And yerimiz
Sabir RÜSTƏMXANLI
Hamımızı sarsıdan, bir aydan artıq gözümüzün yaşını qurumağa
qoymayan 20 yanvar fəlakətindən sonra ilk müraciətim də, verə
biləcəyim ilk təsəlli və təskinlik də, içmək istədiyim ilk and da
müqəddəs və böyük xalqın adınadır!
Zamanın ağır sınaq günündə, tayı-bərabəri olmayan bir xəyanətlə
üz-üzə dayandığımız bir vaxtda hər şey və hamı yaddan çıxıb: ortada
aldadılan, şəhid gedən, gözünün yaşından və nifrətindən başqa
silahı olmayan, əli bağlı, lakin faciələrin içində də gözəllik və
mərdliyini itirməyən, qocaman, əzabkeş, kövrək, dözümlü və
məğrur
xalq qalıb!
Başı olan, başçısı olmayan, sərvəti olan, sahibi olmayan, haqqı
olan, müdafiəçisi olmayan, bir yarası sağalmamış yeni yaralar alan
xalq!
Bir söz deyə biliriksə ona çatır. Ayrı gümanımız yoxdur! Ayrı
ünvan axtarmıram!..
Sanki müharibədən çıxmış Bakının hələ şəhidlərin qanı qurumamış
küçə və meydanlarında dəli kimi dolaşdığım o faciəli sübh çağı
dilimdə donub qalan bu söz idi: Xalqımın qanı tökülmüşdü...
Göz yaşı yağışı altında, gül-çiçək ümmanından ömrün son sahilinə
üzən tabutların taleyə, dərdə, düşmən niyyətinə xətt çəkən
alqırmızı bəzəyini, uşaqdan-böyüyə iki milyon adamın üzündəki
ifadəni görəndə bir daha inandım: uduzduğumuzu uduzmuşuq, bundan
belə bizi əymək olmaz. Sabahın yolları bu xalqın yollarıdır!...
Bu milləti millət eləyən, minillərin fəlakətlərindən keçirib
qoruyan böyük, ilahi gücün alovu yenidən üzümə vurdu.
Ölümsüzlüyümüzün səbəbini, sirrini, sehrini təzədən gördüm! Gördüm
ki, cavan ömrünü xalqına, yurdunun azadlığına bağışlayanlar bir
ata-ananın övladları deyil: Onları millətin taleyi doğub!
Azərbaycanın bu başından o başına hüznlü-hüznlü asılan qara
bayraqları, məhəllə-məhəllə qurulan çadırları, verilən ehsanları,
gecikmiş qəzetlərdə hələ faciənin yüzdə birini göstərə bilməyən
şəkillərə baxan kimi ürəyi gedən gül üzlü analarımızı-bacılarımızı
görəndə başa düşdüm: şəhid ölümü son deyil, başlanğıcdır!
Elə bil torpağımız qısırlaşmışdı: Bakıda, Gəncədə, Naxçıvanda,
Lənkəranda, Gədəbəydə tökülən qanlarımız onun bərəkətini
qaytardı!
Şəhid dahilərimizdən biri — Şeyx Məhəmməd Xiyabaninin sözləri
yadıma düşdü: Qurbanlar milləti təmizləyir! Bilirsiniz nə qədər
ehtiyacımız var bu təmizliyə! Güney Azərbaycanı milli azadlıq
hərəkatının başqa bir qəhrəmanının sözü də təsəlliyə döndü: Azadlıq
ağacı cavanların qanı ilə suvarılmadıqca bar verməz!...
Azadlıq ağacımız quruyurdu yavaş-yavaş... Yanvar ayında qanlı
çiçəklər açdı!... Biz ömrümüzü xalqımızın ürəyinin, ruhunun,
dünyasının axtarışına vermişik. 1990-cı ilin əvvəlində ən böyük
xəzinəmizi, ən tükənməz sərvətimizi kəşf etdik.
Varlığında dünyanın ən böyük təzadlarını yaşadan xalqım!
Dahilərlə yanaşı alçaqlara da süd vermisən. Milyonlarla övladının
qanı və canı bahasına qazandıqlarını asanlıqla hərraca qoyanların
da var.
