Ana səhifə Yazarlar |
“Mən dəfələrlə bildirmişəm ki, biz həm milli birlik, həm həmrəylik nümayiş etdirmişik və məsuliyyət də nümayiş etdirməliyik”.
Prezident İlham Əliyev
Son iki ay ərzində dünya ölkələrinin koronavirus təhlükəsinə fərqli reaksiyaları onların pandemiyaya hazırlıq səviyyəsinin olduqca fərqləndiyini göstərdi. Bioloji təhlükənin müxtəlif ölkələrdə yayılma sürəti və ölüm faizi üzrə fərqlər siyasi sistemi, iqtisadi inkişafı və beynəlxalq aləmdə imicindən asılı olmayaraq, bütün dövlətlər üçün ciddi çağırışa çevrildi.
Mart ayının əvvəllərindən etibarən epidemiyanın baş qaldırdığı ölkələr – Avropa ölkələri və Azərbaycanın yaxın qonşu ölkələrində baş verən proseslər epidemiya ilə mübarizədə onların potensialı arasında ciddi fərqlərin olmasını bir daha təsdiqlədi. O cümlədən, Azərbaycan Respublikasının ardıcıl olaraq verilmiş siyasi qərar və sərəncamların təhlükəni və fəsadları önləmək potensialını üzə çıxardı. Bu qərarların yalnız indiki zaman deyil, həm də postpandemiya dövrünü əhatə etməsi dövlət siyasətindəki çevikliyin bariz nümunəsidir.
Azərbaycanda ilk koronavirus xəstələrinin aşkar olunmasından iki həftədən çox vaxt keçir. Bu müddət ərzində bütün ölkələr üçün fəlakət göstəricisi olan xəstə sayının həndəsi silsilə ilə artması (eksponent əyrisi üzrə) baş verməyib. Bu da təsadüfi deyil və ölkədə ən yüksək siyasi səviyyədə verilən qərarların, eyni zamanda koronavirusla mübarizə üçün Nazirlər Kabinetində təşkil olunmuş Operativ Qərargahın fəaliyyətinin səmərəsinin göstəricisidir. Belə yayılma sürəti və ağırlaşma faizi olan virusu heç bir dünya ölkəsi və onun səhiyyə sistemi öncədən görə bilməzdi. Bu məsələdə qalibiyyət dövlət tədbirlərinin öncəgörənliyi, dövlət qurumlarının düzgün koordinasiyası, ekspertizanın yüksək dəyərləndirilməsi, habelə cəmiyyətin bütün təbəqələrinin səfərbərliyindən asılıdır.
Rəsmi məlumata əsasən, Azərbaycanda 45 min nəfər koronavirus testindən keçirilib, 4500 nəfər isə karantin şəraitindədir. Bu göstəricilər son dərəcə qısa müddət ərzində qeyri-standart vəziyyətlə qarşı-qarşıya qalan dövlət strukturlarının effektiv səfərbərliyinin göstəriciləridir. O cümlədən, qeyd etmək lazımdır ki, bütün ölkə ərazisində koronavirus xəstələrin üçün ayrıca xəstəxanaların təşkili ölkənin məhdud zaman müddətində bütün qüvvələrinin koordinasiya etmə bacarığını, böhran infrastrukturunu yaratmaq üzrə uğurunu nümayiş etdirir.
Qeyd edək ki, verilən qərarların dinamikası da dövlət qurumlarının - Nazirlər Kabineti, TƏBİB agentliyinin vəziyyətin saatbasaat təhlili, ona çevik reaksiya vermək bacarığını sübut edir. Karantin şərtlərinin dəyişməsi, onlara vaxtaşırı yeniliklərin əlavə olunması epidemioloji durumun operativ qiymətləndirilməsinin nəticəsidir. Sözsüz ki, bu dinamiklik həm də ölkədə son illər ərzində dövlət başçısı tərəfindən həyata keçirilmiş kadr islahatlarının birbaşa nəticəsidir.
Ölkə Prezidenti İlham Əliyevin 6 apreldə tibbi maska istehsal edən müəssisənin açılışı zamanı əhaliyə bir sıra ciddi mesajlar ünvanladı:
“Azərbaycan dövləti bu ciddi vəziyyətlə üzləşərək yenə də öz gücünü göstərdi. Onu göstərdi ki, bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır. Buna nail olmaq üçün istənilən addımların atılması mümkündür və biz bunu edirik. Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə, onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik”.
Koronavirus epidemiyası ilə mübarizə fonunda bir daha görmək olar ki, Azərbaycan istər bioloji, istər ekoloji və digər fəlakətlərin qarşısında inamla dayanmağa, onları önləməyə və dövlət olaraq onlara sinə gərməyə hazırdır.
