Qara dəniz hövzəsinə daxil olan ölkələrin parlament
məclislərinin birində iri gövdəsi və oliqarx ədası ilə diqqəti cəlb
edən Areq Qukasyanın geniş ixtiyar sahibi olduğunu görəndə
təəccübümü gizlədə bilməmişdim. Məgər, o da Gülbekyan kimi iri neft
maqnatlarının daxil olduğu kortelin üzvüdür, yoxsa, yeni erməni
milyonçuları nəslinin aparıcı nümayəndələri əski babalarından
fərqli daha qeyri-adi varlanmaq yolu seçiblər?
Qanunverici orqanın təmsilçisinin geniş biznes şəbəkəsinə
maneçilik törədilməməsi ehtimal etməyə əsas verirdi ki, Areq
"yuxarılar"ın adamıdır və onun qoruyucu zirehini təşkil edənlər
dövlətin üstündə oturublar. Bəli, indi də Ermənistanda bir çox
müəssisəyə, o cümlədən, xalqın duz ehtiyaclarını ödəyən mədənlərə
nəzarət edən şəxs o vaxtlar Dağlıq Qarabağın "prezidenti" kimi
təqdim olunan Arkadi Qukasyanın qardaşıdır.
Deməli, Azərbaycan əleyhinə aparılmış müharibənin qalibləri
təkcə ağır döyüşlərin itki və məhrumiyyətlərini deyil, bəhrəsini də
görməyi haqq ediblər və bir kimsənin buna müqavimət göstərməyə
ixtiyarı yoxdur. Ona görə hakimiyyətə daşınaraq bütün iqtisadi
sərvətlər üzərində hökmranlıq qazanan "Qarabağ klanı" bir millətin
nail olmaq istədiyi sosial ədalətin qarşısını alır, eləcə də siyasi
azadlıqların gerçəkləməsində başlıca maneəyə çevrilirdi. Lakin
Qərbin beyin mərkəzləri və təhlil institutları hər vəchlə Qarabağı
Cənubi Qafqazın demokratiya simvolu kimi təqdim edəndə, düşünürsən
ki, bəlkə hüquqi dövlət qurmağı Avropa standarları ilə deyil,
Xankəndindəki düzənlə ölçmək və onlardan öyrənmək lazımdır?
Zamanında Amerikanın Vyetnama hərbi girişini alqışlayan "Fredoom
House" təşklitanın növbəti illik hesabatı heç də imtahandan
kəsilmiş ölkələrin siyahısını müəyyənləşdirmək baxımından deyil,
ilk növbədə, tanınmamış respublikalara legitimlik vermək niyyətinə
görə bizlər üçün əhəmiyyət daşımalıdır. Kimsə münsiflərin hələ də
sovet basmaqəlibindən çıxmadığını, soyuq müharibə dövrünün ideoloji
rəqabət abu-havasının hələ də yaşadığını yada salıb,
qiymətləndiriciləri qərəzdə suçlaya və haqlı da ola bilər. Üstəlik,
milli dövlətlərin xarici siyasət silahı kimi təkcə ordu
birləşmələrinə, yaxud iqtisadi resurslara deyil, 3-cü sektorun uzun
əllərinə arxalanması diplomatiyanın tanınan qaydasıdır. Ona görə,
Qarabağın - arabanın atdan qabağa keçirilməsinin səbəblərini başa
düşmək bütün başqa suallardan daha əhəmiyyətlidir.
Məsələyə hökmlə yanaşan politoloji fikir sahiblərimizin
mövqeyini bir kənara qoyaq. Yəni, deyəndə ki, vaxtilə səhra
komandirləri kimi ərazi işğallarında rol oynamısan, itaətsizlik
göstərdiyin ölkənin məhkəmlərində əleyhinə açılmış cinayət işləri
var və buna görə sizlər uğrunda mübarizə apardığınız xalqa həqiqi
müstəqillik və azadlıq gətirə bilməzsiniz, onda kimsə qədim tarixə
baş vurub bunun əksini sübut edən onlarla arqument irəli sürə
bilər. Məgər, Sezarın hərbi qələbələri romalılar üzərində təkbaşına
hökmranlığa imkan verirdi, yaxud Senat qalib sərkərdəni mühakimə
etməkdən qorxub-çəkinirdi? Yaxud, elə yaxın keçmişdə korsikalı
zabit Napoleonun qurduğu imperiya qırmızı terrora keçəndə insanlar
ondan asanlıqla üz döndərmədilərmi?
