...İndi onların məzarları arasında nə az, nə çox, 50
metr məsafə var. Ölüm də onları ayıra bilmədi, yolları ayrılsa
da.
Rəcəb və Ridvan uşaqlıqdan dost olublar. Ərzurumda bir yerdə
oynayıblar, seviniblər, gülüblər, arzular, xəyallar qurublar,
dağıdıblar. Onlar həm də qohumdurlar. Amma qohumluqdan çox, dostluq
bu iki gənci bir-birinə bağlayıb.
***
Avqustun 19-da Türkiyənin Siirt bölgəsində hərbi maşın
partladılır. Şəhid olan 8 əsgər arasında Rəcəb Bəycur da var. Onun
cənazəsi doğma şəhərinə gətirilir və dəfn olunur.
Çox çəkmir, sentyabrın 10-da Ərzurumda Rəcəbin məzarının 50
metrliyində uşaqlıq dostu Ridvan İpək dəfn olunur.
Ridvan Tuncelidə polis idarəsinə hücum zamanı öldürülür. Bir
polisin öldüyü silahlı qarşıdurmadan PPK-çı Ridvan sağ çıxmır. Onu
doğulduğu Ərzurumda dostu Rəcəbin yanında torpağa tapşırırlar.
***
Bu qədər soyuq və ağrılı ölümlər... İki qardaşı bir-birinə
düşmən edən gərəksiz müharibə, qan-qada, göz yaşı, nakam tale və
hələ böyümədən məzara gömülən arzular.
Bu savaşdan silah alveri edənlər, Türkiyəni gözü yaşlı görmək
istəyənlər, qardaş qırğını arzulayanlar qazandı. İtirən Türkiyə
oldu. Çünki hər ikisi bu ölkənin vətəndaşı idi.
Rəcəb və Ridvan isə uşaqlıqda xəyal belə etməzdilər ki, haçansa
böyük oyunların qurbanı olacaqlar. Biri terrora qarşı mübarizə
apararkən, ən əziz dostu terrorçu çıxır.
Ridvanın polis idarəsinə hücum edərkən vurduğu polis elə hərbi
maşında partlayıb həyatını itirən uşaqlıq dostu Rəcəb də ola
bilərdi.
İndi hər iki gəncin valideynləri dizlərini qucaqlayıb göz yaşı
tökməkdədir.
Türkiyə isə müharibənin tən ortasına salınıb, hələ neçə belə
canlar tələf olacaq...