Yuxarı

Niyə Prezidentə Vahid Əhmədov müraciət etməlidir?

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl şəhərin mərkəzində icazəsiz aksiya keçirdiyinə görə polisin müdaxiləsi ilə üzləşmiş güruhun ayrı-ayrı üzvlərinin aqibəti Azərbaycanın imicinin əleyhinə istifadə edilməkdədir.

Adətən, radikal hərəkətləri ilə müxtəlif vaxtlarda polisi təxribata çəkməyə çalışan, bu və ya başqa xuliqanlıq əməlinə görə diqqət mərkəzinə düşmüş Tofiq Yaqublunun icazəsiz aksiya zamanı aldığı xəsarətlər az qala dövlət cinayəti kimi təqdim edilir. Ajiotaja o dərəcədə aludə olurlar ki, icazəsi olmayanlar icazəli olanları etdiyi hərəkətə görə məhkum edir, linç edir, dövlətin iradəsini təzyiqlə sındırmağa çalışırlar! Sadə deyək: polisin icazəsi var ki, icazəsiz aksiyanı dağıtsın. Polis bu addım atır. Amma aksiyaya icazəsi olmayanlar icazəli polisi qanuna zidd hərəkətlərdə günahlandırır.

Fəvvarələr meydanında baş vermiş hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu göndərdik. Göndərilən rəsmi məlumatı nəzərinizə çatdırıram:

“Son vaxtlar keçirilməsinə cəhd göstərilən qanunsuz aksiyaların videogörüntüləri internet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə mövcuddur. Həmin görüntülər polisin asayişi pozanlara qarşı qanunla müəyyən edilmiş hüquq və vəzifələri çərçivəsində davrandığını göstərir.

Məlumdur ki, polisin qanunsuz aksiyanın iştirakçılarına qarşı görə biləcəyi məcburetmə tədbirləri qanunvericilkdə müəyyən olunub. Onların sırasına fiziki qüvvənin, əl-qolu bağlama vasitələrinin, o cümlədən qandalın tətbiqi, polis əməkdaşının həyat və sağlamlığına təhlükə yaradanlara qarşı dəyənəkdən istifadə və sair aiddir. Bir neçə gün öncə, dekabrın 1-də, paytaxtın Fəvvarələr meydanında keçirilməsinə cəhd göstərilən razılaşdırılmamış aksiya zamanı da polis tərəfindən lazımi tədbirlər görülərək, qanunsuz toplantının qarşısı alınıb və iştirakçıları ərazidən uzaqlaşdırılıb. Bu zaman polis aksiyanın keçirildiyi ərazini tərk etməyib tabesizlik və müqavimət göstərən şəxslərə qarşı fiziki qüvvə tətbiq edib. Və tətbiq etdiyi fiziki qüvvə qanunvericilyin yol verdiyi həddə olub.

Tofiq Yaqublu ilə bağlı məsələyə gəldikdə isə onun polis əməkdaşları tərəfindən döyülməsi və ya ona işgəncə verilməsi istisna edilir. Bununla belə qeyd olunmalıdır ki, qanunsuz aksiyanın qarşısı alınarkən, onun müqavimət göstərən iştirakçılarının qolunun burulması, ərazidən kənarlaşdırılması, avtomobilə əyləşdirilməsi zamanı kiminsə, hətta polis əməkdaşlarının özlərinin də qolunda və ya bədəninin başqa bir hissəsində müəyyən xəsarətlər, sıyrıqlar, göyərmələr, şişlər yarana bilər. Bu halda xəsarətlərin səbəblərinin müəyyən edilməsi, eləcə də fiziki qüvvənin, xüsusi vasitələrin tətbiq edildiyi digər xüsusatlarla əlaqədar xidməti yoxlama aparılır və nəticələri üzrə qanunvericiliyə uyğun tədbirlər görülür. Sonuncu qanunsuz aksiya ilə də bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti yoxlama aparılır”.

Əlbəttə, kiminsə döyülməsi yaxşı hal deyil. Xüsusilə asayişin bərpa olunması məqsədilə polisin cəlb olunduğu tədbirdə. Pozucular nə qədər aqressiv olsa belə, polisin soyuqqanlılıq ehtiyatı onların qızğınlığını üstələməlidir. Doğrudur, razılaşdırılmamış aksiya məsuliyyət məsələsinin də məxsusluğunu şübhə altına alır. Çünki hadisə sanksiyalaşdırılmamış tədbirdə qeydə alınıbsa, bu zaman ilk növbədə məsuliyyət icazəsiz aktın müəlliflərinin üzərinə düşür. Amma hər bir halda polis asayişə görə cavabdehdir. Deməli, Tofiq Yaqubluya görə də.

