Günlərdən Lənkərandı. Göyüzü tər-təmiz, şəfəq saçmaqda,
bürkü və boğanaq istidə daldalanmağa tək yer dəniz, insanlar bir az
daha ümidli, bir az daha canlı, bir az daha məşğuldur - amma nə ilə
onu bilmək ol(m)ur.
Adamlar elə hey harasa gedirlər, qaçahaqovdadırlar, tələsirlər
və... yetişirlər; kimi çayxanaya, kimi sahilə, kimisi də
köhnə-küşkül vaqonların arxasına. Hər kəsin öz məşğuliyyəti var.
Kamyu Oranın yerinə Lənkəranı "Taun"a köçürsəydi, bu şəhərin
adamları onlardan fərqlənərdi. Çünki oranlılar kimi ümidli olsalar
da, bəlaya qarşı daxili müqavimət demək olar ki, heçdir.
"Bəlanı insan təyin etmir. Adam fikirləşir ki, o, mücərrəd bir
məfhumdur, qorxulu yuxu kimi keçib gedəcək. Lakin bəla keçib
getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar
olur" ("Taun").
...Qapıdan çıxan kimi məhlənin bu başından axırınacan hamı ilə
"salam-əleyküm" edirəm - tində oturandan tutmuş taksi şoferinə
qədər. Məhlə uşağı gəlib, filankəsin oğlu, bəs necə olmalıdır?!
Sonra çörək almağa gedirəm və qabağıma Oran şəhərinin qurbanı
çıxır, pul istəyir, verməliyəm, adətə çevrilib.
- Xoş gəlmisən, Allah ölənlərinin yerini behişt eləsin,
1 manat 50 qəpik varındı?
- Qoy, çörək alım, pulu xırdalasın verərəm.
Və bir manat
verirəm.
- Bəs 50 qəpik?
Sanki borcluyam və anlayıram ki, köhnə-küşkül vaqonların
arxasına tələsik keçməyin qiyməti azı 1 manat 50 qəpikdir...
Bizim məhəllənin qürubu 90-larda başlayıb. 2005-dən isə 10 ildir
ki, fasiləsiz o qaynar yer sürətlə insanları ilə yoxsullaşır. Kimi
məzara, kimi tənhalığa, kimi kim bilir hara gedir. Elə üç taksi
sürücüsü yaxınlarda həyatını itirdi - Təyyar ağır xəstəlikdən,
Nicat qurbana çevrilərək, həmişə kefikök olan Elxan isə
qansızmadan. Dəhşətlisi budur ki, onların faciəsindən və ölümündən
bu kiçik məhəllədən başqa kimsə xəbər tutmur. Dünya genişdir...
Vəssalam. Kamyusayağı desək, bəla keçib getmir, qorxulu yuxular
bir-birini əvəz edir və keçib gedən adamlar olur.
***
90-cı illərdə məhərrəmlikdəki şəbehlərin öz qəhrəmanı varıydı.
Bu mərasimlərə təmtəraqlı hazırlıq, həyəcan, ürək qızdıraraq
könüllü özünü işə vermək öz yerində. Kimi skamyalarla yolları
bağlayırdı, kimisi teşt-ləyən gətirirdi, kimi ələmləri xüsusi
düzəldilmiş yerlərə qoyurdu və biz uşaq entuziazmı ilə çırmanıb bu
işlərə böyük həvəslə qoşulardıq, özümüzü öldürərdik ki, gələnlər
üçün hər bir hazırlıq yüksək səviyyədə olsun.
Hətta elə inanmışdıq ki, Kərbəla da bu məscidin qabağında
yerləşir, hadisələr də burada olub. Bizə görə bu yerdən başqa heç
yerdə müsəlman yoxdur. Şəbeh bir dəfə keçirilərdi və o günün baş
personajı rəhmətlik Şükür idi. Səhv etmirəmsə "orusyət"də alver
edirdi, Aşurada isə məhəlləyə gəlirdi. Onun rolu at belində
məscidin qarşısına gələrək imam obrazını nümayiş etdirmək idi.
Bu illərdə onun rolunu əvəzləyən olmazdı və günün birində yenə
xüsusi şəbeh hazırlığıdır – gəl ki, Şükür gəlib çıxmır. Lap "Bəyin
oğurlanması" kimi, tədbir yarımçıq qalıb. Və uzun çək-çevirdən,
gözləmədən sonra xəbər yayıldı ki, Şükür atdan yıxılıb, ayağını
sındırıb və əvəzedici yoxdur. Uşaqlığımızın ən pərişan günlərindən
idi...
Və indi günlərdən Lənkərandır. Göyüzü tər-təmiz, şəfəq
saçmaqda... bu yaxınlarda bir "babuşka" nəvəsini rayon
xəstəxanasına gətirib, körpə yüngülcə naxoşlayıb. Tibb bacıları bir
də görüb ki, arvad "ya Əbəlfəzl Abbas, ya imam Hüseyn, özün bu
uşağa kömək ol", - deyə-deyə, ah-vayla dua etməkdədir, - hamı
uğunub gedib.
Rus nənə də bu illər ərzində şiə olub. Lənkəranda sovetdən bu
günə kimi çoxlu ruslar yaşayıb. Təkcə nümunə üçün deyim, nənəmgilin
qonşuları ruslardan təşkil edilib, hətta onlara aid bir kilsə də
var, indi evə çevrilib.
Demək, təkcə Şükür və biz yox, "babuşka" da Əbəlfəzl Abbasın
qələm qollarına and içirmiş. Qəribədir... Adamlar isə elə hey
harasa gedirlər, hər kəs bir şeylə məşğuldur - amma nə ilə onu
asanlıqla bilmək ol(m)ur...