Cəmi bir il əvvəl Londonun şərqində "müsəlman patrul"lar
peyda olanda Avropa islam dünyası ilə yaşadığı münaqişələrin yeni
forması ilə üz-üzə qaldığının fərqində deyildi.
İndi Almaniyanın Vutterpal şəhərində baş qaldıran "mənəviyyat
keşikçiləri"ni görəndə hər kəs bir həyat nəsihətinin doğruluğuna
yenidən əmin olur: "pis vərdiş yoluxdurucu olur". Kimdir bunlar -
xalq drujinalarının yeni üzvlərinin məqsədi nədən ibarətdir?
Yarasalar gecə aktiv həyata başladığı kimi, hələ ki, yalnız
axşamlar fəaliyyətə keçən və özlərini "şəriət polisi" adlandıran
bir qrup üzümaskalı gənc cəmiyyətdə "qayda-qanun yaratmağa" qərar
verib. Orta əsrlərdəki dini normaları Avropanın mərkəzinə və
xristian dünyasının ortasına daşımağa hazır olan "islam
keşikçiləri" insanları qeyri-əxlaqi həyat tərzindən daşındırmaq
niyyətindədir. Ruhani təmizlik və əxlaq etalonu statusunu harada
qazandıqları bəlli olmayan bu "üzü örtüklü kişilər" qadınların
hicabını onların əllərindən alıb axşamın qaranlığında işıqlı
amallar uğrunda mübarizəyə qalxıblar. "Şəriətçi"lər açıq-saçıq
geyimlərdən, alkoqollu içkilər və qumar oyunlarından, həmçinin
cəmiyyyətdə bunu tirajlayan və ictimai normaya çevirməyə çalışan
vitrinlərdən, reklam lövhələri və ictimai iaşə yerlərindən kəskin
narazı qalaraq özləri sahmanlama tədbirlərinə keçiblər. Budur,
"polis" bir gəncə yaxınlaşıb burada müsəlmanların kompakt
yaşadığını deyərək, onun siqaret çəkməsini və yaxud pivə içməsini
dərhal dayandırmağı tələb edir. Axı tütün və içki müqəddəsliklərə
ziddir və necə yol vermək olar ki, "tüfeyli vərdişlərin
daşıyıcıları" gəlib sənin aulunun mədəni və mənəvi atmosferini
korlasın?
Guya bu əhli-müslümlər öz ölkələrində cənnəti qurub, sonra
gediblər dünyada qayda-qanun yaratmağa. Qarşısında kriminal sifətli
və rəsmi simvolikalı bu bədheybət varlıqları görən alman
vətəndaşları əvvəlcə rəsmi təqdimat tələb etməyə və hüquqi müdafiə
tədbirləri görməyə əl atarkən, "polislər" onların günahlarını
bir-bir sayaraq küçədə məhkəmə təşkil edir və "müttəhimi" yerindəcə
mühakimə edərək, onu öz aləmlərincə haqq yoluna qaytarmağa
çalışırlar.
Hə, hamınızın bildiyi tərbiyə dərsi artıq başlayıb. Doğrudur,
radikal sələfilərin Avropada artan sayı fonunda islamlaşma
tendensiyası orada güclənir. Lakin onlar indi nəinki öz inanclarına
kütləvi tapınmaq mərasimlərini kənara daha qabarıq təqdim etməyə
çalışırlar, eləcə də yerli polisə və bütövlükdə ədliyyə sisteminə
alternativ strukturlar yaratmağa cəhd göstərirlər.
