Gürcü nağılı bitdi, artıq gürcü arzusu
başlayır
O hakimiyyətə gələndə 19 yaşım vardı. Gürcüstanda təhsil sistemi
azərbaycanlılar üçün demək olar ki, məhv olduğundan Bakıda
oxuyurdum. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin
tələbəsi olaraq ilk yazımı da ondan hazırlamışdım. Amma Mixail
Saakaşvili adı heç nə demədiyindən yazım cəmi bir abzası əhatə edə
bildi. Bu gün isə o hakimiyyətdən gedir, mənim isə 29 yaşım var. Bu
on ildə mən də, Gürcüstan da, Mixail Saakaşvili hakimiyyəti də
dəyişildi. Məni dəyişdirən Gürcüstan deyildi, amma Gürcüstanı
dəyişən Mixail Saakaşvili idi. Mişa bütün Gürcüstanın taleyini də
özü ilə birlikdə dəyişdi və getdi...
Qayıdaq əvvələ...
2002-ci ilin Gürcüstanı
Bakıda təhsil aldığımdan ancaq yay tətilində doğma Borçalıma
gedirdim. Şevardnadze hakimiyyətində korrupsiya və özbaşınalıq
artıq pik həddə çatmışdı. Valideynlərim kənd təsərrüfatı ilə məşğul
olurdular. Amma məhsulu bazara aparmaq əsil hünər və səbir tələb
edirdi. Yolda polislərə payladığın "şirinlik" az qala məhsuldan
gələcək gəlirdən çox idi. Hələ bazarda lotuluq edib, kasıbın
məhsulunu əlindən alan "bicbalaları" demirəm. Tiflisə getmək isə
hər oğulun işi deyildi. Yolda kəsilən ciblər və alınan maşınların
sayı-hesabi yox idi. O dövrdə pasport almaq da rüşvətsiz mümkün
deyildi. Mən də ilk xarici pasportumu 100 dollara almışdım.
2003-cü ilin Gürcüstanı
Həm oxuyub, həm də işlədiyimdən həmin ilin yayını da Bakıda
keçirəsi oldum. Azərbaycanda da seçki ili olduğundan xəbər bolluğu
idi. Demək olar ki, Qafqazda siyasi ehtiraslar pik həddə çatmışdı.
Gürcüstanın payızı isə bahara çevrilirdi. Saakaşvili və dəstəsi
"qizilgüllə" hakimiyyətə gəldi. Bundan sonra bir neçə il
Gürcüstanda bahar abı-havası yaşanacaqdı.
Mişa hakimiyyətə gələn kimi ilk işi korrupsiya ilə mübarizə
oldu. Varlıların pulu ilə təqaüdçülərin illərlə yığılmış pullarını
verməklə xalqın sevimlisinə çevrildi. Onun aşağı təbəqələrə
hesablanmış siyasəti tezliklə uğur qazandı. Xüsusilə Marneulidə
yaşayan azərbaycanlılar Tiflisi şəhər kimi, paytaxt kimi məhz onun
sayəsində tanıdı. Daim seçkidə 5-ci sıranı seçən Mişa əla işləri
sayəsində xalqın oğlu oldu, "5"-ini aldı. Yalnız Borjomisi və
Batumisi ilə Gürcüstan tezliklə dünyanın bir çox yerində şərab kimi
tanınmağa başladı. Daha doğrusu, keçmişdəki adını geri qaytara
bildi. Amma onu sevməyənlər də var idi. Doğru-dürüst yaşamağa
öyrəşməyən GÜRCÜLƏR. O gürcülər ki, Stalin dövründən oğruluğa və
"rüşvətli" vəzifəyə öyrəşmişdilər. İşləmək sözü onlara yad idi. Ona
görə də Mişalarını sevmək heç cürə onların işinə yaramırdı. Çünki
bu Mişa, o biri "ayı"lardan deyildi. Yay-qış işləməyi və işlətməyi
sevirdi, bacarırdı. İngilis dilini Rus dilindən yaxşı bilən bu
cavan oğlan tezliklə qızıl gülün tikanlarını da təmizlədi. Söhbət
Zurab Jvaniyanın ölümündən və Nino Burcanadzenin komandadan
uzaqlaşdırılmasından gedir. Bununla da Saakaşvili siyasətdə ilk
düşmənlərini qazanmağa başladı. Keçmiş SSRİ-də böyük qardaş düşmənə
çevrildi. Demokratik Mişa hələ də sosialist qalan, yeni bir SSRİ
yaratmaq istəyən Putinin qara siyahısında birincilik götürdü. Çünki
Rusiya ilə əlaqələri kəsməklə Mişa Moskvaya "xəyanət" etmişdi.
Əlbəttə ki, bu xəyanət cavabsız qala bilməzdi və gözlənilən baş
verdi. Moskva Tiflisə lazımı çərçivədə "gözdağı" verdi.
Saakaşvilinin enişi Rusiya müharibəsi ilə başladı. Qərbə
arxalanan Mişa Moskvaya meydan oxudu.
Rusiya Gürcüstan müharibəsi zamanı jurnalist kimi hadisə
yerindəydim. Qırıcı təyyarə qarşısına avtomatla çıxan gürcü
əsgərini görəndə başa düşdüm ki, qalstukunu çeynəyən Saakaşvili
artıq dalana dırənib. Qərb həmin vaxtı üzünü şimala çevirmişdi.
Məşhur lətifədə deyildiyi kimi, ayının dostu bəlli idi. Artıq
Moskvanın dəstəyi ilə siyasətə gələn qüvvələr Mişanı sarsıda
bilərdilər. Çünki kartlar açılmışdı və əslində Mişanın meydanda tək
olduğu bir sirr deyildi.
2012-ci ilin Gürcüstanı
Artıq maliyyə böhranı da Saakaşvilinin ziyanına işləyirdi. Borc
içində boğulan Qərb "yetimdən yetimə pay düşməz" deyib, Gürcüstanı
yaddan çıxarmışdı. Bu isə beynəlxalq infrastruktur layihələrinin
gecikməsi, beynəlxalq maliyyə dəstəyinin iflası demək idi. Belə bir
şəraitdə Gürcüstanın yeni "ağ atlı" oğlana ehtiyacı var idi və çox
keçmədi ki, bu ehtiyac Bidzina İvanişvilinin timsalında təmin
edildi. Fransadan gələn biznesmen gəncliyinin kasıb nağılları və
cibindəki rəngbərəng pullarla ac gürcü xalqının gözünə girməyi
bacardı. Parlament seçkilərində qələbə qazanan İvanişvili Mişaya
açıq-aşkar savaş açdı. Tezliklə payladığı yardımlar hesabına
Bidzinanın səsi artırdı. Mişanın həbsxanaya saldığı oğruların belə
səsi çıxdı... azadlığa buraxıldı. Son illər az qala toyuq oğrusuna
qatı cinayətkar kimi baxan gürcülər isə keçmişə qayıtdı. Daha toyuq
oğruları deyil, adam oğruları, əsil qatillər və "böyük" işləri
bacaran soyğunçular gündəmdədir.
Tifağı dağılan Mişa isə əşyalarını yığmağını göstərməklə
mübarizəyə həvəsi olmadığını nümayiş etdirir. Bəlkə də o bununla
"Maşa və medved" silsiləsindən "Mişa və gürcü" nağılının bitdiyinə
işarə edir.
Biri vardi biri yoxdu... Gürcüstanın bir Mışası vardı...