(Sakarya
havasıyla)
Təpələr üstündə, meşələr arasında, Sapanca gölünə doğru
enən yamaclarda biri-birindən gözəl binalarıyla ayrıca bir şəhərə
çevrilmiş Sakarya Universitetini gəzərkən özümdən asılı olmadan
Nəcib Fazil Qısakürəyin gənclik illərindən hafizəmizə həkk olunmuş
misralarını dodaqaltı pıçıldayır və sözün möcüzəsi haqqında
düşünürdüm.
Misralarin hər birində su hərəkətliliyindən fərqli bir mərmər
cilası və ağırlığı var:
İnsan bu, su misali,
kıvrım-kıvrım akar ya,
Bir yanda akan benim,
öbür yanda Sakarya!
Su enər yokuşlardan,
hep basamak-basamak,
Bənimsə alın yazım –
yokuşlarda susamak!
Hər şey akar: su, tarih,
yıldız, insan və fikir,
Oluklar cift, birindən nur akar,
birindən kir!
...Rəbbim istərsə sular
büklüm-büklüm burulur,
Sırtına Sakaryanın
Türk tarixi vurulur!
Neredə kardeşlərin,
comərd Nil, yaşıl Tuna,
Gedən şanlı akınçı
nə gün dönər yurduna?
Türk millətinin üzləşdiyi haqsızlıqların acılarıyla dolu olan
şeirdə eyni zamanda şərəfli türk tarixindən gələn qüruru da
duyuruq. Əslində, bir çaya deyil, bir millətə müraciət kimi, "ayağa
qalx, Sakarya!" deyə hayqıran bu şeir müəllifinin millətin
yaddaşında və milli ədəbiyyat tarixində əbədi yaşayacağına
təminatıdır. Rəhmətlik Elçibəyin də bu şeiri çox sevdiyini
xatırlayıram. Təəssüf, ömür də Sakarya suları kimi dayanmadan tez
axıb keçir...
Sapanca gölü nəhəng bir güzgü kimi univeriseti və qarşı
sahildəki qarlı dağ silsiləsini əks etdirir. Ötən yaz quraqlıqdı və
göl sahillərini tərk edib çəkilmiş, balacalaşmışdı. Hamı gölün
tezliklə quruyacağı qorxusu içındəydi. Bu qış bütün qorxuları selə
verib axıtdı. Göl yatağına sığmır və sahillərini yuyub böyüməklə
məşğuldur. Birdən yadıma düşür ki, bu gün həm də Su
çərşənbəsidir...
Sakarya Universitetində keçirilən "Azərbaycanda erməni
vəhşətləri və Xocalı soyqırımı" simpoziumuna dəvət edilmişik.
Azərbaycanın İstanbul baş konsulu, dəyərli diplomat Həsən
Zeynalovun işi başdan aşır bu günlərdə. Hər gün neçə görüşə
çatmalıdır. Buna görə də simpoziuma İstanbul konsulu Seymur İlyaslı
ilə gəlmişik.
Seymur ziyalı ailəsindən çıxıb, bir neçə ali məktəb bitirmişdir,
Azərbaycanın Moskvadakı böyük elçiliyində çalışıb, İstanbula cəmi
bir neçə aydir gəlib. Belə istedadlı, öz xalqının tarixini,
mədəniyyətini yaxşı bilən, dünyada gedən prosesləri diqqətlə
izləyən gənc diplomatlarımızı görəndə sevinirəm.
Öncə Sakarya valisi Hüseyn Avni Coş qəbul etdi bizi.
Azərbaycanda bu yaxınlarda olubmuş, Bakının gəlişməsindən ürək
dolusu danışır. Sonra Sakarya ilə tanış olduq, bələdiyyənin Xocalı
anıtı üçün ayırdığı yerə baxdıq; Universitetin rektoru prof. Dr.
Müzəffər Elmazla görüşdük.
Sakarya Universiteti Türkiyənin ən böyük ali məktəblərindən
biridir. Aralarında dünyanın 70 ölkəsindən gəlmiş gənclər olmaqla,
70 mindən çox tələbəsi var. Türk dünyasından gələn tələbələrin sayı
ildən-ilə artır. Təkcə azərbaycanlı tələbələrin sayı 400-dən
artıqdır. Simpozium zamanı onların bir qismi ilə tanış olduq.
Bizim üçün xoş sürprizlərdən biri burda İdman bölümünə başçılıq
edən, vaxtilə dünyanın məşhur boksçularından biri kimi tanınmış,
olimpiya oyunlarında Türkiyəyə gümüş medal qazandırmış Malik
Bəyləroğluyla rastlaşmamız oldu.
Simpoziumda Azərbaycan Öyrənci Topluluğunun çox bacarıqlı və
fəal başçısı, əslən Gədəbəydən olan Alıq Bağırlının, çoxdan bəri
qiyabi tanıdığım, arada telefonla əlaqə saxladığım ədəbiyyat
professoru Racayi Coşkunun, tarixçi profesor Halik Şelvinin,
azərbaycanlı tələbələrdən Vüsalənin, Azərbaycan Dərnəkləri
Fedarasion başkanı Bilal Dündarın, konsul Seymur İlyaslının
nitqləri diqqətlə dinlənildi. Film nümayiş etdirildi və mən
Ermənistanın "erməni soyqırımı" uydurmasının 100 illiyi şousuna
hazırlaşdığı bu günlərdə, eləcə də Azərbaycanın və Türkiyənin
gələcəyi baxımından bu müzakirələrin əhəmiyyəti, gənc nəslin bu
bilgilərə yiyələnməsinin zəruriliyi barədə çıxış etdim.
Geri dönərkən yenə Nəcib Fazilin məşhur misralari dolaşırdı
fikrimdə:
Eyvah, eyvah, Sakaryam, sənəmi düşdü bu yük?
Bu dava hor, bu dava öksüz, bu dava böyük!..
Nə etmək! Bu dava yükü bizə düşdü. Dünya nə qədər ədalətsiz
olur-olsun, biz düz sözümüzü anlada-anlada haqq yolunu
getməliyik!...