Elə isə Qarabağda demokratiyanın köklü əsasları nəyə bağlıdır -
bir xalqın dərin tarixi ədalət hissinə, yoxsa alban çarlarının
idarəçilik barəsində yazıb qoyduğu məxəzlərə?
1988-ci ildə Mixail Qorbaçova müraciət edən Dağlıq Qarabağ
vilayətinin deputatları Şura hökumətinin bütün ittifaq miqyasında
qurduğu xalq hakimiyyətinin kiçik bir həlqəsi idi və indi kimsə
onlardan azadlıq mücahidləri düzəltməyə çalışsa da, gerçəkliyi
dəyişə bilməz. Doğrudur, aşkara çıxan Qərb diplomatik
yazışmalarında həmin üsyankar "Məclis"i hüquqi yolla Qarabağı
Azərbaycandan qoparmaq istəyən "demokratik hərəkat" adlandıranlar
da var, lakin fəhlə-kəndli quruluşu kimi ad çıxarmış bir rejimdə
fərdi qəhrəmanlıqlar heç nəyi dəyişmirdi və dissidentlik hər halda
bir millətin işi deyildi.
Azərbaycanla müharibədən çıxmış Qarabağda hakimiyyət orqanlarını
təsis etmək məsələsi ortaya çıxanda Ermənistan bütün Avropanı bura
töküb demokratik seçkilər keçirməyə yox, ilk növbədə, qaliblər üçün
taxt-tac düzəltməyə başlamışdı. Çünki başqa variant daxili
qarşıdırma, qənimətin bölgüsü üstündə əsil ölüm-dirim savaşı demək
olardı. Hər halda real situasiyaya nəzarət edənlərin hamısının
silahlı olduğunu unutmaq olmazdı. Düşmənə - azərbaycanlılara qarşı
birləşmək, yaxud təhlükəsizliyini birgə qorumaq amili də burada rol
oynayırdı, amma didişmələri bir kənara qoyub özünə seçki yolu ilə
rəhbər müəyyənləşdirmək həyati məsələ deyildi.
Lakin separatçıların ilk lideri Robert Köçaryanın iddiaları
tanınmamış bir respublikaya sığmadığından o, cefersonluq edib
Konstitusiya yazmağa və hüquq sistemini yaratmağa heç səy
göstərmədi də. Guya fransız mütəfəkkirlərinin dünyaya bəxş etdiyi
üç hakimiyyət qolu prinsipini Qarabağda tətbiq etməsələr nə
olacaqdı ki? Onsuz da birinci vəzifə rusların köməyi ilə qazanılmış
savaş nəticələrini qoruyub saxlamaqdır, elə isə demokratik
mübarizə, seçkilər, söz və mətbuat azadlğının bərqərar edilməsini
müəyyən müddətə təxirə salmaq da olar.
Qarabağın siyasi gələcəyini düşünənlərin Dnestryanı
respublikadan fərqli olaraq Ermənistan kimi himayəçisi olduğundan,
Köçaryan mübarizə yoldaşı və hamısı Levon Ter-Petrosyanı - erməni
seyidini kreslosundan devirəndə nəhayət, Qarabağda hərbi
qruplaşmalar içərisindən varis tapmaq mühüm vəzifəyə çevrildi. Bəs
kimə üstünlük verəsən - axı xalqa seçim imkanı yaratsan, onda gərək
səngəri boşaldıb bütün iddiaçılara deyəsən ki, get özünü qoru və
həm də millətini qırılmaqdan xilas elə. Koçaryan Potyomkinin yolu
ilə gedib həm İrəvandakı qüvvələrin, həm də doğulduğu kəndin
mənafelərinə cavab verən Arkadi Qukasyanı özünə varis təyin elədi.
Artıq feodal satrapı kimi arxa bağçadan arxayın olmaq olardı.
Keçmiş sovet komsomolu vaxtında tədbir görüb heç bir xəfiyyə
təcrübəsi olmayan Arkadini təhlükəsilik xidmətinin rəhbəri
qoymuşdu. Beləliklə, bütün yumurtaları bir səbətə yığmaq artıq
mexaniki məsələyə çevrildi.
