Son zamanların xəbər başlıqlarına göz ataq:
Bakıda 17 yaşlı qız zorlandı
Bakıda 14 yaşlı qız zorlandı
Məktəbdə şok: 15 yaşlı qız sinifdə
zorlandı
Dəhşət: Gənc qız qardaşları tərəfindən
zorlandı
Bakıda 7 yaşlı qız zorlandı
18 yaşlı qız dayısı, atası, əmisi oğlu tərəfindən
zorlandı
Bakıda 5 yaşlı qız zorlanıb
öldürüldü
Azərbaycanda əqli qüsurlu qız
zorlandı
Qız Qalasında 13 yaşlı qız
zorlandı
Nə qədər qəribə səslənsə də, dünyanın dörd tərəfində qətlə
yetirilən adamlar, müharibələrdə şəhid olan gənclər, partladılan
binalarda həyatını itirən insanlar artıq klişeləşmiş itkilərdir.
Vaxtilə Ramiz Rövşənin dediyi kimi: "Faciələr kütləviləşəndə,
hisslər kütləşir".
Amma 5 yaşlı qızcığazın təcavüzə uğraması və boğularaq qətlə
yetirilməsi hamımızın faciəsidir – sənin, mənim, onun, Bakının,
Azərbaycanın, bəşəriyyətin. Və bu faciə önündə heç bir hissin
kütləşməyə ixtiyarı yoxdur.
Hər gün qəzet səhifələrində, internet saytlarında "ağrılı"
başlıqlar görürük - sonu "zorlandı" sözü ilə bitən. Günü-gündən
artmaqda olan bu cinayət əməlləri və zorakılıq hallarının səbəbi
nədir? 31 yaşlı adamı, məxluqu, canlını 5 yaşlı məsumu zorlayıb
öldürməyə nə məcbur edib? Gündəlik qayğılar? Ailə problemləri?
Cinsi aclıq? Eqo təmini? Özünütəsdiq? Qloballaşma və avropalaşma
bəlkə?
Əlbəttə ki, psixoloqlar buna "travmalı uşaqlıq", "şizofreniya",
"psixoz", "şəxsiyyətin ikiləşməsi" kimi bər-bəzəkli, ədəb-ərkanlı
adlar qoya bilərlər. Ancaq bircə adı var bunun: Vəhşilik!
5 yaşlı körpənin zorlanması Yakov Çernovun, onun ailəsinin və
qanını daşıdığı nəslin ləkəsi deyil; baş verən faciə təkcə
Azərbaycan insanının, yakovun təmsil elədiyi millətin yox, dünyanın
qara ləkəsidir. Balaca Aişənin o təsəvvür belə edə bilməyəcəyimiz
fəryadları, nalələri, yanağında donub qalan göz yaşları hər
birimizin utancıdır.
Bunu biz etmişik. Ətrafımızda yüzlərlə, bəlkə də minlərlə
çernovlar var. Məsələyə cinsi aclıq kimi yanaşıb adiləşdirmək
olmaz. Baş verən hadisənin səbəbi Çernovun şəhvəti deyil. Baş verən
hadisə xəstə, özünü təsdiqləyə bilməyən, çarəsiz, zəif, köməksiz
birinin cəmiyyətə və özünə olan aqressiyasıdır.
Olayın səbəbi həm də bizim laqeydliyimiz və unutqanlığımızdır.
Hər kəs tənqid edir, etiraz edir, "bizim millət bunu da unudar
bir-iki günə" deyib, kinayə ilə yanaşır. Bəs sən, mən kimik? Bu
sözləri deyən, unutqanlığımıza üsyan edən özümüz deyilikmi? Niyə bu
hadisələr xəbər başlıqları kimi arxivlərə çevrilir və qurbanın
yaxınlarından başqa heç kimin hafizəsində qalmır? Bəlkə, sıranın
bizə gəlib çatmasını gözləməyək daha?
Mən istəyirəm ki, siz Aişənin o caninin əllərində çapalamağını,
hansı ümidlə anasının adını çığırdığını, boğularkən gözlərində
hansı ifadə ilə o caniyə baxdığını heç vaxt unutmayasız; Mən
istəyirəm ki, baş verən hadisəni ümummilli faciə kimi
yaddaşlarınıza yazasız, qeyd etdiyiniz Beynəlxalq uşaqlar günü ilə
yanaşı, ümummilli uşaq yası qeyd edəsiz.
Bircə dəqiqəliyə düşünün, Aişənin atası onu həyətdə qoyub çay
içməyə getdiyinə görə özünü nə zamansa bağışlaya biləcəkmi?
Yox, mən atanı qətiyyən günahlandırmıram. Empati yaşamağınızı
istəyirəm. Uşaqlarınızı hər dəqiqə, hər saniyə qonşuluqda Yakov
varmış kimi qorumağınızı istəyirəm. "Dəli", "əcaib" adı qoyub
evlərinə getmək istəmədiyiniz qohumlarınızla daha yaxından
maraqlanmanızı, onları həkim müayinəsinə getməyə məcbur etməyinizi
istəyirəm. Və nəhayət, bacınızı, qızınızı, qonşunuzu...
zorlamamağınızı istəyirəm.
İstənilən hadisə nəticədir, görünən tərəfdir, səbəblər,
görünməyən tərəflər daha çoxdur və nəticənin olmaması üçün
səbəbləri aradan qaldırmaq lazımdır.
Sadəcə, hərdən başınızı yastığa qoyanda vicdanınızla söhbət
edin.
Gəlin, faciələrimizə sahib çıxaq.
"Əgər bəşəriyyətin səadətini təmin edəcək bir
sarayın tikintisində məsum bir körpənin göz yaşı axacaqsa, həmin
saray mütləq tar-mar olacaqdır", - məncə, Dostoyevskinin bu sözləri
nöqtəni tam əvəz edir...