Qonşuluqdakı ağsaqqal deyirdi ki, o vaxt radioda alman
ordusunun Bakıya doğru irəlilədiyini eşitdikdən 1 saat sonra kənddə
bir dənə də başıpapaqlı qalmamışdı. Ortada nə alman ordusu var idi,
nə də güllə səsi. Bircə radio kifayət eləmişdi kəndin
boşalmasına.
İndi həmin o "Bir dənə də başıpapaqlı qalmamalıdır" əmrini TV
kanallarımız yerinə yetirir. İntellektual səviyyənin çökdüyünü
görən aparıcılar reytinqi qaldırmaq üçün ağzının danışığını
bilməyən manısları verilişə gətirir.
Demək, dünən bir verilişdə müğənni Mətanət Əsədova ilə yazar kimi
təqdim edilən Əziz Musa arasındakı rüsvayçılıq
göstərdi ki, bizim şou əhli özünə hörmət qoymur, nəinki ekran
qarşısında əyləşən tamaşaçılara. Bu adamlar guya Azərbaycan
mədəniyyətinin simalarıdır.
Yadınızdadırsa, bir dəfə
Mətanət Əsədova verilişdə Eynşteyni tanımamışdı. Bu azmış kimi
özlüyündə guya onun adı ilə məzələnmişdi də. "Eynşteyn, Yoxşteyn"
demişdi. Bu, artıq təkcə fizika elminə yox, doğma ana dilinə qarşı
hörmətsizlikdir. İndi Eynşteyni tanımayan bir müğənninin bəsit
çayxana şeirləri yazan bir şairi tanımasını gözləmək absurddur.
Mətanətin həmin verilişdə Eynşteynin adı ilə məzələnməsi orta
məktəb şagirdinin Nizami Gəncəvinin ağzına qəlyan çəkməsi kimi
gülünc davranışdır. Təbiidir, çünki bunların təfəkkürü orta məktəb
səviyyəsindədir.
Əslində, abituriyentlərin rüsvayçı nəticələrinin səbəbkarı
Eynşteyni masqaraya qoyan mətanətkimilərdir. Ay qardaş, məşhur bir
fizikin adını belə tələffüz edə bilməyən bir müğənni sənin övladına
hansı elm, tərbiyə aşılaya bilər? Ümumiyyətlə, elmi masqaraya qoyan
müğənninin sənətdən danışmağa haqqı çatmır. Adi əxlaq qaydalarını
bilməyən adamdan "Əxlaqi-Nasiri" soruşmaq faydasızdır. Bu, öz
yerində. Məsələ bir az dərində.
İndi gələk o nəğməkar şairə. Yazar Əziz Musanın "mən aliməm"
sözü ilə "sən fahişəsən" sözü arasında cəmi 3-4 saniyə vaxt fərqi
var. Məncə, elə Əziz Musanın alimliyi, şairliyi də 3-4
saniyəlikdir. Hə, vallah. Digər tərəfdən, özünə alim deyən bu şəxs
böyük ideyalar ətrafında baş sındırmalı olduğu bir vaxtda gəlib
hansısa müğənninin dekoltesinə irad tutur.
Bəla bu deyil. Hələ rüsvayçılıq bundan sonra başlayır. Müğənniyə
geyiminə görə əxlaq dərsi verən şair az sonra küçə söyüşləri
işlədir. Bax, bu, bizim şou-biznesin mahiyyətidir.
Bu, oğlunu tuman altda gizlədib hərbi xidmətdən yayındıran
müğənninin vətənpərvərlik mahnıları oxuması qədər gülüncdür.
Mətanət Əsədova şairə deyir ki, biz sizin şeirlərə mahnı
oxumasaq, siz heç kimsiniz. Yəqin, o elə bilir ki, Nizami
Gəncəvinin, Nəsiminin, Füzulinin şeirlərinə hansısa müğənni mahnı
oxuyub, ona görə onlar tarixdə qalıblar.
Kanallar haqda bir dəfə demişdim, zərurət tələb edir, yenə
deyirəm: Əgər sən bir televiziya kanalı olaraq ləçər-məçəri,
həftəbecəri ekrana çıxarıb, sonra vətəndaşdan fizikadakı "sol əlin
baş barmaq qaydası"nı soruşsan, o da sənə sağ əlin orta barmaq (!)
qaydasını göstərər.
Şübhəsiz ki, bu rüsvayçılıq reytinq xətrinə yaradılmışdı.
Minlərlə uşağın əxlaqını pozduğuna görə bu işdə əməyi keçən hər
kəsi bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin sizə,
dirilər.
Uşaqlarınızı narkomaniyadan çox, telenarkomaniyadan qoruyun.