Cəmiyyətin
təfəkkürünü
formalaşdıran əsas
atributlardan üçü –
jurnalistika, film və musiqi getdikcə öz mahiyyətindən
uzaqlaşmada... Və Polad Ələmdarla Elza Seyidcahan mətbuatın
künc-bucağında qucaqlaşmada.
Çağdaş dünyada informasiya narkotik kimi bir şeydir. Hansı tip
informasiyanı xalqın beyninə vursan, ona aludə olacaq, o tip
xəbərlər tələb edəcək. İndi jurnalistikamız insanlara Seyidcahan
Elzanı yox, İbrahimova Elzanı göstərsə, cəmiyyətin jurnalistika
zövqü də, musiqi zövqü də formalaşar.
Jurnalistika
Hələ o vaxt böyük Həsən bəy Zərdabi qəzetin adını "Əkinçi"
qoyanda düşünməmişdi ki, dırnaqarası əkinçilər torpağı qazıb bu
sənəti yerin dibinə soxacaqlar. Əkinçilik mədəniyyətini çoxları
yanlış anlayıb, Röyanın ayaqqabısının palçığı ilə əlləşir. Ola
bilərmi ki, "əkinçi" sözü onları bu qədər palçığa bulaşmağa vadar
edir? Bu da bir yalan fərz.
Mirzə Səfər, vallah, mən Həsən bəy Zərdabini "qanuni oğru" kimi
təqdim edən zərdablı qaqaşlar görmüşəm. Analiz edəndə Zərdabi ilə
hətta qanuni oğru kimi fəxr etmək, onu ayaqlar altına atmaqdan
yaxşıdır.
Böyük bəstəkar Elza İbrahimova haqda bir kəlmə yazmayanların
Elza Seyidcahan haqda xəbərləri tirajlaması mədəniyyətə
mədəniyyətsizlik baxışıdır.
Mirzə Səfər, sən allah, JEK müdirinə etiraz edə bilməyib, rüşvət
verən qullara de ki, qələm əhlinin üstünə xoruzlanmasınlar. Vallah,
biz də Həsənağanın qohumuyuq.
Film
Çağdaş film sektorumuzun vəziyyəti haqda bir cümlə ilə
kifayətlənmək olar: "Gör işin harasıdır ki, insanlarımız 20 ildir
"Təhminə"ni müzakirə edirlər". 20 ildir cəmiyyət müzakirə etməyə
film tapmır. Ona gör də "Qurdlar vadisi" bu ölkədə belə maraqla
izlənilir. Axı sovetin "vorzakon" sistemi ilə böyüyən bu gəncliyə
Poladın mafiyozluğunu göstərmək nəyə lazım? Bax, ondandır ki,
məktəblilər 9-cu sinfə çatan kimi qara kostyum geyinib "Xaç atası"
olmaq istəyir. Əşşi, Molla Sadıq, sən canın, "Xaç atası" olmaq
istəyən başıboş bir oğlan sabah övlad atası ola bilərmi? Bax, bu da
filmimizin bu gündə olmasının ağır fəsadı. İçində nəsə qədim zəngin
əşyalar olsa da, bərbad gündədir onun fasadı. Belə yerdə biri çıxıb
deməlidir: "Kələntər əmi, ürəyimi nişan al, ağrıdır axı".
Musiqi
Musiqimiz haqda çox fikirlər səsləndirilib. Məsələn, "indi xalq
Mehdizadə Üzeyiri Hacıbəyli Üzeyirdən çox sevir", - deyirlər. Bu
cümlənin özü, ümumiyyətlə, bu haqda danışmaq belə, Azərbaycan
musiqi sənətinin üzünə tüpürməkdir. Bu, vandalizmdir.
Cəmiyyətimizin nəhəng bəstəkar Bethoven haqda bildiyi bir şey var:
Bethoven kar olub. Pah, nə böyük şeymiş. Öz qulaq zövqünün dadını
bilməyənlərin Bethovenin qulaq seyvanı ilə bu qədər əlləşməsi də
qəribədir, vallah. Üzeyir bəy, sən sağsan, amma musiqimiz
qəbirdədir, vallah.
Molla Sadıq, canım üçün, sənin də dövranın keçib. İndi elə
mollalar var ki, şeytana corabı tərs geyindirirlər. Yəni indi poçt
qutusu da nəzir qutusudur.