İndi iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq, bir sıra dünya ölkələri Beynəlxalq Valyuta fondundan yardım istəyib. İstehlak fəallığı ilə seçilən Avropa ölkələri tibbi ləvazimatların çatışmazlığından əziyyət çəkir. Fransa vətəndaşlarına müstəqil surətdə maska düzəlmək tövsiyə olunur. Britaniya karantin tədbirlərini gecikdirərək, iqtisadiyyatını xilas etməyə çalışır və faktiki olaraq, buna görə öz vətəndaşlarını qurban verir. ABŞ hətta koronavirus xəstələrinin sayına görə “dünya liderinə” çevrildikdən sonra belə kəskin sosial bərabərsizliyə göz yumur. Statistikaya görə, Nyu Yorkda indiyədək koronavirusa yoluxanların mütləq əksəriyyəti kasıb təbəqə, sosial müdafiəsiz miqrantlardır, hansı ki, məhz bu saatlarda qatar sayı azaldılmış Nyu York metrosunda sıxlıq şəraitində işə gedir, qarşılaşdıqları təhlükə önündə tək olduqlarını hiss edirlər.
Bununla paralel Azərbaycanda nə baş verir?
Dövlət başçısı koronavirus pandemiyasının və dünya enerji bazarlarında baş verən dəyişikliklərin ölkə iqtisadiyyatına neqativ təsirini azaltmaq üçün büdcədən 1 miyard manat ayırır, Nazirlər Kabineti tərəfindən koronavirusla bağlı karantin müddətində ziyan çəkmiş biznes sahələri və əhaliyə maddi yardımın həyata keçirilməsi üzrə tədbirlər planı qəbul olunur. 300 mindən çox şəxsə maddi yardım üçün əlavə sərmayə ayrılır. Aprelin 6-da Prezident İ.Əliyev və Birinci vitse-prezident M.Əliyeva tərəfindən maska istehsalı üzrə müəssisə açılır. Bütün bu tədbirlər ilk olaraq ayrılan büdcə vəsaitinin iki mislindən çox büdcə xərclərini nəzərdə tutur, lakin onların həyata keçirilməsi bir daha dövlətin vətəndaşa qayğısı və əhalinin müdafiəsi üçün heç bir lazımi addımı unutmadığını göstərir. Ən əsası, bütün bunları həyata keçirmək üçün xarici asılılıq hiss etmir, tam olaraq özünə güvənir. Bununla bərabər, hələ mart ayının əvvəlində Təhsil Nazirliyi tərəfindən tədris müəssisələrində təhsilin dayandırılması haqqında verilmiş qərar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tənha və ahıl vətəndaşlara yardım üzrə həyata keçirilən tədbirlər, habelə İqtisadiyyat Nazirliyinin pandemiya müddətində ölkə iqtisadiyyatında baş verən proseslərə reaksiyası Azərbaycanın dövlət olaraq qlobal təhlükə önündə dayanıqlı olduğunu göstərir.
Pandemiyanın İtaliya, ABŞ kimi ölkələrdə hansı dinamika və insan itkiləri ilə baş verməsi onu göstərdi ki, pərakəndə və qeyri-mərkəzləşmiş səhiyyə sistemi bu təhlükə qarşısında olduqca zəifdir. Sinqapur, Honkonq kimi ölkələrin nümunəsi epidemiya ilə mübarizədə daha effektiv olmuşdur. Dövlət qurumlarının mərkəzləşdirilmiş əlaqələndirmə sisteminə malik Azərbaycan Respublikası da pandemiya ilə mübarizədə öz müvəfəqiyyət senarisini yazır.
Ölkədə atılan addımların çox əhəmiyyətli tərəfi pandemiyadan əlavə qlobal miqyasda baş verən proseslərin də nəzərə alınmasıdır. Dövlət başçısının göstərişi ilə dörd işçi qrup yaradılmış, bu qrupların çevik fəaliyyəti sayəsində Azərbaycanda həm iqtisadi sabitliyin təmin olunması, həm də məşğulluqla bağlı problemlərin həllini tapması üçün tədbirlər planı hazırlanıb, böyük maliyyə vəsaiti ayrılmışdır.
Bir sözlə, Azərbaycanda koronavirus epidemiyası ilə mübarizə mərkəzləşmiş, sistemli və planlı şəkildə aparılır. Əminik ki, bunun sayəsində ölkəmiz nəinki mövcud böhran vəziyyətindən çıxacaq, həm də analoji vəziyyətlərdə digər ölkələr üçün fəaliyyət standartlarının əsasını qoyacaqdır.
Tarix
2020.04.07 / 23:54
|
Müəllif
Zahid Oruc
|