Azərbaycana baxın! Sülh
üzrə Nobel mükafatına ən layiqli namizəd üçün...
Bilmirəm, sentimental, ya da
pafoslu səslənərmi? Az qala hər bir təhsilli, dünyagörüşlü
azərbaycanlının qəlbində bir Nobel nisgili var...
Hər il Nobel mükafatları təqdim
olunanda bu hiss daha qabarıq üzə çıxır. Və təbii olaraq, hər
birimizin beynində müəyyən suallar yaranır: görəsən, əsas maliyyə
vəsaiti Bakı neftinin hesabına formalaşmış Nobel mükafatına
ölkəmizdən də kimsə layiq görüləcəkmi? Nə vaxtsa, nəhayət, bu
"tilsim" qırılacaqmı? Ölkəmizdən bu mükafata ən layiqli namizəd kim
(və ya kimlər) ola bilər?
Xatırladaq ki, dünyanın ən nüfuzlu
ödülü sayılan Nobel mükafatları fizika, kimya, fiziologiya və tibb,
ədəbiyyat, sülh və iqtisadiyyat sahələri üzrə verilir.
Konkret olaraq, Sülh üzrə Nobel
mükafatı ölkəsində və bütün dünyada Sülhün və Humanizmin bərqərar
olunması naminə gərgin və səmərəli fəaliyyət göstərən şəxslərə
təqdim olunur. Belə mühüm fəaliyyətlə məşğul olan şəxsiyyətsə
Azərbaycanda var! Onu artıq bütün dünya tanıyır. Heydər Əliyev
Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət
vəkili Mehriban xanım Əliyevanın regionda və dünyada Sülhün və
Humanizmin qorunması yönündə çoxşaxəli fəaliyyəti böyük nüfuz
sahibi olan ayrı-ayrı şəxslər, tanınmış institutlar, klublar
tərəfindən yüksək qiymətləndirilib. Bunlar bəşəriyyətə və insanlığa
böyük xeyir gətirən, insanlarda gələcəyə böyük ümid yaradan son
dərəcə nəcib işlərdir. Praqmatikliyi və bu keyfiyyətlə uzlaşan
intellekti, qlobal düşüncə tərzi, yüksək mədəniyyəti, humanist
fəaliyyəti onu bəşəriyyətin ən nəhəng mükafatı sayılan Nobel
mükafatına addımbaaddım yaxınlaşdırıb. Mehriban xanım Əliyevanın
təşkil etdiyi beynəlxalq tədbirlər, həyata keçirdiyi qlobal
layihələrlə yanaşı, böyük maraq kəsb edən çıxışları da bütün
dünyanın diqqət mərkəzindədir və yəqin ki, bütün nüfuzlu klublar
kimi Nobel Komitəsi də onun fəaliyyətini izləyir. Sülh üzrə Nobel
mükafatına layiq görülənlərin işlərini diqqətlə izlədikdə görürük
ki, onların əksəriyyətinin fəaliyyəti miqyas baxımından Mehriban
Əliyevanın fəaliyyətinin yalnız bir hissəsi sayıla bilər. O,
ölkəsinin və bəşəriyyətin qarşısında duran problemləri gözəl
anlayır, araşdırır, çıxış yollarını arayır və var gücü ilə onların
həllinə çalışır...
Mehriban Əliyeva bütün xarici
səfərlərində, keçirdiyi çoxsaylı görüşlərdə Dağlıq Qarabağ
münaqişəsini, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi
Azərbaycan ərazilərində maddi və qeyri-mədəniyyət abidələrini
vəhşicəsinə dağıtmasını diqqət mərkəzində saxlayır, xoşməramlı
səfir kimi bəşəriyyəti dialoqa və qarşılıqlı anlaşmaya çağırır. O,
dinlərarası və sivilizasiyalararası dialoqa töhfələri, milli mənəvi
dəyərlərə ehtiramı ilə həm də yeni minillikdə qədim dəyərlərin,
ənənələrin hamisidir. Sivilizasiyalararası dialoqda gənclərin, elm
və mədəniyyət xadimlərinin roluna hər zaman önəm verən Mehriban
xanım Əliyeva Azərbaycanda bu mövzularda beynəlxalq konfranslar,
forumlar, sammitlər, simpozium və festivallar təşkil edir...
Onun rəhbərliyi ilə Azərbaycan
Mədəniyyəti Fondu, Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması
məqsədilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan
"Azərbaycan - İrs" jurnalı təsis edilib.
2004-cü ildə Azərbaycanın şifahi
xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və
inkişaf etdirilməsi sahəsindəki yorulmaz səylərinə görə Mehriban
Əliyeva UNESCO-nun Xoşməramlı Səfiri adına layiq görülüb.
2005-ci ildə ictimai, mesenatlıq və
xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət
müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları
arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə
Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun
"Yaqut Xaç" ordeninə layiq görülüb.
Mehriban Əliyeva mədəni-mənəvi
dəyərlərin qorunub saxlanmasına verdiyi töhfələrə görə 2006-cı ilin
martında BMT-nin Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl
medalına layiq görülüb.
