ANS və ATV kanalları arasında yaranmış soyuq müharibənin
alovu 16 mərtəbənin də boyunu aşdı. İki kanal arasındakı konfliktin
tüstüsü yanğından sonra üzə çıxdı.
Əslində isə bu müharibənin kökü laaap (!) "qədim
zamanlara" dayanır. Bunu aydın görmək üçün ikicə müqayisəyə diqqət
yetirmək kifayətdir:
Bir neçə ay əvvəl şpaqataçma aksiyası başlamışdı. Mətanət
Əliverdiyevanın "Gündəlik" verilişində şpaqat açması gündəmə Brüs
Li zərbəsi kimi dəydi. Bir anda bütün mətbuat bu məsələyə
yönəldi.
Bu hadisədən bir həftə sonra ANS-in "Günə Baxan" verilişində
aktrisa Telli Hüseynova da şpaqat açdı. Aparıcı Elgiz də sosial
şəbəkə istifadəçilərinə, mətbuat nümayəndələrinə səslənib, bunu
yazmalı olduqlarına eyham vurdu. Məsələ artıq bəllidir.
Bu şpaqataçma əməliyyatı ANS və ATV-nin şillə-təpik davasına
çıxmasının bariz nümunəsi idi. Hər iki kanalın rəqabətə başdan
deyil, ayaqdan başlaması mübarizənin nə qədər qeyri-peşəkar
aparıldığının sübutudur. Deyir, düşmən ayağa baxar... Ancaq bu da
son deyil. Oğuz elinin görəcək günləri hələ qabaqdaymış.
Bir neçə gün əvvəl ATV kanalında yayımlanan "Öz aramızda"
verilişində müğənni Rəqsanənin ürəyi getdi. Cəmi bir neçə saniyədən
sonra oxşar hadisə ANS-in efirində də yaşandı: ATV-dəki "Səni
axtarıram"ı ANS-ə "Xoşqədəmlə səni axtarıram"la daşıyan Xoşqədəm
Hidayətqızının halı məlum verilişdə birdən-birə, qəflətən
pisləşdi.
Yenə oxşar situasiya. Məncə, bu "şpaqataçma" və "ürəkgetmə"
əməliyyatını hər iki kanalın, təxminən, eyni vaxtda həyata
keçirməsi təsadüfi deyil.
İndi isə bu "əməliyyatlar" açıq döyüş xarakteri alıb. Aparıcılar
arasında söz davası yaranıb. Hamısı da söyüş söyüb kənara çəkilir,
sonra da deyir ki, o kimdir ki, mən ona fikir bildirim?! Yəni
səviyyə söhbəti eləyirlər. Bunları başa salmaq lazımdır ki,
ictimaiyyətdə təhqirə yol verən TV əməkdaşının səviyyədən danışması
absurddur. Bu iki toplumun bir anda "Döyüş alnınıza yazılıb"
əvəzinə "Söyüş dilimizə yazılıb" deməsi mənəviyyatın "reklamlara
ayrılıq" anonsu idi.
Adam lap köhnə verilişlərin, hətta qədim "AzTV-lərin" ətəyindən
yapışıb "Qayıdın daa, noolub sizə?!" demək istəyir.