Hamını razı salan formul tapılmışdı - bir tərəfdən yerli
iqtisadi-maliyyə qrupları üçün yeni namizəd heç bir təhlükə
törətmir, o biri yandan beynəlxalq aləmə də təqdim edəndə 2-ci
prezidenti sovet çekisti kimi qələmə verməyə heç kəsin əlində bir
əsas yoxdur. Təkcə qalır müdafiə naziri Samvel Babayanın
iddialarını neytrallaşdırmaq, bunu da qarşıdakı dövrdə "çevrilişə
cəhd" cinayətinə sürükləyib sıradan çıxarmaq olar.
Ona görə Azərbaycanın bütün etirzalarına, BMT, ATƏT və Avropa
Şurasının narazılığına baxmarayaq, Qarabağda silahsız və qansız
hakimiyyət dəyişikliyinə nail oldular. Saxta namizədlərin hamısı
nəticələri tanıdı və seçkiləri yeganə legitim mübarizə vasitəsi
kimi qəbul etdi. Sonra prezidentə atılan güllələri aktlaşdırıb və
sui-qəsd səhnəsini qurub S.Babayana dedilər ki, "qəhrəmanlığına
görə sağ ol, amma dövlət işi sənlik deyil!"
Qukasyanın on illik idarəçiliyi elan etdiyi seçki platformasına
uyğun MDB-2-nin üzvü kimi beynəlxalq arenaya çıxmağa yönəldi.
Amerikada, Rusiyada, Fransada açılan ticari nümayəndəlikləri
səfirlik kimi qələmə verməklə Qarabağa dövlət atributları
qazandırmağa çalışdılar. Həmçinin yerli özünüidarə orqanları və 33
nəfərlik parlament əsil Avropa demokratiyasının burada zühur
etdiyindən xəbər verirdi. Xaricdə lobbiçilik edən muzdlu əcnəbi
parlamentarilər ciddi cəhdlə Qarabağı "demokratiyanın mayakı" kimi
vəsf etməyə başlamışdılar.
Məsələn, Avropa Birliyi-Emənistan dostluq qrupunun rəhbəri Eleni
Teoxarus fəxarətlə onun iki vətəni-Yunanıstan və Artsaxdan, Qarabağ
xalqının azad iradəsindən danışaraq həmkarlarını "demokratik
zirvələr fəth edən bir milləti müdafiə etməyə" səsləyirdi. Onun
fransalı silahdaşı doğulduğu Marsel şəhərini Ermənistanın "2-ci
paytaxtı" adlandıraraq Artsaxın öz müqəddəratını məhz avropalıların
minilllik mədəni və siyasi dəyərlərinə arxalanaraq elan etdiklərini
deyirdi. Onda hesabla Xankəndi 3-cü erməni mərkəzi olmalıydı.
Əsil "absurd teatrı" sayıla bilərdi. Ermənistanda sürətlə gedən
iqtisadi deqradasiya və sosial böhran fonunda Qarabağın
göstəricəlirini il-ildən yaxşılaşdırmaqda davam edirdilər. Ölkənin
rəsmi statistik məlumatlarında yer alan demoqrafik ölüm və ildə
90-mini aşan emmiqrasiya fonunda dünyanı inandırmağa çalışırdılar
ki, 2-ci erməni dövlətində vəziyyət tamamilə fərqlidir. Ona görə də
çiçəklənən demokratiya atmosferində 2007-ci ildə Arkadi Qukasyanı
stajlı daş ustası və çilingər-mexanik Bako Saakyanla əvəz
etdilər.
130-dan artıq beynəlxalq müşahidəçi Qarabağın baş kəndində,
eləcə də ucqarlarda-Kəlbəcərdə yenicə təmirdən çıxmış qızıl
mədəninin binasında 80 min seçicinin fəal şəkildə, iradələrinə heç
bir basqı olmadan seçimlərini etdiklərinə dair böyük raportlar
tərtib etdilər. Demokratik rəqabətin zirvəsi isə rəqib namizəd
Vitali Balasanyana 32 faizlik nəticə yazılması idi. Seçki
memarlarının qurduğu demokratiya fasadına, suveren bir xalqın malik
olduğu torpaqlar üzərində milli iradəsini təyin etməsinə Rus
Dumasının üzvü Konstantin Zatulin daxil, onlarla ölkədən xeyir-dua
verənlər vardı. Ona görə qarabağlı ermənilər ən azı Rusiyanı başa
düşə bilmir ki, Krımın müstəqillik refendumunu tanıyıb ona
qanunilik donu geyindirən Putin iqtidarı nədən Qarabağ xalqının
iradəsini qəbul etmək istəmir?
