də var. Əslində sizə çox şeyi demədim. Məsələn, birisi
düşünsə ki, köhnə SSRİ yaxşı idi, onu bərpa etsək, firavan
yaşayarıq, bununla da bağlı gedib Rusiyada TV-də çıxış etsə,
dövlətə xəyanət (müstəqilliyə qarşı əməl) cinayətini törətmiş
olarmı?
Xeyir. Bunun üçün ya iki dövlət arasında müharibə olmalıdır və
həmin şəxs də eyni zamanda TV-dəki çıxışında əsgərlərimizi silahı
yerə qoymağa çağırmalıdır, ya da ki, məsələn, ordumuzun döyüş
qabliyyəti haqqında gizli məlumatları – dövlətin işğal olunması, ya
da zəiflədilməsi məqsədi ilə - ötürməlidir. Ötürülən məlumat məqsəd
baxımından "səbəbli əlaqə" yarada biləcək məlumat olmalıdır; yəni
bu əməllər müstəqilliyi, ərazi bütövlüyünü, müdafiə qabliyyətini
real təhlükə altına qoya bilən məlumat, ya da əməl olmalıdır. Yoxsa
Xocalı canisi haqqında "Allah Köçəryanın canını sağ eləsin" demək,
alçaqca olsa da, cinayət tərkibi yaratmaz. Çukça əsilli bir
vətəndaşımız, "cənub rayonlarımız İranın ərazisinə qatılmalıdır"
fikrini KİV-lərdə bəyan etsə, o, sadəcə olaraq, ifadə azadlığından
sui-istifadə etmiş olar. Lakin İranla xəyali bir müharibə vəziyyəti
olarsa, bu cür danışmaq olmaz, çünki belə çağırış müdafiə və döyüş
qabliyyətinə mənfi təsir göstərə bilər. Habelə bu cür çağırışdan
əlavə o, ölkəmizdə, ya da xaricdə bu məqsəd üçün silahlı dəstəyə
qatılsa, həmin dəstəyə bilərəkdən hər hansı formada dəstək olsa, ya
da hər kəsə əlçatan olmayan məlumatı ötürsə, onda cinayətkar olar
və "satqın" deyərək yaxasından yapışa bilərsiniz.
Maddənin ən "dalğalı" ifadələri bunlardır: "Azərbaycan
Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici
dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə".
Düşmənçilik fəaliyyəti nədir? Məsələn, bir dissidentin
"Azərbaycanda siyasi vəziyyət belə pisdir, dəhşətlidir" deməsi
cinayət tərkibinin yaranmasına səbəb olmaz, bu o insanın tənqid
etmə azadlığıdır; "Azərbaycan Avropa dövləti olmağa layiq deyil,
onu AŞ-dan çıxarmaq lazımdır" demək də cinayət doğurmaz. Hətta daha
ağır və yersiz ittihamlar irəli sürülə də bilər. Məsələn, bir
dissident "Die Welt" jurnalına müsahibəsində desə ki, Qəzzadaki
fələstinlilərin soyqırımını əslində Azərbaycan törədib, bu, yenə də
ifadə azadlığının tərkibində qiymətləndirilməlidir. Lakin ölkəyə
qarşı BMT, ya da başqa qurumun sanksiyalarının tətbiqinə səbəb ola
biləcək məlumatın – yalan, ya da doğru olmasından asılı olmayaraq –
verilməsi (o şərtlə ki, bunlar sanskiyaların tətbiqi, o
sanskiyalarla ölkənin müstəqilliyi, ərazi bütovlüyü və müdafiə
qabliyyətini zəyiflətmə məqsədi ilə deyilsin) cinayət məsuliyyətinə
səbəb olar.
Bu səbəblə Avropa Şurasından çıxarılması məqsədi ilə - ölkədəki
siyasi durum haqqında bəyanat (yalan, ya da doğru) vermək dövlətə
xəyanət olmadığı halda, Azərbaycana embarqo tətbiqi, ya da silah
satışına qadağa qoyulması məqsədi ilə müvafiq məlumatların
yayılması və ötürülməsi dövlətə xəyanətdir. Lakin bir insan
büdcədəki müdafiə xərclərinin azaldılıb, müvafiq pulun səhiyyə
sahəsinə göndərilməsi məqsədi ilə məlumat ötürsə (fərz edin ki, bu
məlumatın verilməsi səbəbi ilə Rusiya Azərbaycana 1 milyardlıq
silah satmadı) dövlətə xəyanət olmaz, ötürülən məlumat dövlət
sirridirsə, CM 284-cü maddəsindəki "dövlət sirrini yayma" cinayəti
törədilmiş olar (şəxs həmin məlumatın dövlət sirri kateqoriyasında
olduğunu bilməlidir).
Yuxarıdakı məqsədlərlə vətəndaşın zorakı əməllərə qarışması,
adətən başqa cinayətə səbəb olar – təxribat cinayəti kimi. Bəzi
əməllər cinayətlərin cəminə də səbəb olar.
Gələk pul almaq məsələsinə. Bu qrant formasında da ola bilər,
başqa adla bank köçürməsi formasında, nağd ödənişlə və ya heç
olmaya bilər də. Lakin pul alınıbsa, bu 274-cü maddədə göstərilən
məqsədlər üçün alınmalıdır və sadalanan maraqlara konkret təhlükə
yaradan əməllərin icrasına başlanmalıdır (hazırlıq hərəkətlərinin
törədilməsi də məsuliyyətə səbəb olar). Amerika kimi liberal bir
dövlətdə Snoudenin vətənə xəyanətlə ittiham olunması – halbuki onun
yaydığı məlumat həqiqi idi və digər dövlətləri də məmnun etmişdi –
onu göstərir ki, ifadə azadlığı ilə dövlətə (vətənə) xəyanət
arasında incə bir çizgi var. Azad insan həqiqəti danışa bilməlidir,
lakin qərəzli olaraq ölkənin həm müdafiə, həm də iqtisadi
qabliyyətinin zəiflədilməsinə obyektiv dərəcədə səbəb ola biləcək
fəaliyyətin həyata keçirilməsi legitim məqsədlər güdmədiyi üçün
ifadə azadlığı daxilində qorunmur.