Qurbanların sümükləri üstündə tikilən azadlıq binasını sonra öz
övladlarının əli ilə dağıtdırıblar.
Satqın bir rəhbər, başsız bir başçı, ipi özgələrinin əlində olan
bir "lider" sənin illər uzunu qurduğun bir körpünü asanlıqla göyə
sovurub. Qalmısan yenə əli qoynunda: o tayına, azadlığına,
ümidlərinə uzaqdan, həsrətlə baxa-baxa!
Lakin alçaqların xalqa nə dəxli! Xalq şahid olan, qurban gedən
və dərd çəkəndir! Boş əllə hərbi texnikanın yolunu kəsən, ürəyinə,
gözünə, açıq alnına sıxılan güllələrdən çəkinməyən oğul və qızlardı
— xalq!
Bakının o ağır, qanlı günlərini görəndən sonra özümü sanki
yenidən dərk etdim. Xətailərin, Nəsimilərin, Sabirlərin, Mirzə
Cəlillərin, Məmməd Əmin Rəsulzadələrin, Şeyx Məhəmməd
Xiyabanilərin, Üzeyir bəylərin, Cavidlərin hansı mənəvi gücdən
yarandığı indi mənə aydın oldu.
Bugünkü "zəifliyini" özünə sığışdırmayan və əlacsızlığını
dünyadan gizlətmək üçün tökülən qızıl qanlarını qızıl qərənfillərlə
örtərək, şəhid övladlarının ayağı dəyən yerləri güllə bələyən bir
xalqın ruhundakı nəciblik, ucalıq adamı sarsıdır.
Bakı kəndlərindən mərkəzə gələn yollar, Azadlıq meydanı, Dağüstü
parkın bütün səki və xiyabanları yanvarın 22-də gül-çiçək xalısı
ilə örtülmüşdü, qışın çılpaq ağacları qərənfil "açmışdı". Sanki
Azərbaycan
torpağının özü köksündən yaralanmışdı və fışqıran qanı qərənfil
yağışı kimi iki milyonluq şəhərin başına yağırdı...
Bir aydan çoxdur beləcə davam edir. Ən böyük dərdin içində də
gözəllik duyğusunu unutmayan, Şahidlər xiyabanına güldən hasar
çəkən, şəhərə sığmayan insan axınını gül cığırları ilə nizamlayan
xalqımın ürəyindəki
gözəllik duyğusuna heyranam. Öz halal zəhmətinin məhsulu ilə
gecə-gündüz şəhidlərin yarasına çiçək məlhəmi qoymağa çalışan Bakı
kəndlərinin əli qabarlı, namuslu övladlarının fədakarlığı
qarşısında baş əyirəm.
Faciəmiz böyükdür. Ancaq bu boyda itkilərin arxasında qara
geyimli anaların məğrurluğunu, göz yaşlarından göyərən intiqam
hissini görəndə təsəlli tapırıq. Xırdalanlı bir ana deyirdi: Mənim
bir oğlum var, təsadüfən sağ qalıb. Sevinmirəm! Oğul böyüdürük
torpaq üçün! Övladı yurdun şəhidləri arasında yatan ana xoşbəxtdir.
Anaları bu cür düşünən millət də xoşbəxtdir!
...Dəfn günü Şəhidlər xiyabanında özünə yer tapa bilənlərin çoxu
qadınlar idi. Hörmətlə irəli buraxılmışdılar. Ana və bacılarımızın
mələk üzləri qara örtüyə bürünmüşdü. Birdən operator kameranı
onlara doğru çevirdi. Qadınlardan biri əlini qaldırdı, gül
dəstəsini çətir kimi başına tutdu. Bir an sonra xiyabandakıların
qara geyimi görünməz oldu. Sanki bir dirijor çubuğunun işarəsiylə
üstlərinə qırmızı gül "örpəyi" çəkmişdilər!
Bu boyda kütləni vahid bir orqanizmə çevirən böyük duyğudu —
xalq dediyimiz!... Qurban gedənlərimizin bir hissəsi Bakının ən uca
nöqtəsində torpağa tapşırıldı. 1918-ci ilin mart şəhidlərilə
1990-cı ilin yanvar şəhidlərinin cismi və ruhu bir-birinə qarışdı.
Çoxumuz unutmuşduq indi əyləncə yerinə döndərilmiş bu parkın
1918-ci il şəhidlər qəbiristanı olduğunu. Tale yeni bir
"qulaqburması" verdi ki, indiki qurbanlarımızın hesabına bütün
şəhidlərimizin xatirəsi əbədiləşdirilsin. Xalqın and yeri, ziyarət
yeri olsun!..
* * *
Qanımız tökülmədən, qurban vermədən ötüşmək olmazdımı? İndi bu
sual milyonlarla adamı düşündürür. Sumqayıt hadisələrinin kimlərin
ssenarisi üzrə qurulduğunu, Bakının iki ildən bəri sakitliyinin
təəccüb
doğurduğunu, ona qarşı ciddi iğtişaş hazırlandığını, Mərkəzin
demokratiya oyununu kiminsə başında çatlayacağını, rəhbərlərimizin
qətiyyətsizliyinin fəlakətə apardığını bilə-bilə necə oldu ki, belə
bir tələyə düşdük, düşməni sevindirdik?... Bu sualların hamısının
cavabı veriləcək.
Gələcək üçün yeni "ağ ləkələr" qoyub getməyə haqqımız yoxdur.
Mərkəzi mətbuat həqiqəti nə qədər ciddi ört-basdır etməyə çalışsa
da, respublika mətbuatı nə qədər sussa da tarix sözünü
deyəcək...
Mən konstitusiyanın kobudcasına pozulduğunu, fövqəladə
vəziyyətin qeyri-qanuni elan edildiyini bir kənara qoyub (bu hamıya
məlumdur), daha çox özümüzə aid məsələlərə toxunmaq istəyirəm.
Əvvəlcədən onu deyim ki, bəzi çıxışlardakı "bu işdə hamımız
günahkarıq, vaxtında birləşə bilməmişik, kütlənin qabağına
düşməmişik, silahsız cavanlarımızı ordunun qabağından çıxara
bilməmişik" fikri ilə mən də razıyam. Yəni, Azərbaycan xalq
hərəkatı, əslində xalqın bütün intellekt, güc, zəka, siyasi
mübarizə potensialını tam dolğunluğu ilə əks etdirə bilmir. Bir çox
real qüvvələr xalq hərəkatından kənarda qalıb.
Bunun bir səbəbi xalq hərəkatını idarə edənlər arasında uzun
müddət mövcud olan qısqanclıq, "mənəmlik" duyğusudursa ("ziyalılar
satqındır", "məndən düz adam yoxdur" və s.), digər səbəbi hamin
iddiaçı tərəflərin, real qüvvələrin, ziyalıların, mütəxəssislərin
tərəddüdü, ətaləti, cəsarətsizliyidir...
Üçüncü bir səbəb də var: bu da müxtəlif rəsmi idarələrin "saman
altından su yeritməsi", xalq hərəkatında pozuculuq işi aparması,
onun sıralarına "öz adamları"nı doldurub təfriqəçilik etməsidir.
Təəssüf ki, bu kənar qüvvələr xalq hərəkatının bəzi liderlərinə də
təsir göstərə bilib və müəyyən parçalanmalara nail olub.
Xalq hərəkatında resept vermək, hamını öz iradənə tabe etmək
olmaz. Demokratikləşmənin gözəlliyi rəngarəngliyindədir. Lakin
Azərbaycan xalqının tarixi durumu bütün şəxsi iddiaları inkar edən,
vahid bir
platformada birləşmək tələb edir. Təəssüf ki, hətta ümumxalq taleyi
də bəzi adamların vəzifə ehtirasına, tayfa davasına, qazanmaq və ya
siyasi liderlik azarına üstün gələ bilmir. Buna görə də əsl can
yanğısı ilə yaradılan demokratik əsaslı təşkilatlarla "kooperativ
cəbhələr", yüyəni özgələrinin əlində olan təşkilatlar bir-birinə
qarışır.