Sivilizasiyalararası dialoq daxil
olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış
şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən
işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı ilin
noyabrında ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb.
Dünya Səhiyyə Təşkilatı (DST)
İcraiyyə Komitəsinin 2007-ci ildə Cenevrədə keçirilən 120-ci
sessiyasının yekdil qərarı ilə Mehriban Əliyeva ana, uşaq və ailə
sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna
xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq
görülüb.
Genişmiqyaslı xeyriyyəçilik
fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək
nailiyyətlərinə görə 2007-ci ilin may ayında Mehriban Əliyeva
"Qızıl ürək" beynəlxalq mükafatına layiq görülüb.
Yetim və kimsəsiz uşaqlara,
müharibə və təbii fəlakətlərdən zərər çəkmiş insanlara yardım
göstərilməsi sahəsində İslam Konfransı Təşkilatı ilə yüksək
səviyyədə əməkdaşlığa görə 2008-ci ilin iyununda Mehriban Əliyeva
"İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" diplomuna layiq
görülüb.
2009-cu ildə Azərbaycan ilə Polşa
arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə
Mehriban Əliyeva Polşa Respublikasının "Xidmətlərə görə" Böyük
Komandor Xaçı ordeni ilə təltif edilib.
2010-cu ildə Mehriban Əliyeva
Fransa ilə Azərbaycan arasındakı münasibətlərdə göstərdiyi
xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə Fransa
Respublikası Prezidentinin Sərəncamı ilə "Şərəf Legionu" ordeninin
zabit dərəcəsi ilə təltif edilib.
2010-cu ilin iyul ayında Mehriban
Əliyevaya UNESCO-nun "Qızıl Motsart" medalı təqdim edilib.
2011-ci ildə Mehriban Əliyevaya
"Krans Montana Forumu"nun Qızıl medalı, 2012-ci il iyunda isə "Prix
de la Fondation" mükafatı təqdim edilib.
2012-ci il fevral ayında Mehriban
Əliyeva Rusiya Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva
Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq
görülüb.
2012-ci il aprelində Mehriban
Əliyevaya MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq
Şurası (HƏŞ) və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondu (DHƏF) tərəfindən "Birlik Ulduzları"
dövlətlərarası mükafatı təqdim edilib.
2013-cü ildə Mehriban Əliyeva
Pakistanın "Şəhid Bənazir Bhutto Qadın Mükəmməlliyi Mükafatı -
2013" mükafatına layiq görülüb.
2014-cü ildə Mehriban Əliyeva
sivilizasiyalararası dialoqa verdiyi töhfələrə, həmçinin Almaniyada
türk dünyasının tanıdılmasına, Azərbaycan-Almaniya əlaqələrinin
inkişafındakı xidmətlərinə görə Türk-Alman Dostluq Federasiyasının
fəxri mükafatına layiq görülüb.
Azərbaycanın ictimai, sosial və
mədəni həyatında fəal iştirakına, cəmiyyətin dinamik inkişafına
verdiyi mühüm töhfələrə, Azərbaycan mədəniyyətinin dünyada təbliği
sahəsində əvəzsiz xidmətlərinə, həmçinin ümumdünya mədəni irsinin
qorunub saxlanması işinə hərtərəfli dəstəyinə, sosial ədalət və
humanizm prinsiplərinə sadiqliyinə görə Mehriban Əliyeva "The
Business Year" jurnalı tərəfindən 2014-cü ilin mayında "İlin
Birinci Xanımı" mükafatına layiq görülüb.
2014-cü ilin iyununda Olimpiya
dəyərlərinin təbliğindəki xidmətlərinə görə Beynəlxalq Olimpiya
Akademiyasının "Olympic Excellence" xüsusi fəxri mükafatı ilə
təltif olunub.
Mehriban Əliyeva Vatikan Apostol
Kitabxanası ilə tanış olduqdan sonra "2015-2016-cı illərdə yeni
əlyazmaların bərpa edilməsi və onların rəqəmsallaşdırılması"na dair
müqaviləyə imza atıb.
O, Azərbaycanda uşaq evlərinin
yenidən qurulması və modernləşdirilməsi, məktəblərin açılması,
diabet, talassemiya və digər ağır xəstəliklərdən əziyyət çəkən
uşaqların müalicə olunması istiqamətində ciddi işlər görüb, yerli
və beynəlxalq səviyyədə ekoloji mühitin yaxşılaşdırılması üçün
dəyərli təşəbbüslər irəli sürüb, ölkəmizin mədəni sərvətlərinin
inkişafına yardım etməklə, digər xalqların mədəni irsinin
qorunmasına da köməklik göstərib.
Mehriban xanım Əliyevanın Şərq və
Qərb mədəniyyətlərinin yaxınlaşmasına yönəlik geniş fəaliyyətinə
sübut kimi "İpək Yolu" Komitəsinin yaradılmasını və dini-tarixi
abidələrin bərpasına yardımını qeyd etmək olar.
