1987-cı il. Şamaxı. Çiskini az qala adamın içini yalayan
boz bir payız günü.
İşlədiyim rayon qəzeti redaksiyasından çıxıb, büzüşə-büzüşə
harasa gedirdim. Qəfildən böyrümdə yaşıl rəngli bir "Jiquli"
dayandı. Gözlərimə inanmadım: Nüsrət Kəsəmənli idi. Görüşdük.
"Otur" – dedi. Oturdum o məşhur maşına. Ona görə məşhur deyirəm ki,
həyatda hər şeyə görə paxıllığını çəkən bir şairə Nüsrət Kəsəmənli
yazdığı şeirdə deyirdi: "Maşınımın rəngi yaşıldı deyə, Yaşıl çəmənə
də baxa bilmirsən..."
Hə, xəzəl basmış küçələrdən keçib şəhərin ucqarında tanış bir
kafeyə girdik. Orada xeyli oturduq, Moskva görüşlərimizi
xatırladıq.
Nüsrət Moskvaya tez-tez gələrdi. Orada, Tahir Aslanlının evində
üçlükdə çox olmuşduq. Bir dəfə maqnitofona bir şeiri necə
yazdığımızı yada saldıq. Tahir Aslanlının küləkli bir gündə dəmir
yol vağzalında yalqız bir insanın yaşantılarını əks etdirən şeirini
Nüsrət bariton səsiylə oxudu, mətnə uyğun olaraq, mən çovğunlu
küləyin vıyıltısını səsləndirdim, Tahir qatar təkərlərinin
taqqıltısını. Çox qəribə və çox da təbii bir kompozisiya alındı.
Heç bilmirəm o lent yazısı rəhmətlik Tahir Aslanlının arxivində
qalır, yoxsa yox.
O gün Nüsrətlə xeyli söhbət elədik. Mən ədəbi mühitdə yeni imza
yiyəsi, o isə artıq məşhur bir şair idi. Geri qayıdanda şər
qarışmışdı. Xatırlaya bilmirəm, nədən ötrüsə kitabxanaya baş çəkəsi
olduq. Orada bizim bu foto-şəklimizi çəkdilər.
Bu yaxınlarda əlimə keçən bu şəkil içimdə gözəl şairimizlə bağlı
xoş xatirələr oyatdı. Təbii ki, uzaq və unudulmaz bir günün
xatirəsi kimi hisslərimi bölüşmək istədim oxucularla.