Hamı da xalqın adından danışır. Pərakəndəlik camaatı çaşdırır.
Qarşılıqlı münaqişələrdə ümumi dərd unudulur, ən yaxşı adamlarımıza
belə ləkə yaxmaqdan çəkinməyən, yalan və böhtan dolu yazılar
bir-birini əvəz edir. Ağır yas günlərimizdə ümumi işimizə mane olan
belə dərdlərin təfərrüatına varmaq istəmirəm. Lakin hərəkat,
nəhayət, faciəli yanvar günləri saf-çürük edilib
qiymətləndirilməsə, kimin kimliyi bilinməsə sabah yenə kim daha
bərk söyərsə, daha sürətlə uçuruma apararsa milli qəhrəmana
dönəcək, real vəziyyəti görənlərə "qorxaq" və ya "xain" damğası
vurulacaq, bu qədər qurbanlardan sonra hər şeyi yenə də sıfırdan
başlamalı olacağıq...
Yanvar faciələrinin günahını Azərbaycan Xalq Cəbhəsinin boynuna
yıxmaq istəyənlər də çoxdur. Ölkə rəhbərinin çıxışlarında, mərkəzi
mətbuat səhifələrində, hər yerdə AXC müxtəlif, bir-birinə zidd
mövqelərdən atəşə tutulur. Həbs olunmuş bəzi səbatsız cəbhə üzvləri
təzyiq altında televiziya kamerası qarşısında oturdulur və məlum
ssenari üzrə müsahibə verirlər. Azərbaycanda Demokratik hərəkatın
başında dayanan Xalq Cəbhəsi ətrafında məharətlə tor hörülür. Hətta
Mərkəzdən gələnlərin çıxışlarında açıq-aşkar bildirilir ki, AXC
hakimiyyəti ələ almaq istəyirdi və o dağıdılmalıdır.
Biz məsuliyyəti boynumuzdan atmırıq. Ola bilsin ki, bu fəlakətin
qarşısını almaq üçün və ya itkini azaltmaq üçün daha nə isə də
etmək olardı. Ancaq kimin ağlına gələrdi ki, fövqəladə vəziyyət
elan edilmədən ordu şəhərə girəcək, dinc, silahsız əhalinin üstünə
qoşun yeridiləcək. Ölkənin bütün ordu növləri iki milyonluq şəhərə
basqın edəcək. Kimin ağlına gələrdi ki, siyasi mübarizə aparan xalq
– dövlət çevrilişinə hazırlaşan silahlı banda kimi qələmə
veriləcək, sırf simvolik xarakter daşıyan piket və "barrikadalar" —
silahlanmış düşmən cəbhəsi kimi "qəhrəmanlıqla" ləğv ediləcək,
uşağa-böyüyə, qadına-kişiyə aman verilməyəcək. Kimin ağlına gələrdi
ki, Sov.İKP MK-nın və Ali hakimiyyət orqanının rəhbərliyi
səviyyəsində oyun gedə bilər; ziyalılarla, qadınlarla görüşlərində
dönə-dönə "arxayın olun, ordu Bakıya girməyəcək!"— deyən Mərkəz
nümayəndələri bir gün sonra "öz vəzifələrini yerinə yetirib", yəni,
respublikanın rəhbərliyini kənar edib, əmri yerinə yetirib, Bakını
ağlar
qoyacaqlar. Kimin ağlına gələrdi ki, səni xarici düşmənlərdən
qorumalı olan öz ordun özünə qarşı bu qədər amansız ola bilər?
Kimin ağlına gələrdi? Lakin Xalq Cəbhəsinin idarə heyətində və
isə bir fəlakətin yaxınlaşdığını başa düşürdük və buna öz
münasibətimizi bildirmişdik. Xalq Cəbhəsi bütün milli və ictimai
münaqişələrin siyasi danışıqlar yolu ilə, demokratik əsaslar
üzərində həllinə çalışıb. Azərbaycan SSR Ali Sovetinin son
sessiyaları buna misaldır. Lakin bu yolda məğlubiyyətdən yaxa
qurtara bilməyəcəklərini bilən bəzi rəhbərlər AXC-yə quyu qazmağa
başladılar. "Başqasına quyu qazan...". Buna görə də, cəbhənin bəzi
radikal ovqatlı nümayəndələri ilə "danışıqlar" başlandı. Müdafiə
Şurası və onun rayon şöbələri yaradıldı.