İndi isə Daxili İşlər Nazirliyinin sorğumuza verdiyi cavabı təhlil edək.

“Bu zaman polis aksiyanın keçirildiyi ərazini tərk etməyib tabesizlik və müqavimət göstərən şəxslərə qarşı fiziki qüvvə tətbiq edib. Və tətbiq etdiyi fiziki qüvvə qanunvericilyin yol verdiyi həddə olub”.

Burda bir qəbahət yoxdur.

Nazirlik bildirir ki, Tofiq Yaqublu ilə bağlı məsələyə gəldikdə onun polis əməkdaşları tərəfindən döyülməsi və ya ona işgəncə verilməsi istisna edilir. Amma bununla belə, belə başa düşürəm ki, Tofiq Yaqublu asayişin bərpa olunması zamanı xəsarət də ala bilərdi. Çünki qanunsuz aksiyanın qarşısı alınarkən, müqavimət göstərən iştirakçılarının qolunun burulması, ərazidən kənarlaşdırılması, avtomobilə əyləşdirilməsi zamanı kiminsə, hətta polis əməkdaşlarının özlərinin də qolunda və ya bədəninin başqa bir hissəsində müəyyən xəsarətlər, sıyrıqlar, göyərmələr, şişlər yarana bilər.

Düzdür, xidməti yoxlama aparılır və yəqin ki, faktla bağlı aydın cavab olacaq, bu öz yerində. Amma məni bu saat işin başqa tərəfi maraqlandırır. Məsələn, niyə dövlət strukturları, hətta güc orqanları belə, məruz qaldıqları təzyiq qarşısında sanki çəkinərək cavab verirlər. Rəsmən bildirilib ki, razılaşdırılmamış aksiyaya yol verilmir! Həm də o səbəbdən ki, pandemiyadır! Əlavə məhdudiyyətlər də var! Belə aksiyaya cəhd edilərsə, akt qanunsuz hesab ediləcək və qarşısı alınacaq!

Aksiyanın razılaşdırılmadığı deyəsən artıq unudulub. Tofiq Yaqublu isə əzabkeş obrazında kanal-kanal gəzir! Niyə? Bir az da bəsit düşünək: hesab edək ki, piyada yolu nəzərdə tutulmamış yerdən keçib və onu maşın vurub. Günah kimdədir? Əlbəttə, piyadada.

İkincisi, Tofiq Yaqublunun aksiyaya qatılmaq səbəbi barədə. Deməli, Saleh Rüstəmli adlı keçmiş məmur aclıq elan edib. Həbsdən azad edilməsini tələb edir. Əlbəttə, kiminsə həbsdə qalmasını arzulamıram. Yəqin gözləyənləri arasında körpə nəvələri var və s. Allah qapısını açsın. Amma qanuna uyğun şəkildə. Tofiq Yaqublu isə bu yolu yox, Əli Kərimlinin pələngi, daha doğrusu çərpələngi kimi kütlə küləyinin səmtinə o divara, bu divara dəyir.

Diqqət! Hər hansı istəyi dövlətə təzyiq yolu ilə reallaşdırmağa çalışmağın özü böyük yanlış, qəbahət, hətta cinayətdir.

Maraqlı bir incəlik. Deməli, bildiyimiz budur ki, Saleh Rüstəmli aclıq elan edir ki, onu buraxsınılar. Yəni azadlığa çıxmaq istəyir. Amma bu görünmür axı. Görünən odur ki, Saleh ya özü, ya da ondan istifadə edənlər dövlət qarşısında iddia, hikkə gücü nümayiş etdirir! Çünki azadlığını səmimi şəkildə istəyən Saleh Rüstəmli belə də edə bilərdi. Məsələn, həbsxanadan Prezidentə müraciət edə bilərdi. Tutaq ki, belə: “Hörmətli cənab Prezident. Mən Saleh Rüstəmliyəm. Törətdiyim cinayətə görə filan qədər azadlıqdan məhrum edilmişəm. Onun bu qədərini çəkmişəm. İndi səhhətimdə problem yaranıb. Vəziyyətim yaxşı deyil. Zəfər günü münasibətilə amnistiya verilməsi xəbəti məni çox sevindirmişdi. Əvvəla, bu qərara görə bütün məhbus yoldaşlarım adından minnətdarlığımı bildirirəm. İkincisi də, cənab Prezident, amnistiyanın məni də sevindirəcəyini gözləyirdim. Çünki Gədəbəyin Şınıx kəndinin müdafiəsinin təşkilində o zamankı icra başçısı tək mən də yaxından iştirak etmişəm. Ona görə də özümü Zəfər amnistiyasına layiq bilirəm. Cənab Prezident! Həbsdə olduğum müddətdə çox şeyi başa düşdüm. Səhvlərim olub, amma məncə, artıq islah olunmuşam. Nüfuzunuzdan istifadə edərək mənim işimi şəxsi nəzarətinizə götürməyinizi xahiş edirəm. Əfv edilərəmsə, yenə də dövlətimizin sərəncamında olacam. Hörmətlə Saleh Rüstəmli və sair və ilaxır...”

