Hüquqa dönüş mövsümü
Biz azərbaycanlılar üçün illərdir doğru tanıya
bilmədiyimiz ölkələrin başında Türkiyə gəlir. "Gəliyorum,
gediyorum" öyrənəndən sonra, "Qurdlar Vadisi"ndə xəyalı dolaşan
çoxları bu cəmiyyətin içindəkiləri rahatlıqla oxuduğunu düşünərək,
mülahizələrinin yanlışlığını israrla davam etdirirlər. Onlar üçün
ya yaxşı olan layiq Türkiyə var və pis islamçı Türkiyə var, ya da
yaxşı İslamçı Türkiyə və pis layiq Türkiyə var. Və bütün tənqidlər
və təqdirlər də bu ehkamlar üzərindən boy verir. Əslində isə bizim
təsəvvürlərimizdən kənarda qalan gərçək, Türkiyə cəmiyyətinin alt
qatlarında yer alan dinamizmdir və bu da addım-addım siyasəti də,
sosial-iqtisadi yaşamı da yenidən şəkilləndirən bir amilə
çevrilməkdədir.
Türkiyə siyasətində, ictimai həyatında, bürokratiyasında, ordu
ierarxiyasında, dini-mistik quruluşunda, iş dünyasında, eləcə də
mediasında şəkillər, görüntülər üzərində dərhal sabit bir görüş
formalaşdırdığını zənn edərsənsə, bu cəmiyyətin aşağıdan qaynayan
dinamizmini təhlil etməkdə xeyli çətinlik çəkərsən. Türkiyə ilə
müqayisədə sıradan azərbaycanlılar Rusiya cəmiyyətinin xarakterini
daha tez açır və burada daha asanlıqla, hətta dil baryerinə rəğmən,
özünə uzunmüddətli oturacaq yeri müəyyənləşdirə bilir. Çünki burada
hüququn işləməsi ilə bağlı problemlər olsa da, insan xarakter
olaraq gizli həyat tərzinə sahib deyil və başqalarının davranışında
da narahatedici məqamlar axtarmağa meylli görünmür. Açıq içkisini
içər, intim həyatını istədiyi tərzdə yaşayar, əyləncəsini
başqasının ölçüləri içində məhdudlaşdırmaz və bu da həmin cəmiyyətə
uyğunlaşmaqda çətinlik yaratmaz. Rusiyada saldırqan tutum adətən
iki amildən qaynaqlanır: birincisi, gəlmələr rus cəmiyyətinin
normalarını pozaraq ona öz istəklərini zorla qəbul etdirmək
istəyəndə və ikincisi, dövlət adına birilərinin hansısa siyasəti
miqrantları bəhanə edərək tətbiq etmək istəyəndə. Bu cəmiyyətin
sərbəstliyində bizlər həm mədəni hədəfi olmayan bir insan
topluluğunu təmsil etdiyimizə görə, həm də qapalı ailə və məhəllə
çevrələrindən gəldiyimizə görə, görmədiyimiz günün dadını çıxarmağa
o qədər aludə oluruq ki, qarşımıza sərt bir dövlət siyasətinin
şapalağı çıxanda total və savadlı müqavimət davranışı göstərə
bilmirik. Fikrimcə, Rusiya cəmiyyətinin xarakterini oxusaq da, öz
xaraktersizliyimiz burada bizləri intellektual mənada nə
fərdiləşdirə bilir, nə də təşkilatlandıra. Müşahidəm göstərir ki,
Almaniyaya uyğunlaşmaq bir qədər daha az problemli olur. Orada
hüquqa vərdiş etməyən elementləri cəmiyyətin hüquqa bağlı xarakteri
dərhal sındırır və burada hüquq hər şeyi sıfırlaya bilir:
qabadayılığı da, köntöylüyü də, başqasının həyatına burun soxmağı
da, öz həyatını başqasının dedı-qodusunu nəzərə alaraq düzənləməyi
də... Fərdi düşüncə sistemi oturuşmuş insanlar üçün belə bir
cəmiyyət daha faydalı bir özünütəkmilləşdirmə fürsəti yaradır.
