Yuxarı

Azərbaycanda "mənəvi islahat" nə zaman başlayacaq?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar dövlət orqanlarında həyata keçirilən islahatları cəmiyyət olaraq maraqla izləyirik. Bəli, sadəcə izləməklə məşğuluq, başqa heç nə! Bütün islahatlar bizim iradəmizlə deyil, toplum olaraq bunlara hazır deyilik. Niyə?

Çünki polisimiz, məhkəməmiz, həkimimiz, müəllimimiz... fərd olaraq özündə islahata başlamayıb. Ümumiyyətlə, xalqda mənəvi islahat getməyib. Təfəkkür dəyişməlidir, mənəviyyat islah olunmalıdır.

Əksər direktorlar məktəbi kriminal avtoritet, mafiya təfəkkürü ilə idarə edir. Mən indiyə kimi öz şəxsiyyəti, insanlığı, pedaqoqluğu ilə öyünüləsi direktor, əlbəttə ki görmüşəm, ancaq barmaqlarımın sayından az. Ancaq görkəmi, siması, davranışı, mədəniyyəti ilə dana otarmağa belə layiq olmayan direktorların sayı-hesabı yoxdur...

İslahatlar aparılır, məktəblər tikilir – görürük. Direktorların seçimi də dəyişib, imtahanladır, savadladır! Elə dərd də ondadır ki, təkcə savadladır. Direktor isə qabiliyyətlə, qanacaqla, təşkilati bacarıqla, peşəkarlıqla, insanlıqla, adam balası adam olmaqla ölçülüb-qiymətləndirilməlidir.

Bu isə hardan başlayır – ailədən, cəmiyyətdən, ictimai münasibətlərdən. Avtobusa, metroya hələ də minib-düşə bilməyən, bir-birinə qarşı sayğısız, ədalətsiz münasibəti ilə öyünən toplum “adam balası adamlar” yetişdirə bilər ki?

***

Təzəlikcə yüzlərlə xəstəxana nazirlikdən alınıb, yeni yaradılmış TƏBİB-in tabeliyinə veriləcək. Bəs sizcə, bu islahat səhiyyəmizin dərdinə təbib olacaqmı? Çətin məsələdir.

Çünki TƏBİB-in tabeliyinə keçənlər də dünənə qədər SN-nin tabeliyində işləyən həmən həkimlərdir – TƏBİB öz sıralarına bir günün içində Aydan, Marsdan həkim doldurmadı ki?!

Bu həkimlərin böyük əksəriyyəti haqda təsəvvürümüz nədən ibarətdir: apteklə əlbir olub, xəstəyə bahalı firma dərmanlarını yazanlar, bəzən bir dərmanın bir neçə versiyasını təyin etməklə xəstənin pulunu yemək üçün canını zəhərləyənlər, əməliyyata ehtiyac olmadığı təqdirdə pul qoparmaq üçün camaatın balasını yaranlar...

Təbii, söhbət bütün həkimlərimizdən getmir. Vicdanlı, namuslu, peşəkar həkimlərimiz də var. Ancaq onlar səhiyyəmizi xilas edəcək saydadırlarmı?

***

Xalqın gələcəyinin formalaşmasında rolu olan bu strukturların nümayəndələri arasında “zay məhsullar” azalmaq əvəzinə artır. Çünki toplum olaraq dəyişmirik: həkimimiz pula görə qardaşımızın-bacımızın canını alır, sürücümüz təcili yardım maşınına yol vermir; universitetlərimizdə alimimiz, ziyalımız fərd yetişdirmək əvəzinə semestrdə tələbələri rüşvətə öyrətməklə məşğul olur, oxumaq-öyrənmək üçün yox, diplom almaq üçün ali məktəbə giririk, küçədə siqareti çəkib vızıllatmaqdan həzz alırıq, yol gedəndə qışqırıb-bağırmaqla ətrafımızdakı anamızı-bacımızı narahat etməkdən əsla utanıb yerə girmirik, piyada zolağından yolu keçəndə bulvarda başmaqseyrinə çıxdığımızı zənn edirik, metroya minəndə düşənlərə gücümüz çatan qədər mane olmağa çalışırıq...

Sonra da durub siyasi, iqtisadi, sosial islahatların daha da sürətlənməsini istəyirik.

Halbuki bizə mənəvi islahat lazımdır, özümüzü, təfəkkürümüzü, davranışımızı, ictimai əxlaqımızı, ailə münasibətlərimizi dəyişməsək, yüz TƏBİB də gəlsə, sağalmayacağıq.

Tarix
2019.04.23 / 16:41
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Ağdərədə nələr baş verir? - Video

Ermənilərin başına bir milyard pul qoyduğu Pəncəli... - Video

Ramiz Rövşən: Əlimdən qan iyi gəlir...

Tarix: İmperiya idarə edən azərbaycanlı Aristotel - Video

Ölkəmizdə təhlükəli virus tapıldı: CONTEXT-21

Tarixi şans yarandı: Yeni səfərbərlik olmalıdır!

Azərbaycan xalqı yeni müharibəyə başlasın!

Laçınla 29 ildən sonra ölkəmiz üçün ilk yaşandı

Ermənilərin Qarabağdan apardığı qapı...

Ermənilər Ağdamda bu qalanı niyə dağıtmayıb? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla