Dekabr ayının 1-də
Türkiyənin Girəsun universitetində "Axıska Türkləri II Uluslararası
simpoziumu" keçirildi. "Siyasətə qarşı Kültürün Simgəsi" başlığı
altında keçirilən bu simpoziuma məni universitetin Ədəbiyyat
fakültəsinin dekanı, hələ 1980-ci illərdən Azərbaycana gəlib-gedən,
Azərbaycan ədəbiyyatı və folkloru üzrə görkəmli mütəxəssis, "İran
türkləri" adlı fundamental və cox dəyərli kitabın müəllifi, köhnə
dostum Əli Qafqaziyalı dəvət etmişdi.
Girəsina ilk gəlişimdə hələ burda universitet yox idi, yalnız
Trabzon Universitetinin humanitar bölümü vardı və biz KKTC-nin
cümhurbaşkanı, mərhum Rauf Denktaşla orda bir konfransda çıxış
etmişdik.
Amma indi Girəsun Universiteti Türkiyənin iri və qabaqcıl ali
məktəblərindən biridir, 30 min tələbəsi var. Universitet üçün
dağların yamacında ətəyi Qara dənizə dirənən gözəl bir şəhərcik
salıblar.
Dəvəti həvəslə qəbul eləməyimin iki ayrı səbəbi də var.
Bunlardan birincisi universitetə əslən Azərbaycandan olan bir
xanımın, bir qızımızın başçılıq etməsidir. Rektor Aygün Attar indi
işğal altında olan Qarabağın köklü, əsilli-nəsilli, ziyalı
ailələrindən birinin övladıdır. Ailələrini yaxşı tanıyıram.
Gəncliyindən, ağlı, savadı, qeyrəti, ürəyinin yurd sevgisiylə dolu
olmasıyla seçılirdi. Böyük uğurla keçən namizədlik müdafiəsini indi
də xatırlayıram. 1918-1920- ci illər milli hökumətindən danışmağın
yasaq olduğu illərdə bu barədə cəsarətli bir elmi iş yazmışdı.
Sonra müxtəlif uluslararası elmi konfranslarda onu dinlədim,
Türkiyəyə daşınandan sonra da fəaliyyətini izlədim, elm və təhsil
sahəsində yüksəlişinə, elmi araşdırmalarına sevindim, hər yerdə
Azərbaycanı ləyaqətlə təmsil elədiyindən qürur duydum. Tale onun
şəxsində Azərbaycanı bütövləşdirdi. Əslən Güney Azərbaycandan olan
Sadıq bəylə ailə qurdu. Çox böyük zəhmətin, axtarışların və
cəsarətli vətəndaş mövqeyinin nəticəsi olan "İranın etnik yapısı"
kitabı onun elmi araşdırmalarının parlaq nəticələrindən
biridir.
Türkiyədə yaşayan milyonlarla Azərbaycan türkü özünü Türkiyə
türklərindən ayırmır, türklüyün qədərini sevə-sevə paylaşır. Ancaq
bu birlik duyğusu doğru dəyərləndirilməlidir. Hər yerdə olduğu
kimi, Türküyədə də ayrımçılıq iddialarıyla irəli çıxanlar daha çox
göz önündə olur, daha çox imtiyaza haqq etdiklərini düşünür və
bəzən də bunu qazanırlar. Bu baxımdan Aygün Attar kimi bir görkəmli
alimin, yorulmaz təşkilatçının egitim-təhsil sahəsində universitet
rektoru seçilməsi bu qayğımızı aradan qaldırmağımıza yardım edir və
Türkiyə cümhurbaşkanının bizim qardaşlığımızı yüksək
qiymətləndirdiyini, elmi fəaliyyəti dəyərləndirdiyini və kimin kim
olduğunu yaxşı bildiyini təsdiq edir.
Bu gün Girəsun Universitetinin uluslararası miqyasda sayğı
qazanmış bir elm, təhsil, araşdırma mərkəzinə çevrilməsi, heç
şübhəsiz, ilk növbədə Aygün xanımın yorulmaz zəhməti ilə
bağlıdır.
Dəvəti qəbul etməyimin ikinci səbəbi orda birinci kursda oxuyan,
hələ tam alışmamış, darıxan bir uşagımızı görmək fürsətiylə bağlı
idi.
Simpoziumu giriş sözü ilə açan rektor prof.dr. Aygün Attar bu
simpoziumun Girəsun Universitetində keçirilmə səbələrini anlatmaqla
yanaşı, Axıska türklərini üzləşdikləri çəkilməz faciənin aradan
qaldırılması və axıskalıların ana yurdlarına qaytarılması işinə
beynəlxalq dəstəyin gücləndirilməsi zərurəti barədə maraqlı
düşüncələrini paylaşdı. Sonra "Axıska fəlakətinin ardından Dədə
Qorqud sazı" və Qara dəniz kamançası dilləndi. Dünya Axıska
Türkləri Birliyinin rəhbəri (genəl katibi) Fuat Uçarın çıxışından,
Əli Qafqaziyalının tarixdən bugünə Axıskanı anladan açılış
bildirisindən sonra "Güney Qazaxstandakı Axıska türklərinin
kültürəl fəaliyyətləri", "Axıska türklərinin geri dönüş sorununun
hüquq və uluslararası hüquq boyutu", "Axıska türklərinə İrandan
baxış", "Ulusötəsi yurddaşlıq kimliyinə sahib Axıska türkləri",
"Unudulmuş bir xalq - Axıska türkləri" ,"Osmanlı dövlətinin son
dönəmində axıskalı məmurlar" və s. konularda maraqlı məruzələr
dinlənildi.
Mən Axıska türklərinin faciəsinin bütün türklüyün faciəsi
olduğundan, Balkanlardan Altaylara qədər hər yerdə - Axıska, Krım,
qaraçay, balkar, noqay, kumık və s. türk xalqlarının köçə
sürüklənib, kütləvi məhv edilməsi və illərlə yurdlarına dönə
bilməmələri siyasətinin bu gün də Ermənistanda, Qarabağda, İraqda,
Suriyada, İranda davam etdirildiyindən və bunun pərdə arxasından
danışdım. Qazaxstanda, Qırğızıstanda, Özbəkistanda, Quzey Qafqazda,
ABŞ-da, Avstaliyada, Azərbaycanda görüşdüyüm Axıska ailələrinin hər
birinin yaşadığı həyat, keçdiyi yol ağlasıgmaz bir insanlıq dramı,
dünyaya utancverici bir qanlı olaydır. 71 ildə dəfələrlə
ölkədən-ölkəyə sürülmüş və hələ də qatarlarda, relslərin üstündə
yaşayan bir xalqı öz doğma ana yurdunda torpağa endirmək və
yurd-yuvasını bərpa etmək dünyanın borcu olmalıykən, türk
coğrafiyasının ayrı-ayrı nöqtələrində bu şeytan oyunları davam
etdirilməkdədir...
Universitetdə keçirtdiyimiz sonrakı gündə İrandan gəlmiş məşhur
yazar, "Dilmanc" dərgisinin genəl müdiri Əli Rza Sərrafinin və
mənim türk tarixi üzərinə ayrı bir konfransımız da oldu...