Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə
çevrilib. Qəbul edib-etməməyimizdən asılı olmayaraq, onlar
həyatımızda müəyyən rol oynayır. Çoxumuz hər gün azından 15
dəqiqəmizi Feysbuk, İnstagram, Vkontakte, Tvitter kimi sosial
şəbəkələrdə keçiririk. Hansı məqsədlə sayta daxil oluruq-olaq,
səhifəni açarkən rastlaşdığımız paylaşım və yazılar əhvalımıza
təsir göstərir.
Deyəsən, son dövrlərdə müşahidə olunan kütləvi aqressiyanın
səbəblərindən biri hər kəsə fikrini müstəqil ifadə edə bilmə
azadlığı verən sosial şəbəkələrdir. Elə adamlar var ki, onlara
yalnız düşünmə azadlığı vermək kifayətdir.
Nə başınızı ağrıdım, mövzum sosial şəbəkələrdə tez-tez rast
gəldiyimiz zəhər tuluğu funksiyasını yerinə yetirən
istifadəçilərdir. Adətən, orijinal ləqəbləri ilə diqqəti çəkən bu
istifadəçilər – əksərən xanımlar – hər birimizin ən azı bir dəfə
əsəblərini korlamağa müvəffəq olub. Düzü, insanları seçdiyi
ləqəblərə və sahib olmadığı zövqə görə qınamaq mənlik deyil. Məsələ
"Milaşka filankəs" və ya "Şirinka bəhmənkəs" adlarının pozduğu
estetik zövqümüz deyil, məsələ bu ləqəbli xanımların bəşəri
ideyaları, mənəvi yüklü məsələləri müzakirəyə buraxması və aqressiv
sayıqlamaları ilə subyektivliyin dibinə vurmasıdır.
Hər paylaşılan gözəl xanım fotosunun altında mütləq "Bunun nəyi
gözəldir? Bu lap..." - kommentini niyə görürük? Gənc istifadəçi
xanımlar niyə belə kobud, adamayovuşmayan olmaqla yanaşı, həm də
dahilik iddiasındadırlar? Niyə hər müasir görünən, əyləncəli həyatı
paylaşdığı fotolarından məlum olan, şən yaşayan və daima gülümsəyən
xanımların fotoları Tükəzban brendinin məhsulları tərəfindən təhqir
olunur? Həyatı türk seriallardan ibarət olan xanımlar yaşamaq
istədikləri həyatı başqalarında görəndə konservativlik
kəlağayısının altına sığınır və Həcər anamızdan nümunə gətirirlər.
Bu primitiv əxlaqdan, ya da qatı konservativlikdən irəli gəlir?
Xeyr, burda nə ülvi dəyərlər, nə tabular və nə də ali milli-mənəvi
dəyərlər yük daşıyır. Burda artıq qadın xisləti işə müdaxilə
edir.
Gəlin, adicə bir misal gətirim, görün düz deyirəm, ya yox.
İşlərinizin yolunda getdiyi, məişət həyatınızda hər şeyin
qaydasında olduğu, sevdiyiniz şəxsin yanında olduğunuz və özünüzü
xoşbəxt hiss etdiyiniz zamanlardan birini yada salın. Sizi hansı
qüvvə sosial şəbəkədə paylaşılan hər hansı bir fikrə qarşı çıxmağa
və ya cazibədar qadın şəklinin altında ağız büzməyə məcbur edə
bilər? Gəlin etiraf edək ki, rus demişkən, həyatımızda hər şey
qaydasında gedəndə "ne do etogo bıvaet", düzdür? Onda məntiq
müəlliməmiz demişkən, bu məsələdən çıxan məntiqi əqli nəticə
hansıdır? Bu yazıq qızcığazların şəxsi həyatlarının olmaması,
cəmiyyət tərəfindən sıxışdırılmaları, normal dostlara sahib
olmamaları, söz demək ixtiyarını yalnız Feysbukda əldə etmələri.
Hə, baxın, bu dəqiqdir. Adamlar var ki, düşündüklərini – bu daha
çox özünü nihilist kimi aparan, amma İvan Sergeyeviçin varlığından
xəbəri olmayanlarda müşahidə olunur – subyektiv fikirlərini nə ailə
üzvləri arasında, nə yoldaşları arasında dilə gətirə və müdafiə edə
bilmir. Ya ona görə ki, ona heç ağzını açmağa imkan vermirlər, ya
da buna cəsarəti çatmır. Amma sosial şəbəkə daha təhlükəsiz, daha
az üzqızardıcı və daha ekzotik gəlir.
Heç vaxt unutmaram, akademiyada təhsil alarkən oranı 1 il öncə
bitirmiş, amma hər gün tələbələrdən öncə akademiyanın binasına
gələn bir məzun var idi. Olduqca yazıq, natamam, bədbəxt və utancaq
görünüşlü bu gənc özü üçün müəyyən normalar müəyyən edib bu
normaları tanımaq istəməyənlərə hücum edirdi. Özünü nihilist
adlandırsa da, əslində özü də bilmədən heç nə idi. Heç kim yox a,
heç nə. Akademiyada başıaşağı, sakit, utancaq kimi tanınan
qəhrəmanım axşam sosial şəbəkələrdə təhsil müəssisələrinin,
müəllimlərin, hakimiyyətin, tələbələrin, vətəndaşların, yaşayan və
nəfəs alan hər şeyin ünvanına nalayiq sözlər yazırdı. Bunu isə
nümayişkəranə göstərir, hər söhbətə başını soxur, hər məsələdə öz
şikəst mövqeyini ortaya qoyurdu. Bilirsiniz niyə? Çünki ailəsində
ona "kişi ol" deyirdilər. Çünki dostları onu "mavi" adlandırırdı.
Çünki sevdiyi qızdan dəfələrlə "yox" cavabı almışdı. Çünki ali
təhsilini başa vurub özünə nə iş, nə də bir məşğuliyyət tapa
bilmişdi. O, haqlı idi, bütün dünya isə onun bədbəxtliyində
günahkar. Belə insanlara adi "Feysbuk istifadəçisi" deyib keçmək
düzgün deyil. Bu insanlar neqativ enerji burulğanıdır. Onlar bizim
ruhumuz üçün potensial təhlükə mənbəyidir.
Söyüş və nalayiq sözlərdən söhbət düşmüşkən, son zamanlar
müxtəlif səhifələrdə istifadəçi müzakirələri zamanı çoxsaylı
söyüşlərlə rastlaşırıq. Bu nədən irəli gəlir? Normal görünüşlü,
gənc və sağlam oğlanlar niyə bütün günü öz orqanlarını hər məsələyə
aid edir, niyə tez-tez seksual fantaziyalarından təhqir olaraq
istifadə edirlər? Bu gənclərin dərdi nədir? Gənclər və yazılan
söyüşlər müxtəlif olsa da, onları birləşdirən vahid bir qavram var
– natamamlıq kompleksi. Həyatda özünü təsdiq edə bilməyən, sözü
keçməyən, hər şeydən və hamıdan bezən gənclər indi sosial şəbəkələr
vasitəsilə öz yaşıdlarının tamamilə fərqli və daha yaxşı həyat
sürdüklərini görəndə buna tab gətirə bilmirlər. Günümüzün aqressiya
mənbəyi məhz budur. Və ya başlıcası…