Bütün sadaladıqlarım yeni dünya
düzənində çox böyük əhəmiyyət kəsb edən, lokal və qlobal aspektdə
dolğun mahiyyət daşıyan və həlli onun tərəfindən gerçəkləşdirilən
son dərəcə mütərəqqi ideyalardır. Artıq milyonlarla insan bu
ideyaların həyata keçməsinin canlı şahidi olmaqla yanaşı, həm də
bunlardan bəhrələnə biliblər. O, bu böyük millətin layiqli övladı
kimi bunları bizim hər birimiz üçün edir. Dünyanın bir sıra nüfuzlu
klubları bu mühüm işləri vaxtında anlayıb, təqdir edib və yüksək
dəyərləndirib.
Bütün bu sadaladıqlarım göstərir
ki, Mehriban xanım Əliyevanın bəşəriyyət və millətimiz üçün gördüyü
nəcib və xeyirxah işlər, bu işlərin davamı onun Sülh üzrə Nobel
mükafatına namizədliyinin verilməsi üçün ciddi əsaslar yaradıb!
Əslində ədəbiyyat üzrə Nobel
mükafatına layiq görülənlərin əksəriyyəti əvvəlcə "Buker", "Qonkur"
və "Pulitser" mükafatına layiq görülənlərdir.
Mehriban xanımın layiq görüldüyü
Krans Montana Forumunun qızıl medalı, Fransa Respublikasının Fəxri
Legion ordeninin zabit dərəcəsi, Küveyt Dövlətinin Fəxri diplomu,
UNESCO-nun "Qızıl Motsart" medalı, Polşa Respublikasının
"Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni və digər təltifləri
onun Nobel Sülh mükafatına namizədliyini reallaşdırır.
Sülh üzrə Nobel mükafatına
namizədliyin verilməsi prosedurunda aktiv ictimai xadimlər,
filosoflar, siyasətşünaslar, tarixçilər və hüquqşünaslarla əlaqələr
qurulur. Mehriban xanım Əliyeva 2005-ci ildə fəlsəfə elmləri
namizədi alimlik dərəcəsi alıb. Onun intellektual bioqrafiyası
istənilən ictimai xadimi, filosofu, siyasi elmlərin nümayəndələri,
tarixçi və hüquqşünasları heyran edə bilər.
Sülh üzrə Nobel mükafatına
namizədləri müxtəlif ölkələrin parlament və hökumətləri, Beynəlxalq
məhkəmələrin üzvləri, Universitet rektorları, sosial elmlər, tarix,
fəlsəfə, hüquq və teologiya üzrə professorlar, Sülh və xarici
siyasət elmi tədqiqat institutlarının direktorları, Sülh üzrə Nobel
mükafatı laureatları, Sülh üzrə Nobel mükafatına layiq görülmüş
təşkilatların üzvləri, Norveç Nobel Komitəsinin indiki və keçmiş
üzvləri, Norveç Nobel Komitəsinin indiki və keçmiş məsləhətçiləri
təqdim edirlər. Fikrimcə, dünyada gördüyü nəcib işlər və qazandığı
uğurlarına görə həddindən artıq müsbət imicə malik olan
Azərbaycanın birinci xanımının namizədliyini adları çəkilən həmin
qurumların nümayəndələri və ayrı-ayrı şəxslər verə bilərlər.
Mehriban xanım Əliyevanın fəaliyyəti dünyanın bütün nüfuzlu media
orqanlarında müxtəlif dillərdə geniş işıqlandırılır. Bu baxımdan
onun şəffaf bioqrafiyası və gördüyü işlərin miqyası haqqında
məlumat almaq çox asandır.
Erməni vandalizmi nəticəsində
torpaqlarımızın 20 faizi işğal olunub. Bu amansız işğal nəticəsində
1 milyondan artıq məcbur köçkünümüz doğma yurd yerlərindən məhrum
olublar. Mehriban xanım Əliyevanın gördüyü işlərin təhlili göstərir
ki, Azərbaycan xalqı son dərəcə humanist, mədəni və özgə torpağında
gözü olmayan xalqdır. Onun fəaliyyətinin tərkib hissəsinə
torpaqlarımızın Sülh yolu ilə azad olunması da daxildir. Mehriban
xanımın Sülh üzrə Nobel mükafatına layiq görülməsi regionda
ədalətli Sülhün bərpa olunmasına yardımçı ola bilər. Tarix göstərir
ki, ədalətli sülhün əldə olunmasında Nobel Komitəsinin təltif
etdiyi beynəlxalq qurumlar və ayrı -ayrı şəxslər bu mühüm missiyanı
daşıya biliblər.
Çoxşaxəli mütərəqqi fəaliyyət
yönümü ilə Nobel Sülh mükafatına layiq olan Mehriban Əliyevanın
laureat olması üçün qarşımızda Vaxt, İmkan və Fürsət var!
Bütün azərbaycanlıların NOBEL
arzusunun gerçəkləşməsi üçün bu gündən başlayaq...