Türkiyədə isə bizim yanlış istiqamət götürmə, inteqrasiyada
tələsməmək lüksümüz mövcuddur. Necə olsa, ərköyün davranışımızı
qardaşlıq naminə yola verə biləcək bir dövlətdən və cəmiyyətdən
söhbət gedir. Ona görə də Türkiyə cəmiyyətində yaşayaraq onun təməl
strukturunu anlayan azərbaycanlı qardaşlarımızın sayı elə də çox
deyil. Bu isə aramızdakı məsafəli münasibətin davam etməsinə,
bir-birimizi doğru çözə bilməməyimizə gətirib çıxaran əsas
amillərdir. Bizlərin Türkiyə ilə bağlı təsəvvürlərimizdə ilk öncə
cəmiyyətin strukturu barədə bilgi yetərsizliyi durur. İlk öncə
parlamentar sistem, partiya modelli rəqabət, sendika şəbəkəsi,
bələdiyyə mexanizmi haqqinda nəzəri bilgilərimiz olduğundan, bunlar
öz ölkəmizin həyatında praktik yaşamda təkrar-təkrar gündəmə
gəlmədiyindən, bu kimi təsir mexanizmlərinin necə işləməsini təyin
etməkdə haqlı olaraq çətinlik çəkirik. Digər tərəfdən bizdə
dövlətın qorunma instinktində polis mühakiməsi önə çıxarkən,
Türkiyədə uzun illər mövcud olan ordu dövləti imici indi-indi
dəyişməyə başlayıb və son on ilə qədər siyasətin hüdudlarını
birbaşa və dolayı yolla ordu müəyyənləşdirib. Həm də Türkiyə bizim
kimi xammal dövləti olmadığından, neftin fontanı və qazın iyi ilə
deyil və təşəbbüs fontanı ilə büdcəsini doldurmaq
məcburiyyətindədir. Bizdə dövlətin hüququ var, Türkiyədə isə
yaxşı-pis hüquq dövləti var. Bununla belə, hüququn ideologiyanın
aşağı pilləsinə sıxışdırılması sistem içində sabit bir münasibətlər
sistemini qurmağa imkan tanımır. Təsəvvür edin ki, illər öncə
AKP-nın bağlanması haqqında qərar Anayasa məhkəməsində bir səs
çoxluğu ilə qəbul olunsaydı, o zaman tarixin gedişi hansı
xarakterdə aktyorlarla davam edəcəkdi. O zaman ipdən dönən AKP
hakimiyyəti bu zaman eyni ideolojı yanaşma ilə siyasi qərarlarla
hüququ yönləndirməyə, yenidən tərtib etməyə çalışır.
İndi Türkiyə cəmiyyəti məhz bu təzadı çözməyə çalışır. Hüququn
siyasiləşməsinin ən sonda siyasətin hüquqdan uzaqlaşmasına gətirən
bir mərhələ olduğunu anlayanlar üçün bu proseslərin narahatlıq
yaratması da anlaşılandır. Türkiyə əslində tarixən olduğu kimi, bu
gün də təriqətçilik vərdişi ilə yönəldilən bir cəmiyyətdir. Burada
layıqlik də bir təriqət xüsusiyyəti daşıyır. Çünki burada
təriqətçiliyin dini məzmunundan deyil, sosial xarakterindən doğan
idarəetmə anlayışı var. Yaxşı-pis Hüquq dövləti hüquq şüurunun
prinsipcə təriqət vərdişinin, camaat qərarının, Atatürkçü
düşüncənin altında sıxışıb qalmasına imkan tanımamalıdır. Digər
tərəfdən, Türkiyə cəmiyyətinin alt sütununda bələdiyyə idarəetmə
anlayışı artıq o səviyyədə yerləşib ki, hökumət özü bir çox
hallarda bələdiyyələrdən asılı vəziyyətdə olur. Ona görə də hökumət
səviyyəsində baş verən çalxalanmaları dərhal bir sistem çöküşü
olaraq izah etmək tamamilə yanlışdır.
Anladığım qədər, Türkiyənin əsas problemi sevgi artıqlığı və
hüquq əskikliyidir. Sən burada müxtəlif kəsimlərlə söhbət edərkən
hər kəsin başqasına iradının bu və ya digər subyektə sevgisinin,
sayğısının az olmasından başladığını sezəcəksən. Solçu və layiq
kimsə üçün Atatürk sevgisinin qabardılması, dindar kəsim üçün
peyğəmbər sevgisi, cəfərilər üçün Əhli Beyt sevgisi, ələvilər üçün
Əli sevgisi, camaat üçün ayrılıqda öz şeyxinin sevgisi hüququn
üzərinə çıxarıldığına görə cəmiyyət sevgi ilə hüququn məsafəsini
dəqiq təyin edə bilmir. Vaxtilə layiq düşüncənin təmsilçiləri
ideoloji yanaşmanı önə çəkərək hüququ arxa planda tuta
bilirdilərsə, sonra dini kimliklə siyasətin üst qatında yerləşənlər
də fərdi həyatda normal qarşılanacaq dini şüuru, ictimai həyatda
cinahlaşmadan çəkinməyərək eynilə layiq kəsim kimi hüquq şüurundan
üstün tutma vərdişindən uzaqlaşa bilmədilər. Nəticədə ideoloji,
siyasi, dini, peşə maraqlarına görə hüquq, insana görə hüquqdan
indiyədək bir addım öndə oldu. İndi 17 dekabr Türkiyəsindən sonrakı
tarix üçün belə bir dəyişmə fürsəti yaranıb. Son vaxtlar Türkiyədə
Baş Nazirin Vəkillər Kollegiyası başqanı ilə, yəni ölkənin əsas
hüquq təmsilçiləri ilə görüşərək çözüm yolları araması bəlkə də ən
müsbət hadisələrdən biri sayılmalıdır. İdarəçilikdə hüquq cinahı
ilə məsləhətləşərək addımlamaq yeni modeli doğura bilər.
Türkiyə həm layiqlik, həm də dinçilik ehkamından hüquqa
transformasiyanı doğru yürüdə bilərsə, Yaxın Şərq üçün, həm də
bizim Azərbaycan üçün hüququn ideologiyaya qalib gələ bildiyi bir
dövlət nümunəsi ola bilər...