PAPA AĞ EVDƏ VƏ PUTİN
MƏSCİDDƏ
Ötən həftənin mühüm beynəlxalq hadisəsini əsas informasiya
nəhəngləri olan CNN və BBC televiziyaları müəyyənləşdirdi. 4 gün
ərzində dünyanın hər tərəfinə yayımlanan xəbərlərdə katolik
aləminin misilsiz gücü nümayiş olunurdu.
Hər gün qaynar nöqtələri bəşəriyyətin vahid evinə daşıyan
kütləvi məlumat mərkəzləri birdən-birə hamını katolik messialarının
və dini liturgiyalarının iştirakçısına çevirmişdilər. Soyuq
müharibənin yekununda üz-üzə gələn Qorbaçovla 2-ci İohan Pavelin
görüşünün yol açdığı epoxal dəyişiklərə bərabər siqnallar
şərhçilərin dilindən düşmürdü. Avropa və Amerikanın siyasi fikir
laboratoriyaları Roma Papası 1-ci Fransiskin ABŞ-a və Kubaya
səfərinə gələcək dünya nizamını təmin edən mühüm tarixi hadisə kimi
yanaşırdılar.
Onsuz da kilsələrə təkcə Allaha ibadət yeri deyil, həm də
xalqları itaətə gətirən məbədlər kimi baxdığımızdan "müqəddəs
ata"nin min kilometrlərlə məsafə qət edərək, fərqli cografiyaları
və bir-birinə zidd siyasi rejimləri bir araya gətirməsində
qeyri-adilik axtaran yox idi. Axı sayı milyarddan artıq insana
rəhbərlik edən dini mərkəz əsrlər boyu kralların taxt-tacının
etibarlığının əsas zəmanətçisi olub.
Məgər, Napoleon ordusu kütlələrin "azadlıq" şüarları altında Romaya
daxil olarkən işğal etdikləri ərazilərdə kardinallarla müqavilə
bağlamaqdan vazmı keçdilər? Əsla yox. Böyük fransız sərkərdəsi
təkcə at belində fateh olmağı deyil, həm də bağlı qəsrləri və
qalaları ələ keçirmək üçün rahibləri və yepiskopları özünün
ordusuna qatmışdı. Parisdə restavrasiya olunan kilsələr də buna
xidmət edirdi. Lakin Napoleon Papa 7-ci Piyin əlindəki tacı əsil
korsika dağlısı kimi kobudluqla alıb başına qoyanda düşünməliydi
ki, onun taxtının dayaqlarını sarsıdan ilk növbədə kilsələr, dini
ehramlar olacaq.
Sui-qəsdlərlə dolu olan siyasi tarixin istənilən döngəsində dini
hücrələri dövlət sarayları ilə birləşdirən yeraltı yolları heç kəs
dağıtmaqda maraqlı olmayıb. Çünki hökmdarlar hər zaman Tanrıya və
onların yerdəki elçilərinə pənah gətirməkdən başqa çarə
tapmayıblar. Lenin kimi tarixi qanunuyğunluqların əksinə gedənlər
isə çox yaşamayıblar, vücudlarında gizlətdikləri allahsızlığın
bədələni çox ağır ödəyiblər.
Roma Papası cəmi bir il öncə əzəli düşmənləri barışdırdığı
Kubanı ziyarət edərkən o ölkənin kommunist keçmişinə və indisinə
yağdırdığı lənətləri unutmağa məcbur idi. Sovetlər Bilriyinin
Amerikaya açılan pəncərəsini o zamanlar kim söymürdü ki? Lakin indi
11 milyonluq xalq ötən əsrin 60-cı illərindən məruz qaldığı blokada
və diplomatik təcridetmədən çıxdığına görə məhz Vatikana borcludur.
Doğrudur, hələ ilk addımlar atılır və barış missiyasını irəlilətmək
üçün hələ çox işlər görülməlidir. Uzun onillər qarşılıqlı
düşmənçilik çox dərin izlər qoyub. İndinin özündə də yaşlı
kastroçular Amerikanın kəskin dəyişməsində bir hiylə və məkr
görürlər. Lakin onlar Papanın dünyəvi missiyası qarşısına çıxmaqda
acizdilər. Çünki xalq kasıbdır, SSRİ adlı nəhəng imperiya xəritədə
yoxdur, əfsanəvi inqilabçı isə uzun illərdi canı ilə əlləşir.
Yeri gəlmişkən, Fransisk Kubanın Azadlıq meydanında çıxışı
zamanı kütlələrin qəlbini oxşayan daha bir incə məqama əl atır. O
deyir: "Mən indi Çe Geveranın simasını görürəm".
Məşhur Çeni təkcə kastroçuların deyil, bütün latın
amerikalarıların ilahiləşdirdiyini heç şübhəsiz hamı bilir. Lakin
Vatikan dövlətinin başçılığına qədər elə həmin Argetinadan -
yezuitlərin ordenini alaraq dünya katoliklərinin liderliyinə doğru
gözlənilməz sıçrayış edən 1-ci Fransisk bunu başqalarından daha
yaxşı anlayır. Çünki özü bir vaxtlar komandantelərin kütlə
inqilabına başçılıq etdiyi torpaqlardandır. Ona görə də Papanı
tez-tez solçu, yaxud kommunist baxışlarının daşıyıcısı olmaqda
qınayırlar. Halbuki müqəddəslərin partiyalılığı, sinfi və milli
mənsubiyyəti olmur.
Yəqin Ağ Evi heç vaxt belə görməmişdiniz.
Fransa inqilabının gətirdiyi hakimiyyət bölgüsü ənənələri orada
tamamilə itərək, dinin dövlətdən ayrı olduğu barəsindəki balladalar
bir andaca yox olmuşdu. Dünyanın fərqli hakimiyyət başçılarını
qəbul edərkən öz bəyazlığını qoruyub saxlayan bu əzəmətli siyasi
mərkəz bir günlük də olsa, öz libasını dəyişmişdi. Vaşinqton -
bütün Amerika demək olmasa da, on minlərlə insan müqəddəs dini
lideri alqışlamaq üçün meydanlara çıxıb və əlahəzrətə əllərini
toxundurmaq üçün kiçik maneələri aşmağa can atırdılar. Papanın
şərəfinə düzülmüş hərbi dəstələrin haradan gətirdliyini isə
soruşmağa heç kəsin ixtiyarı yoxdur. Çünki tribunaya qalxarkən
Beynəlxalq Trubunalın deyil, məhz dünyanı idarə edən mərkəzlərindən
birinin başçısı olan 1-ci Fransisk ağ əbası altında qoruyub
saxladığı dövlət və din təəssübünü bir an belə kənara qoymur. Axı
son illər kilsənin ətrafında baş verən qalmaqallar elə Avropanın
özündə nə qədər tərəfdar itkisinə səbəb olub. Elə isə Yaxın Şərqə
göndərilməli olan, bəlkə İraqdan və Əfqanıstandan çıxarılıb
gətirlimiş kiçik Amerika ordusunun cəmi bir taboru orkestrin
müşayiəti ilə pontifikin qarşısından keçərkən Papa çöhrəsindəki
təbəssümü əskiltmir və dünyanın dörd bir yanına mesaj göndərir ki,
o, Amerikanı mühakimə etməyə deyil, onunla müttəfiq olmağa
gəlib.
Vatikan bankının pulları dövlətlərin sərəncamında olan
sərvətlərdən daha çoxdur və dünyanın vahid hakimiyyətini qurmağa
iddialı olanları öz nüfuz dairələrini genişləndirməkdən başqa heç
nə düşündürmür.
Axı iqtisadi böhranın tüğyan etdiyi və yüz minlərlə insanın
həyatını itirdiyi bir dönəm kimiləri üçün fəlakət anı başqalarına
hökmranlıq fürsəti deməkdir. Roma kilsəsinin avtoriteti həm də
ondadır ki, dünyaya jandarm kimi diqtə edən siyasi paytaxtlardan
fərqli olaraq yoxsullar, kimsəsizlər və xəstələr - "qızıl
milyard"ın kənarında qalan bütün binəvalar Papanın messialarını
ilahi göndəriş, dirilik və hüzur üçün peyğımbər çağırışları kimi
qəbul edirlər. Belə şəraitdə savaşan xalqlar arasında sülh
təşəbbüsündə bulunmaq, ali məhkəmə rolunu öz üzərinə götürmək,
hamını barışa səsləmək və humanist hərəkətlərdə bulunmaq əsil
xeyirxahlıq nümunəsi deyil, bəs nədir?
Əhalisinin böyük əksəriyyəti - üçdə ikisini protestantlar təşkil
edən Amerikanın katolik aləminə hər zaman mənfi münasibəti fonunda
sonuncu papalar bu qarşılıqlı inamsızlığı aradan qaldıra biliblər.
Təkcə 80 milyondan artıq insanın deyil, həm də Asiya və Afrika
qitəsinin katoliklərinin səcdə etdiyi bir mərkəzin dini liderinə
Amerikanın bütün siyasi hakimiyyət qollarında yüksək ehtiram
göstərilir. Çünki 80 milyondan artıq katolikin dövlət orqanlarında
təmsilçiliyi də kifayət qədər yuxarı həddədir. Ali Məhkəmənin 9
hakimindən 6-sı, Konqres üzvlərinin 31 faizi, indiki prezidentlik
marafonuna çıxanlardan isə 6 nəfərinin və 44 prezident içərisində
yalnız Con Kennedinin adı bir ölkənin tarixində xüsusi yerə iddia
edənlərin lideri üçün bütün taxt-taclara yuxarıdan aşağıya baxmağa
mənəvi haqq verir. Demokratik bir ölkənin gücü də bundadır - orada
seçilmiş varlı qanunvericilərin qarşısında Fransisk əsil Monteskyö
kimi senatorlara hüquq dərsi keçir, onları təmsil etdikləri xalqı
unutmamağa çağırır, vəzifənin daimi olmadığı haqda
öyüd-nəsihətindən də qalmır. Halbuki Kapitoliyə can atarkən o,
Obama ilə görüşündə apardığı müzakirələr haqqında heç bir məlumat
vermir və kardinallar - onu müşaiyət edən peşəkar komissarlar bunu
şəxsi söhbət kimi qələmə verirlər.
Malta adasında Sovet rəhbərini də beləcə məxfi danışıqlara tutub
bir imperiyanın sonuna fərman vermişdilər.
Buna görə də protestant və katolik olmasından asılı olmayaraq,
xristian dünyası vahidliyini qoruyub saxlaya bilir. Ən azı yeni
siyasi düzən Vatikanın versiyasına görə ona yaxın olan elitaların
hökmranlğına xələl gətirməməlidir. Əsil yezuit yanaşmasıdır
-"məqsəd vasitəyə haqq qazandırır".
Dünya hər hansı bir siyasi lderin deyil. Vatikan başçısının BMT
kürsüsündən sülh və ədalət çağırışına daha çox tapınır və Papanı
alqışlayır. Axı müharibələrin qırıb əldən saldığı xalqların başqa
alternativi yoxdur!
Lakin Fransiskin cəmi bir il öncə Romaya dəvət edib böyük
"yeddilər"in sanksiyalara məruz qoyduğu Rusiya lideri həmin əks
qütbü formalaşdırmağa çalışır. Xatirinizdə olar, onda Putini öz
rezidensiyasında yüksək qonaq kimi salamlayan Vatikan rəhbəri
Ukraynadan ona dikilən gözlərə və işğalçıya cəza çağırışlarına
məhəl qoymadan böyük bir ölkəni Avropadan ayırmağa "yox" deməyə
çalışmışdı. Baxmayaraq, pavoslav bir ölkədə - Rusiyada katoliklər
bir neçə yüz mindir, əhalinin heç bir faizini də təşkil etmir,
lakin ortada təsir dairəsi uğrunda savaş getdiyi bir vaxtda Vatikan
dünyası sadəcə Brüsseldən gələn direktivlərlə işləyə bilməzdi.
BRİKS – bu, Yer kürəsindəki quru ərazilərin 25 faizi deməkdir,
dünya əhalisinin 40 faizi, xammal və mineral ehtiyatlar, meşə və su
mənbələrinə söykənən nəhəng bir cazibə mərkəzini heç kəs bir qırağa
ata bilməz. Üstəlik, Rusiya liderinin müsəlman aləminə doğru uzanan
əllləri, bağladığı böyük müttəfiqlik sazişləri, hərbi yardımlar da
Papanın Putinə sülh carçısı olduğunu təsbit edən və onu "mələk"
statusunda rəsmiləşdirən ordenlə müküfatlandırmağa vadar etmişdi.
Razılaşın ki, bütün Qərb mediasının amansız hücumları qarşısında bu
rus liderinə göstərilmiş böyük iltifat idi.
Dünənsə Obama uzun müddətli sanksiyalardan sonra Rusiya
prezidenti ilə bir masa arxasında badə qaldırırdı.
Kremlin bir addımlığında Ərdoğanın və Mahmud Abbasın iştirakı
ilə 10 min adamın eyni vaxtda dini rutuallarını yerinə yetirəcək
bir məscid açan ölkədə kimsə müsəlmanların sıxışdırıldığından necə
danışa bilər? Onların qabağına dərhal Qərbin "kafir"lərlə apardığı
mübarizədə həyatını itirən milyonlarla cəsəd və xarabazarlığa
çevrilən torpaqlar qoyulacaq. Ruslar uğurla dini müharibəyə
oynamağı bacarır və islamçıların himayəçisi rolunda çıxış
edirlər.
3-cü Vizantiya statusuna iddia edən, Papa ilə Yaxın Şərqin
xristianlarının xilası haqqında düşünən bir şəxs çox ustalıqla
Ukrayna münaqişəsindən sıyrılıb Suriyaya qoşun göndərir, Tartusda
Əsədə son sığınacaq adı ilə böyük bir coğrafiyada Qərblə savaş
cəbhəsi açır, İŞİD-in boş yerindən yaranmadığını anqlosaksların
üznünə çırpır, onları mühakiməyə qalxır. Başqa liderlərdən kim belə
cəsarətli hərəkət edə bilir? Baxın, rus millətçilyinin arqumenti
bundan ibarətdir.
Halbuki bunu Ərdoğan etməliydi. Türkiyə lideri isə hökumətsiz
qaldığı səbəbilə İranla heç bir uzlaşma tapmadan və bütün Avropa
paytaxtları ilə siyasi ixtilafda olduğu üçün Moskvaya gəlməyə
məcbur idi.
Putin çeçen liderinə bir ölkə miqyasında hüdudsuz ixtiyar verib,
onu siyasi vəziri yerinə qaldırıb və Kadırovun siyasi ierarxiyadakı
mərtəbəsinə qısqanan daxili və xarici düşmənlərinə və Papanın
keçmiş sovet satelliti ilə birləşdiyi Amerikanın qarşısına O,
siyasi rejim formasından asılı olmayaraq hamilik etdiyi islam
dünyası ilə çıxır.
Axı müsəlmanların vahid lideri yoxdur və onlar başqa dini
rəhbərləri Birləşmiş Millətlər Təşkilatında salamlamağa
məcburdular. Səud kralını mühakimə edən və Məkkə ayaqlanmasında
həyatını itirənlərə görə məhkəmə tələb edən İran lideri Yaxın
Şərqin yanan ocağını söndürmək üçün ABŞ-la əvvəlki düşmənçiliyi
deyil, son barış dilini danışır. Halbuki, Məkkəni Təbrizə köçürmək
mümkün deyil və kral ailəsi mühakimə olunsa da, İranın hazırki
siyasəti onu müsəlmanların dini-mədəni və mənəvi məbədinə
çevirməyəcək.
Putinin BMT tribunasından bir daha islam dünyasının və dininin
böyüklüyündən danışması kütləvi köçkün axınına məruz qalmış
Avropadan və Amerikanın əleyhinə olan beynəlxalq şəraitdən
bəhrələməsi deməkdir. Kremldə Papanın şərəfinə ordu kimi düzülməyən
rus elitası azan səsindən rahatsız olmadığını dünyaya göstərə
bilir. Axı 26 milyonluq islam etiqadlısı bu gün Yaxın Şərqdəki kimi
qırılıb soyqırıma uğramır.
Hər halda müsəlmanların Fransisk kimi qəbul olunan başçısı
yoxdur. Ona görə, Roma Papası Ağ Evdə, Putin məsciddə dünyanın
taleyini həll edirlər.
Allahın evi dövlət başçılarının evinə çevrilib!