Yaxın günlərdə evində olduğum bir isveçli ailəsində
sıradan, adi bir hadisə məni düşündürdü.
Gənc ata və ana hansısa bir şənliyə getmək üçün bir yaş yeddi
aylıq olan uşaqlarını babasının yanına qoyacaqdılar.
Valideynlərinin getmək havasını hiss edən Vinsent (uşağın adı
belədir) ağlamağa başladı. Düşündüm ki, indi babası uşağın başını
qatacaq ki, ata-anasının getdiyini görməsin və onlar geri qayıdana
qədər uşağın ağlamamağı üçün min cürə yalan uyduracaq: nə bilim,
ananın dişi ağrıdı, həkim atana iynə vuracaq və sair və
ilaxır...
Amma düşündüyüm kimi olmadı. Ana hər şeyi olduğu kimi ağlamsınan
uşağına anlatmağa başladı: "Vinsent, biz ad günü şənliyinə gedirik,
sən babanın yanında qalacaqsan, çünki uşaqları ora aparmaq
olmaz".
Uşaq anasını nə qədər anladı, nə qədər başa düşdü, bilmirəm,
amma nə olursa-olsun, gedilən yerə aparılmayacağını, ata-anasının
gedəcəyini və babasının yanında qalacağını hiss etdi. Ağlaya-ağlaya
babasının qucağında pəncərədən ata-anasına əl elədi və... sonra da
həqiqəti qəbul etdi, başı qarışdı.
Məni düşüncələrim bir az uzağa apardı. Bəlkə, bizə o qədər də
qorxulu görünməyən bu kiçik yalanlarla özümüz də bilmədən
uşaqlarımıza hələ balacalıqdan yalan danışmağı öyrədirik. Bəlkə
buna görədir ki, isveçlilər yalan danışmağı sevmirlər və buna
vərdiş etməyiblər.
Bir az ağır görünə bilər, amma İsveçdə ölümcül xəstəliyə
tutulmuş adamın qohum-əqrəbasına, ailəsinə deyil, birbaşa özünə
xəstəliyi barədə məlumat verilir, yəni nə olursa-olsun, adam
həqiqəti bilməlidir. İsveçdə yalanın rəngləri - ağ yalan, sarı
yalan, bəyaz yalan - olmaz. Yalan yalandı – nə qarası, nə
bəyazı?!
Hətta bizim dilimizdə bəzi ifadələr var ki, onlar İsveç dilinə
tərcümə olunduqda çox qorxulu səslənər. Bizsə gündəlik
danışığımızda bu cür ifadələri tez-tez işlədərik. Məsələn, "səni
öldürərəm", "canını alaram", "gözünü çıxardaram" və başqa təcavüz
xarakterli sözlər... İsveçdə bu cür ifadələr həqiqət kimi başa
düşülər.
Burada uşaqlar lap kiçik yaşlarından yeməyini özü yeməlidir.
Üst-başı, ağız-burnu, oturduğu masanın altı-üstü yeməyə bulaşar,
amma yenə də özü yeyər.
Bağçaya gedən uşaqlar hava şəraitindən asılı olmayaraq, çox vaxt
bayırda olarlar (onu da deyim ki, İsveçdə günəşli və isti hava
asanlıqla ələ düşən şey deyil) və onlara "üst-başını palçıq eləmə",
"suya girmə" və s. kimi qadağalar qoyulmaz. Bu sizə qəribə görünə
bilər, amma əyninə isti və güvənli kombinezon geyinmiş uşaqların
qarlı havada istədiyini eləməsi, qarın içində dombalaq aşması, quru
yerdən deyil, məhz gölməçələrin içindən keçərək suyu şappıldatması,
palçıqla oynamağın ləzzətini dadması, qumda eşələnməsi həzzi çox
gözəldir...
Qızım Nərgiz Füzuli meydanının yanında yerləşən bir bağçaya
gedərdi balaca olanda. Azərbaycanın belə gözəl hava şəraitinə
baxmayaraq, onları çox az halda bayıra çıxarardılar, balaca bir
bağçanın içində dördbucaq şəklində basdırılmış oturacaqlarda
oturardılar, ayaqlarını yelləyərdilər.
Mən İsveçdə 8 ildən artıq yaşamağıma baxmayaraq, hələ də azyaşlı
görəndə onunla uşaqca, sözləri əyə-əyə, uşaq dili ilə danışıram,
çünki belə görmüşəm, belə öyrəşmişəm. Bir isveçli şəxs uşaqla heç
vaxt bu şəkildə danışmaz.
İsveçdə bağçaların, məktəblərin missiyası tək elə təhsil vermək
deyil, eyni zamanda, onların tez böyüyüb ata-anasından asılı
olmadan ayaqları üstündə durmasına yardım etmək, haqlarını,
hüquqlarını, vəzifələrini yaxşıca bilməsinə yardımçı olmaq, azad,
rahat bir şəkildə düşünə bilmək, qərar vermək, fikir yürütməyi
aşılamaqdır. Bunun üçün onları lap körpəlikdən hazırlayırlar...