Almaniya Daxili İşlər naziri təbii ki, bu əməllərdən
narahatlığını dilə gətirib, təmsil etdiyi hökumətin adından
bildirib ki, qondarma din mühafizəçilərinin fəaliyyətinə yol
verilməyəcək və onlar cəzalandırılacaq. Cəmiyyətsə belə arxaik
tədbirlərə əl atanları, ümumən şəriət sözünü dilə gətirənləri
həyəcan və "abstarkt təhlükə" kimi qəbul edir. Onsuz da həqiqi
islamın özü ilə ixtilafda olan və onun müqəddəsliyinə şübhə
edənlərin gözləri qarşısında hər gün nümayiş etdirilən "başkəsən
allahu-əkbərçilər" aşkar vahimə saçır. Hələ bu yandan da belə
narıncı libaslı "əxlaqlı cəmiyyət qurucuları"nın adamların başının
üstünü alması Qoca qitənin istənilən köklü sakinində niyə də açıq
qəzəb və nifrət doğurmasın ki? Axı necə ola bilər ki, kimsə
klerikal bir ölkədəki kimi rəsmi dövlət strukturlarını əvəz edərək
onlara necə yaşamağın yolunu öyrədəcək? Buna vahiməli yanaşmayıb
dözüm göstərməyi tələb edənlər zəmanət verə bilərmi ki, indi
diskoteka və barlarda "pozulanları" iman və həqiqət yoluna
qaytarmağa çalışanlar sabah kimisə onların inandığı peyğəmbərə
təzim etmədiyinə görə linç etməyəcəklər? Hələ heç ruh məsələsindən
danışmırıq.
Tutalım ki, ictimai mənəviyyatı aşağılayan cəmiyyət
tör-töküntülərini hamılıqla kənardan müşahidə edib görmək mümkün
olur, bəs günün birində kimisə ONUN TƏK ALLAHINA VƏ RƏSULUNA
şəkkaklıq gətirdiyinə görə "samosuda" əl atanda bu şəriət norması
ilə Avropa İnsan Haqları Konvensiyasını necə uzlaşdıracaqlar?
Etiraf edin ki, oturuşmuş toplumlar üçün bu böyük təhlükədir.
Vaxtilə gənc Adolf Avstriyadan doğma vətəninə keçib kiçik inqilabi
dərnəklər qarşısında öz üsyankar baxışlarını ağzı
köpüklənə-köpüklənə bəyan edəndə, yaxud məlum svastikanı Kayzerin
qəbrini qazanların qarşısında nümayiş etdirəndə heç kəsin ağlına
gəlmirdi ki, bu təsvirlər altında milyonlarla insanın qanı
töküləcək və bəşəriyyət öz inkişaf yolundan on illərlə çıxmış
olacaq. Onda bir binanın çıxışında Hitlerin cılız boynunun
arxasından kimsə linglə bir zərbə endirsəydi, milyonların kürəyi və
boynu arxasından cəllad baltası ilə kəsən, yaxud onları domino
sobalara qalayan cəlladdan da hər kəs xilas olardı. Belədə İkinci
Dünya Müharibəsini törətməyə və nasional-sosializm bəlasını
xalqların beyninə zorla yükləməyə də ehtiyac qalmazdı.
Lakin nə yazıqlar ki, "tarix şərt şəkilçisini sevmir" düsturu
əbədiyyən doğru olaraq yaşayacaqdır. Çinin dahi lideri Maonun
"mədəni inqilabı" da eyni insan cəsədlərinin üstündən adlayıb
keçməli olmuşdu. İndi isə bütün xalqların xünbeyvinlərin - "qırmızı
keşikçilər"in əməllərindən nəticə çıxarmağa geniş imkanları var.
Əsil şəriət qanunlarının isə nədən ibarət olduğunu bilənlər çox
azdır. Onun dünyəvi baxışlarla toqquşması isə qaçılmazdır, ÇÜNKİ
FƏRDİ itaət olunan DİN HƏR KƏS ÜÇÜN KOLLEKTİV ÖHDƏLİK DEYİL, muxtar
və azad ruhi-mənəvi təyinatdır, şəxsi seçim halıdır. Onu
məcburiyyətə çevirəndə adamların daxili mənəvi quruluşu nə qədər
qarışırsa, bir o qədər də millətlərin mental dəyərləri, fərqli
özgürlükləri zərbə altında qalmış olur. Bunun əksini iddia
edənlərin qarşısına dindən sonra gələn ideologiyaların
kütləviləşmək üçün hansı qırğınlara və insan tələfatlarına səbəb
oldulqarını göstərmək kifayətdir.