Yəni, bağışlanmağı da normal adam kimi, alicənabcasına xahiş etmək lazımdır. Yoxsa, günahım yoxdur, aç burax! Yoxsa özümü acından öldürəcəm nə deməkdir?! Təkrar edirəm: yəqin ki, heç kim onun həbsdə saxlanılmasını gecə-gündüz arzulamaqla məşğul deyil. Amma məsələ burda istəyin ifadə tərzindədi. Əgər məqsəd həbsdən azad etmək idisə, Saleh Rüstəmli nəzakətlə, ehtiramla müraciət ünvanlaya bilərdi. Bu boyda pressinqə, təzyiqə ehtiyac da yox idi.

Niyə Prezidentə Vahid Əhmədov müraciət etməlidi? Niyə Saleh özü müraciət etmir? Deməli, bu təzyiqlər, aclıq-filan əslində Salehin azadlığı üçün deyil, dövləti gözdən salmaq, pis nümunə yaratmaq məqsədi üçündür. Dövləti günahkar çıxarmaq üçündür! “Baxın, dövləti bağırda-bağırda aldım azadlığımı” deməkdən ötrüdür. Sonrakı zəncirvari aclıqlar, bir-birilə bağlı məhbus aksiyaları, bəlkə məhbus qiyamları üçündür. Saleh Rüstəmli testdi bəlkə də?

Bəlli deyil. Bu aksiya, Saleh ətrafında yaradılmış ajiotaj Salehin günahsızlığını, dövlətin günahkarlığını sübuta yetirmək məqsədi daşıyır!

İndi isə xatırlayaq: qaragüruh iddia edir: 1 dekabr aksiyası guya amansızlıla dağıdılıb. Burda harda görürsüz amansızlıq?

Hardadı burda amansızlıq? Qolu qanırmaq? Yol verilir. Maşına aparmaq tərzi? Qanun icazə verir! Maşına minmək istəməyənləri zorla mindirmək? Qanuna zidd deyil! Amansızlıq budur e. Parisdə, Berlində, Brüseldə...

Rusiyada polis əməkdaşının əlində soydaşımızın həlak olduğunu unutmuşuq yoxsa?!

Burda neçə gün donkixotluq etdik, Rusiyaya meydan oxuduq?! Basdırıgindən day basdırma düzəltmişdik e. Nə oldu? Bütün cidd-cəhdlərimizə baxmayaraq, insan ölümünə səbəb olmuş polis əməkdaşı bəraət aldı. Rusiya qanunları həmvətənimizi bağışladı? İçəridədi e adam. Bəlkə biz qarışmasaydıq tutulmamaq şansı da ola bilərdi.

Bəs burda nə baş verib? Tofiq Yaqublu icazəsiz aksiyaya qatılmamalıydı! Təşkil etməməliydi! Səhv, qəbahət budur. Polisin müdaxiləsi yox!

Tarix
2021.12.13 / 09:00
Müəllif
Mir Şahin
Digər xəbərlər

Özünü ziyalı hesab edən qorxaq ikiüzlülər, hardasınız?

Yaşlı küçə cütlüyü olan xain idbarlar…

Bu adama, onun titullarına, mövcudluğuna tüpürdüm

Namizədlər, bağışlayın, amma yalan danışırsınız!

Mir Şahin bu xanımı yerlə-bir etdi - Video

Bu irin topasını şəxsən təmizləyəcəm

Ordu Günündə tariximizə xain atəş açıldı: Öl!

Çingiz Abdullayevi onlar zəhərləyib...

AŞPA bizdən bunu tələb edirdi!

Çingiz osmanqızı səviyyəsində idi: böhtançı, qərəzli…

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla