Qadınlar ömür boyu
anlaşılmaq problemi yaşayıblar. Ya da anlaşılmadıqlarını iddia
edərək kişiləri ittiham etmək üçün əbədi bəhanə
tapıblar.
Sonra bir dahi kişi çıxıb (deyəsən Oskar Uayld idi o dahi)
"Qadınları anlamağa çalışmayın. Onlar anlaşılmaq üçün deyil,
sevilmək üçün yaradılıblar" deyərək məsələni qadınların könlünü
alaraq kişilərin xeyrinə həll etməyə çalışıb.
Adam yaşlandıqca, təcrübə qazandıqca bir məntiqlə başqa məntiqi
mühakimə etməməyi öyrənir.
Bəlkə də, qadınları çözmək, məsələn, bildiyin xarici dil təkcə
almanca olduğu halda ingiliscə olan romanı anlamağa çalışmaq qədər
absurdur. Ya da ərəbcə bildiyin halda farsca oxumağa çalışmaq kimi
bir şey... Oxşar bir neçə sözə baxıb özündən məna çıxarıb mətni
anlamaq istəmək kimi mənasız.
Normal məntiqlə yanaşsaq, belə mövzuları ancaq bekar adamlar
müzakirə edə bilər. Sonucda qadın da, kişi də insan... Gəl ki qadın
məntiqi hadisələrə normal məntiqlə yanaşmağa imkan vermir. Yəqin,
elmdə olan formal məntiq və riyazi məntiqdən başqa bir də həyatın
yazılmamış qanunlarına görə qadın məntiqi var ki, işlər o məntiqlə
həll olunanda dalana dirənir.
Tələbə vaxtlarımda bir yaxın dostum vardı. Dostluğumuza səbəb
şəhər uşağı və bizdən də 3-4 yaş böyük (istədiyi ixtisasa qəbul
olmamışdı deyə oxumamışdı) olması idi yəqin ki. Çox şey yaşamışdı,
pafoslu və emosional da danışığı vardı. Nəsə problemi olanda, 22-24
yaş arası qızın içindəki güclü, özünəinamlı qadın tələm-tələsik
özünü yetirirdi. Həmişə şən görünsə də, qap-qara, yumru gözlərində
qəribə kədər vardı. Yarı yalan, yalan doğru həyatından maraqlı
hadisələr danışıb həmişə maraq obyekti ola bilirdi. Boşuna
xatırlamadım onu, qadın-kişi mövzusunda ondan çox şey öyrənmişəm.
Bunu da o danışmışdı:
"...İlk aşiq olduğum adam ondan sonrakı yaşamımı cəhənnəmə
çevirdi rəsmən. Eşqin eyforiyasından ayılmamış, "Məni atıb gedən
sevgilimi hələ də unuda bilməmişəm. Səndən ayrılmaq istəmirəm, amma
onu düşündüyüm halda münasibəti bu cür saxtakarlıqla davam etdirmək
də düzgün deyil", - deyib getdi. Aylarla özümə gələ bilmədim. Sonra
ondan "qisas" almaqçün ən filan-filan adamlara baş qoşdum. Ən
münasib sevgi təkliflərinə "hə" deyib münasibət qurdum. Və
"bumeranq" başlandı... Onun mənə etdiklərini mən başqalarına etməyə
başladım. Labirint kimi həyat, sevgilər "qisas" üstündə
quruldu.
Üstündən bir ildən çox vaxt keçib, arada-sırada yazır. Keçən
dəfələrdə də Votsapa "İndi sənin nə hiss etdiklərini daha yaxşı
anlayıram. Hiss etdiklərinin hamısını anlamışam, vallah", -
yazmışdı...
Yadıma kişilərin qadınları anlaması ilə bağlı min cür misal,
məsəl, lətifə, hekayə düşdü. Gülümsəyib, "tez deyil ki?" yazdım. Ya
anlamadı, ya da özünü qanmazlığa vurdu. Mən bir il qabaq da bu
dildə danışırdım".