Onların məntiqinə görə, Azərbaycanda insan haqları pozulursa,
hüquq müdafiəçiləri həbsə məruz qalırsa, onda dünya Qarabağın
müstəqilliyini niyə tanımaq istəmir? Axı norveçlilərdən,
isveçlilərdən fərqli olaraq ermənilər Xankəndində qrad qurğularının
əhatəsində və hər gün cəbhədə savaş verərək, demokratik ənənələrə
və Qərb dəyərlərinə sədaqətlərini göstərərək, yeni cəmiyyət
qururlar. Günün birində Qarabağın komplementar xarici siyasət
kursundan, hətta Avropa Birliyinə üzvlüyə can atmasından danışmaq
üçün tam siyasi zəmin hazırlanır. Bax, tələb etdikləri nədir, 9
ildir Konstutisiya var, məhkəmə və prokurorluq orqanları mövcuddur,
on partiya rəsmi olaraq qeydiyyatdan keçib və qarışıq sistemlə
bərabər hüquqlu formada xalqı təşkilatlandırır, maarifləndirir və
açıq siyasi mübarizə aparırsa, burada beynəlxalq kriteriyaların
hansının pozulmasından danışmaq olar? Hələ üstəlik də iki
azərbaycanlı girova apelyasiya şikayəti hüququ verilib, vəkillə
təmin olunubsa, dünya demokratik Qarabağa sahiblənmək istəyən
Azərbaycan xalqını və dövlətini niyə mühakimə eləmir?
Burada hakimiyyətdə olanlar "yorulan gözətçilər" deyil, ömürlük
seçilməyiblər, öləndə vəzifədən gedən bolşevik rəhbərlərin nümunəsi
keçmir, onda nə mübahisəyə, nə də müharibəyə yer qalır. Beləliklə,
"Azərbaycan Qarabağın malik olduğu standartlardan daha yüksəyini
onlara verə bilmir" fikrini dünyanın hakim nəzərinə çatdırmaq üçün
erməni ideoloqları və sərhədsiz reportyorlar, sərhədsiz çilingərlər
və digərləri bir səngərdə çalışmaqda davam edirlər.
Əlbəttə, əhali kütləvi olaraq meydanlara siyasi tələblərlə
çıxmır, yalnız bir etnik toplumun içərisində birlik var, onda buna
kimin nə sözü ola bilər? 182 milyonluq büdcə ilə qurulan hüquqi
dövlət və demokratiya səltənəti erməni lidelərinin rəyinə görə,
bundan artıq ola bilməz . Qoy, Amerika, Avropa Qarabağa maliyyə
yardımını artırsın ,onda görərlər Qərbdə funksiyalanan
parlamentarizm ənənələrini qədim bir diyara necə gətirirlər?
Bax elə bu məntiqlə də "Fredoom Hous"un yönəldiciləri
Azərbaycandan kəsib Qarabağa yamayırlar. Çünki beynəlxalq
tanınmanın yolu bundan keçir. Legtimlik qazanmaq üçün mütləq
hesabatlarda və reytinq cədvəllərində öndə olmalısan.
Elə Azərbaycanın daxili qüvvələrindən də belə düşünənlər
var-yəni, hakimiyyəti qeyri-qanuni adlandırıb erməni mübarizəsinə,
az qala işğala haqq qazandırmağa çalşırlar. Ən adi tənqidə tab
gətirməyən qeyri-siyasi mövqedir. Yəqin, basklar İspaniyadan,
şotlandlar Britaniyadan həmin ölkələrdəki rejimlərin
qeyri-demokratik olduğuna görə ayrılıb azad olmaq istəyirlər.
Dünyada belə bir presedent yoxdur ki, bir dövləti azadlıq
indeksinə görə aşağı yerə qoyub onun torpaqlarının işğalına bəraət
qazandırasan. Sonra da separatizmin vüsət almasına təsir göstərən
ideya-siyasi şərtlərin axtarışına çıxasan.Əgər Qarabağ rejimi
demokratikdirsə, onda Krımı, Luqanskı, Donetski niyə
tanımırsız?
Bir gün Qarabağı Azərbaycan və Ermənistan üçün Honqkonqa
çevirsələr, təəccüblənməyin! Çin adlı müasir nəhəngin ən zəif yeri
- "Axilles dabanı" Honkonq!