Müdafiə Şurası fövqəladə vəziyyətdə özünü müstəqil elan etdi və
əslində, AXC-nin iradəsinə, idarə heyətinin narazılığına
etinasızlıq göstərdi. Həmin anlarda, təəssüf ki, biz də
qətiyyətsizlik göstərmişik. Yarım milyonluq bir mitinqdə milli
səfərbərlik elan edildi, silah söhbəti ortaya atıldı... Hamısı da
rəhbərliyin razılığı ilə. Bu nə oyun idi, kimin planı üzrə
hazırlanmışdı və nə məqsəd güdürdü?!
Respublika rəhbəri nə ağılla zavoddakı görüşündə müdafiə
dəstələrinin yaradılmasından söhbət açırdı və bu söhbət televiziya
ilə bütün xalqa çatdırılırdı? Nəyə görə inandırılırdı ki, fövqəladə
vəziyyətdə Müdafiə Şurası əsas mərkəzə çevriləcək?
Bir-birini tora salmaq üçün iki tərəfli oyun gedirdi. Ancaq sən
saydığını say, gör Mərkəz nə sayır! Sanki dünyadan xəbərsizdilər.
Bütün bu havayı söz-söhbətin, əslində, ordu üçün Bakıya çağırış
olduğunu unutmuşdular...
Bununla doğrudanmı respublikanı müdafiə etmək istəyirdilər,
yoxsa məqsəd Xalq Cəbhəsini və xalqı ləkələməkdi, ölkədəki
demokratik qüvvələrə dərs verməkdi? 20 yanvar faciəsini bir həftə
ondan əvvəl baş vermiş hadisələrlə, Bakıdakı erməni evlərinə
hücumlarla əlaqələndirməyə çalışırlar. Biz xalqımızın humanist,
nəcib sifətini qorumaq üçün hər cür vəhşiliyi, zorakılığı rədd edir
və lənətləyirik. Onu da bilirik ki, Sumqayıt kimi Bakıda da bu
hadisə çoxdan planlaşdırılırdı.
Yanvarın 13-14-də Bakıda ölkənin müxtəlif guşələrindən gəlmiş
yüzlərlə cinayətkar olub...
Xalq böyük bir xəyanətlə üz-üzədir. Və bu xəyanət addım-addım
həyata keçirilir.... Yoxsa, kim bilmir ki, 200 min adam
Ermənistandan vəhşicəsinə qovulandan sonra, bütün bakılılar
sinəsini sipər etsə də, rəsmi qaçqın statusu almamış bu qədər
işsiz, evsiz, ac-yalavac, qəzəbli qonağı olan şəhərdə ermənilərin
arxayın yaşaması fantastikadır və ya xalqın əsəbiylə oynamaqdır...
Ölkədə bizi təkləmək, vəhşi, qaniçən kimi qələmə vermək üçün yüz
cür tələ qurulur. Bizi qarşıda çox uzun bir mübarizə yolu gözləyir.
Bu yol hələ ki, iqtisadi müstəqillikdən, federasiyadan qoparan
imkanlardan keçsə da, sonu məlumdur, sonu bizim arzularımızdır.
Lakin arzulara yetmək üçün hələ çox durulmalı, ümumi mədəni
səviyyəmizin, siyasi mübarizə səviyyəmizin artması haqqında hələ
çox düşünməliyik.
* * *
Mən daha çox işin bizə görünən tərəfindən, öz səhvlərimizdən
danışdım. Lakin ən ciddi sual cavabsız qalıb: görəsən bütün bu
səhvlər olmasaydı, ordunun Bakıya girməməsinə təminat
olacaqdımı?
Ordu Bakıya niyə gəlib? Cavabdeh adamların fikirləri bir-birinə düz
gəlmir. Söhbət sərhəddən gedirsə, sərhədlərin götürülməsi ölkənin
müxtəlif regionlarında bizdən əvvəl başlanıb. Köhnə rəhbərliyə
etimadsızlıq, "istefa" tələbi narahatlıq doğururdusa—bu tələbi
Moskvadan başlamış, ölkənin hər yerində eşidirik.
Ermənistanla münasibətlərin kəskinləşməsi bəhanə olubsa, onda
gərək fövqəladə vəziyyət on illər boyu xəlvət silahlanan tərəfdə,
hücum edən tərəfdə elan ediləydi, boş əllə müdafiə edilən tərəfdə
yox. Kiminsə ağzından "islam respublikası" sözünün çıxması bəhanə
olubsa, onda gərək "xristian monarxizmi" tərəfdarlarının yaşadığı
Rusiya şəhərləri çoxdan orduyla doldurulaydı. Bu bəhanələrin heç
biri 19—20 yanvar hadisələrinə haqq qazandırmır. Bir həqiqət ortaya
çıxır ki, bizim rəftarımızdan asılı olmadan ordu şəhərə
girməliymiş. "Azərbaycanlılara dərs vermək" planının kökləri çox
dərindədir və sərhəd məsələsi, ermənilərin Bakıdan qovulma söhbəti,
daxili qoşun hissələrinin müşahidəçi mövqe tutması... hamısı bir
zəncirin halqaları kimi bir-birinə bağlıdır. Azərbaycan xalqının
ətrafında bu tor çoxdan və məharətlə hörülür.
Fransız mətbuatında M.S.Qorbaçovun Azərbaycan hadisələrinə
münasibəti iki sözlə belə ifadə olunub: "tatarlar qəzəblənir". Bizə
elə gəlirdi ki, bu tatar sözü keçən əsrdə qalıb, çarizm yıxılanda
bu sözlə də vidalaşmışıq... Köhnə söz yaşayırsa, bəlkə köhnə
münasibət də yaşayır?
Təkcə bu bir kəlmə indiki demokratiyanın üzünü və astarını aydın
göstərir. "Birinə qazan, başqasına çay qaşığı...".
Azərbaycan müstəqil respublikadırsa, niyə onun fikrinə məhəl
qoyan olmayıb? Nəyə görə Azərbaycan parlamentinin qanuni qərarı
SSRİ Ali Soveti tərəfindən qulaqardına verilir? Bu saymazlığın
arxasında hansı acı
həqiqət dayanır? Bəlkə ordunun Bakıya gəlişinin səbəbini elə həmin
o acı həqiqətdə axtarmaq lazımdı?
Nəhayət, bir-iki kəlmə da milli heysiyyət, özünə və öz xalqına
hörmət haqqında. Son vaxtlarda rəsmi görüşlərdə, televiziya
çıxışlarında tez-tez belə bir fikir təkrarlanır: fövqəladə vəziyyət
götürüləndən sonra
şəhərin sakitliyinə təminat vermək olarmı? Bu məsuliyyəti kim
boynuna çəkəcək? Bunu rəhbərlik də deyir, ziyalılar da. Bunun qədər
riyakar bir böhtan təsəvvür eləmək mümkün deyil! Öz xalqına
inanmayan, onunla dil tapa bilməyən adamlar bu xalqı necə idarə edə
bilər? Məgər fövqəladə vəziyyətin ləğvindən qorxuya düşən ziyalılar
bilmirlərmi ki, Bakıda heç bir iğtişaşı xalq salmayıb. Sakitlik
istəyiriksə fövqəladə vəziyyətlə yanaşı, Bakıda iğtişaş ocaqlarını
da ləğv etmək lazımdır. Həmin ocaqlarsa möhtəşəm binalardadır və
dünyanın müxtəlif
yerlərindən, Mərkəzdən üfürülüb közərdilir.
* * *
Şəhidlər xiyabanında bir həqiqəti də gördüm.
Qurban gedənlərin çoxu zəhmətkeş, əli qabarlı, sadə
adamlardır.
And yerimiz -- onlardır.
And yerimiz -- xalqdır!
("Azərbaycan" qəzeti, 24 fevral 1990)