Araşdırma universitetləri
Təhsilin inkişafı üzrə Dövlət strategiyasının təsdiq olunması
ali təhsildə keyfiyyətcə yeni dövrün başladığını ifadə edir.
Bu da universitetlərin təkcə tədris mərkəzli fünksiyasını deyil,
tədqiqat-innovasiya bazisini də müəyyənləşdirir. Yəni elmi
araşdırmaların universitetlərə gəlməsi innovasiyanın da üfüqlərini
genişləndirəcək. Bu həm də yeni araşdırma universiteti konsepti
deməkdir.
Bugün dünyanın, eləcə də ölkəmizin araşdırma universitetlərinə
daha çox ehtiyacı var. XIX əsrin sonlarından başda ABŞ olmaqla elmi
tədqiqat, araşdırma istiqamətində yeni universitetlər yaranmağa
başladı. Bu proses o qədər geniş yayılmağa başladı ki, hətta
1869-1909-cu illərdə Harvard Universitetinin rektoru olmuş Çarlz
Eliot əvvəllər universitetin "tədqiqatçılıq imperativi" olmağının
əleyhinə olsa da, sonralar Harvardın ABŞ-ın ilk araşdırma
universiteti sayılan Con Hopkinsə transfer olunan professorları
gördükdə bu fikrindən vaz keçməyə başladı. Bu araşdırma
universitetləri cəmiyyətin qarşısında duran yeni çağırış və
vəzifələrin nədən ibarət olduğunu dəyərləndirmək üçün çox iddialı
idi. Diplomdan sonrakı təhsil universitet anlayışının yeni dərketmə
fazasına qədəm qoyduğundan xəbər verirdi. Doğrudur, hələ XIX əsrin
ortalarında Qərbi Avropada elmin yeni funksiyası bu əsrin
əvvəllərində meydana gəlmiş ali təhsilin milli sistemləri ilə
çulğalaşmışdı.
Araşdırma universitetlərinin ilkin modellərini Qərbi Avropadan
mənimsəyən amerikanlardan fərqli olaraq Avropa universitetlərinin
tədqiqat mühiti cəmiyyəti düşündürən konsepsiyaların alt zəminini
yaratmaqda üzərinə düşən vəzifələrinin öhdəsindən bacarıqla gələ
bilmədi. Onlar çoxsaylı improvizə ilə inkişaf edirdi ki, bu da
universitetin "yeni araşdırma missiyasına" tamlıqda ekvivalent
deyildi. Ancaq Avropa təcrübəsindən fərqli olaraq, bu dövrdə
diplomdan sonrakı təhsildə ABŞ-da geniş yayılmış akademik mühit var
idi. Bəs, ABŞ tədqiqat universitetləri necə inkişaf edirdi? Bu
baxımdan Birləşmiş Ştatlar ali təhsili Avropadan xeyli yeniliklər
əxz edib. Hələ 1776-cı ilə qədər Amerika koloniyaları kilsələr üçün
ruhani hazırlayan doqquz kollecə sahib idi. Bircə Pensilvaniya
Universitetinin sələfi olan Franklin Akademiyası mövcud idi.
Qısa müddətdən sonra passionar amerikalılar universitet
düşüncəsi ilə genişmiqyaslı quruculuq işlərinə başladı. Təhsil
almaq, innovativ mühitə sahib olmaq üçün gənc amerikalılar dünyanın
o dövr üçün ən inkişaf etmiş qitəsi Avropaya gedərək, ən yaxşı
örnəkləri öz ölkələrinə gətirməyə və tətbiq etməyə müvəffəq oldu.
Xüsusilə, yeni qurulan Amerika dövləti üçün körpülərin tikilməsi,
yolların çəkilməsi, dağ-mədən sənayesində ixtisaslı mühəndis
kadrlarına böyük ehtiyac var idi.
Bu məqsədlə amerikalılar Fransanın Ecole Polytechnique
təcrübəsini yaradıcılıqla mənimsəyərək tətbiq etdi. Amerikanın
tədqiqat universitetləri XIX əsrin sonlarında alman modelində
inkişaf edirdi. Bu mühitin nüvəsində yeni tədqiqat
universitetlərinin yaranması ilə elmi kitabxana, laboratoriya və
akademik jurnalların da əsası qoyuldu. Bu məktəblərin yaranması
nəticəsində amerikalılar artıq xüsusi tədqiqat üçün xaricə
getməməli idi.
1876-cı ildə yaranan birinci Amerika tədqiqat universiteti olan
Con Hopkins elmi innovasiyaların nüvəsini təşkil edirdi. İş
adamlarının ianəsi ilə qurulan Con Hopkinsi Avropanın eyniadlı
qurumlarından fərqləndirən fakültələrə daha çox səlahiyyət
verilməsi və akademik azadlıq mühitinin yaradılması ideyası idi.
Beləliklə, yeni millətin (dövlətin) əsas mədəni dəyərləri onun
tədqiqat yönümlü universitet təşkilatlarını formalaşdırdı.
Cəsarət Valehov
Təhsil Nazirliyinin mətbuat katibi