Əslində, Britaniyada sınaqdan keçməyə çalışmış "şəriət polisi"
sabiq Baş nazir Toni Bleyerin "mədəni müxtəliflik" kursunun
nəticəsində meydana çıxmışdı. Miqrasiyanı iqtisadiyyat və
demoqrafiya üçün yaxşı stimul sayan keçmiş hökumət rəhbəri belə
hesab edirdi ki, mənsub olduğu ingilis milləti köklü tarixi
ənənələrə malik olduğundan istənilən kənar xalqların kütləvi
axınından, hətta mağara təfəkkürü ilə 21-ci əsrə adlamış insanların
köçündən narahat olmamalı, əksinə, geriqalmış toplumları ram edib
öz içərisində əridərək, onların fiziki və əmək ehtiyatlarından
Britaniyanın quruculuğunda istifadə etməlidirlər. Bleyer bir də
onda ayıldı ki, kompakt yaşayaraq assimilyasiyadan özünü qoruyan və
bununla məhdudlaşmayıb o dəyərləri titullu xalqlara öyrətməyə
çalışan xeyli avtonom ərazilər qazanıb. "Müsəlman məhəlləsi" də
belə meydana çıxmışdı. Oradakı adamlar nəinki avropalaşmamışdı,
hələ üstəlik, yerli sakinləri də onların dünyasına müdaxilə
etməkdən çəkindirmək üçün müxtəlif müqavimət cəbhələri və
özünüqoruma mexanizmləri yaratmışdılar. Məsələn, London polisi
yaxşı bilirdi ki, o ərazilərdə baş verən hər hansı kriminal
hadisənin açılması üçün hər kəsi sorğudan keçirməyə ehtiyac yoxdur.
Yetər ki, sən həmin qrupların mənəvi, elə həm də fiziki
avtoritetlərini tapıb danışdıra biləsən. Lakin bir şərtlə: onların
libaslarına, zahiri atributlarına və hətta qeyri-mədəni dəyərlərinə
hörmətlə yanaşmalısan!
Bleyer bununla da Avropaya köçmüş və orada Yəmən, Suriya,
Əlcəzair, yaxud Misir qurmuş insan qruplarının mədəni
inteqarsiyadan nə qədər uzaq olduğunu görəndə isə artıq gec idi.
Əslində üsəmalar belə məhəllələrin içindən çıxırdı. Onlar
qərblilərin azad cəmiyyət modelini həzm edə bilmirdilər. Hətta ən
mötədil və ingilisləri tərbiyələndirməkdən özünü kənarda saxlayan
məhəllələrdə sorğu aparılanda hökumət şahid olmuşdu ki, onların
içində və mənəvi dünyasında da "cihada pərəstiş" hissi yüksək
olaraq qalır. Yəni, azad cəmiyyətlərin içərisində guya sosiallaşan
və beynəlmilləlləşən müsəlmanlar ən sonda dini, yaxud milli
"mən"lərini unutmurlar. Lakin bir həqiqət danılmaz olaraq qalır:
mənəviyyata polislik etmək istəyərkən sən inkvizisiya məhkəmlərinə
və tonqallarına əl atmış olacaqsan. Çünki yaşam tərzi ilk növbədə
ruhi seçimdir və sən şəriət qanunu çıxararkən millətləri deyil, hər
bir fərdi qarşında görəcəksən. Bu isə əbədi müharibə deməkdir.
Almaniyada üzünü bağlayıb "ağıllandırmaq" istədiyi adamı tənbeh
edənlə İraqın səhrasında guya Allahın qara bayrağını və Kalaşnikov
avtomatlarını göylərə qaldırıb Quran ayələrini söyləyərək ayaqları
altına kəsdikləri iki başı dünyaya nümayiş etdirən cahillər eyni
admlardır və onlar fərqində deyillər ki, kafirlər, yaxud
inanmayanlara qarşı mübarizəni müqəddəs peyğəmbərimizin adından
belə aparmaq dünyəvi cinayətdir. İslamın həqiqi elçisinin hədəfi
ayrı beyinlər idi. Qəlbləri fəth edə bilməyənlərin, insanların şüur
və ruhi dünyasından uzaq olanların ya şəriət polisi, ya da İŞİD
adlanmasının heç bir fərqi yoxdur. Onlar üzlərini nə qədər
bağlasalar da, allahsız əməllərinin üstü açıqdır!