"On səkkiz yaşımda varlı və məşhur idim, bunu mənə
bağışlamadılar. Məni ədəbiyyatçı yox, ticarət möcüzəsi sanırlar. Bu
gün qazandığım pullar həyat tərzimi dəyişib. Ancaq bu,
yaradıcılığıma, dostlarıma münasibəti dəyişibmi? -
əsla".
Fransuaza Saqan "Salam kədər"dən sonra qazandığı uğurda pul və
sənət dilemmasını səciyyələndirir. Yaradıcıya qarşı pul mühakiməsi
ondan da yan keçməyib. Axı kapital həmişə ədəbiyyatın başına qaxınc
olub! Tifil yazıçı, səfil şair, yoxsul rəssam, ölüm yatağında olan
bəstəkar – insanların bütün dövrlərdə görmək istədiyi əzabkeş
yaradıcıdır.
Oxucu tələb edir: ya yaratmaq üçün yazırsan və diskomfort
həyatla barışıb ac ölürsən, yaxud da sənə "burjua ədibi" damğasını
vurub yazdıqlarından imtina edirik. Qogenin, Modilyaninin ölümündən
sonra rəsmlərinin başqalarını varlandırması da, Nitsşenin ölümündən
sonra əsərlərinin şöhrət qazanması da F.Saqanı yaxalamış dəhşətli
kultun başlanğıcı ola bilər, bəlkə də.
Yerdə qalan tək-tük möhürünü vurmuş qələm adamları olub ki,
oxucu onları kübar geyimi, zadəgan rəftarı, aristokrat davranışı
ilə legitim sayıb. Məsələn, Vaqif Səmədoğlu, Qabriel Qarsiya
Markes, Orxan Pamuk və s.
***
...İngilis yazıçısı, kommunist Dorris Lessinq də mürəkkəbini pul
üçün xərcləyir: "Mən pul üçün yazmağa başlamışam, şöhrət haqda
fikirləşməmişəm. 12 yaşlı oğlumla Londonda vəziyyətin ağırlığından
fahişələrlə eyni evdə yaşamalı oldum.
Evdəki qadınlardan biri seksə nifrət edirdi, sonradan fahişəyə
çevrildi. Mənə təklif edirdi ki, gəl bir-ikisini sənə düzəldim, elə
asandı... bütün dərdlərin yadından çıxacaq, bu yazmaq zəhrimarı da
birdəfəlik tərgitəcəksən. Mənsə bunu eləmədim. İndi ilk romanımın
çapından 10 il keçib, məşhurlaşmışam, amma maddi həyatımda nə
dəyişib ki?.."
Bu da qarşımızda F.Saqana antoqonist bir D.Lessinq nümunəsi. Və
bununla belə, hər ikisi yazmaq əzabının marazmını, zəhrimara
dönüşünü gizlətmir. Eynilə Kafkasayağı: "Yazmaq zərurəti həm
xoşbəxtlikdir, həm işgəncə".
Razılaşmamaq mümkün deyil, çünki F.Saqanın da müsahibəsində
"yazmaq mənim üçün ağır, sıxıntılı bir təşəbbüs olaraq qalır"
sözləri insanı eyni vaxtda riqqətə gətirir. Yaradıcı insan,
yoxsulluğun daşını atmaq, varlanmaq ehtirası ilə bahəm, sənətdən də
üzülüşə bilmir. Seçim isə bəllidir: ədəbiyyat kapitala yox, özünə
xidmət etməlidir, yoxsa qısamüddətli şöhrət də "sabun köpüyü"nə
çevriləcək.
***
Bu nikbin taledə Saqanın bəxti gətirib. Şöhrətin gətirdiyi
var-dövlət yazıçının başını gicəlləndirməyib, proloqumda söylədiyi
kimi, qazandığı pullar yaradıcılığa münasibətini dəyişməyib.
Lessinqin isə sənətə qurban verdiyi arzuları nakam qalıb, həyat ona
hamar ömür nəsib etməyib.
Fərq ondadır ki, "Salam kədər"dən sonra varlanan Saqanın sonra
çap etdikləri böyük həvəslə qarşılanmayıb, pullarını saymağa
başlayıblar, müsahibələrdə yaradıcılıqdan daha çox maddi imkanları
barəsində suallar üstünlük təşkil edib:
"Hər dəfə elə güman edirdim ki, mənimlə ədəbiyyatdan
danışacaqlar, amma bankdakı hesablarımı soruşurlar. Heç bilmirəm
nəyi mənə qəbahət sayırlar – çox qazanmağımı, yoxsa xərcləməyimi?!"
Və kasıb Lessinqlə isə müsahibələr ədəbiyyatla başlayıb, başladığı
yerlə də bitir. Yaxşı ki belə olur...
***
Yaradıcı əməyin maddi bəhrəsinin arxasınca gələn tənəzzül
yenidən dirçəlişə səbəb olmur. Yazıçı sənətlə pul arasındakı
seçimdə imtahana çəkilir və bu, çox vaxt ədəbi xarakiri ilə
nəticələnir. Qələm kapitala uduzur. Əvəzində meydana - replika,
ömrü şpris qədər olan yazılar, atmacalar, qeyri-intellektual
polemikalar çıxır.
Ötənlərdə rəhmətlik Qılman İlkinin bir müsahibəsindəki giley də
bu mövzunun ahənginə uyğun idi. Yazıçı günümüzdə irihəcmli
kitabların oxunaqsızlığını dayaz məzmunlu yazı bumu ilə
əlaqələndirirdi:
"İndiki zamanın sürətini nəzərə alanda, görürəm, irihəcmli əsər
yazmağa dəyməz. Oxunmur. Onların oxunmamağının səbəbi var. Hamı
qaça-qovdadır, hamı operativ olub, elə hey harasa tələsirlər".
Q.İlkin haqlıdır - operativlik ədəbiyyata da müdaxilə
etməkdədir. Hətta ədəbiyyata mastubrasiya gətirilməkdədir. Oxunmaq
və oxutmaq naminə seçilən sərlövhələr, vasitəli nitqlə kontekstdən
çıxarışlar, klassiklərin şəxsi həyatını qurdalayıb, onların
yazdıqlarından fikri yayındırmalar, meşşan təfəkkürlülər üçün
başlıq təqdimatları efirdən ədəbiyyata transformasiya olunmuş
deqradasiyadır.
Vaxtilə "söndürün televizorlarınızı" yazanların indi qələmindən
mağar ab-havası, serial qoxusu gəlir. Azərbaycanda təkcə kapital
yox, "ədəbsiz"lər də ədəbiyyata qarşı yumruq kimi birləşiblər.
Sənət isə heç zaman ölmür, sadəcə, taqətdən düşdüyü vaxtlar
olur.
Nitsşe isə bu sarıdan nikbinliyini sona qədər qoruyub saxlamağı
bacardı:
"Mən acgöz biri deyiləm. Kütləyə də yazmıram və səbir etməyi
bilirəm. Bəlkə, mənim oxucularım dünyaya hələ gəlməyiblər?!."