"Qurdlar Vadisi Pusu"! Qardaşlarımızın çəkdiyi bu serial
çoxdan Türkiyənin sərhədlərini aşıb.
Baxımlı filmdi, gözəl də musiqisi var. Aktyor oyunlarına da söz
ola bilməz. Və bu film Azərbaycanda da sevilir. Cümə axşamları
rəhmətə getmiş əzizlərinə "Quran" oxutmağı yaddan çıxarsalar da, bu
filmi izləməyi yaddan çıxarmırlar.
Bu film əvvəllər bir qəhrəmanlıq dastanı olsa da, sonradan bəzi
siyasi dairələrin təsiri ilə tam siyasiləşdi. Hətta gündəmi
bəlirləməyə başladı. Olsun, sözümüz yox. Bu film haqqında ötənlərdə
silsilə məqalələr yazmışdım, filmdəki bəzi nüanslara toxunmuşdum.
Bir azərbaycanlı kimi heysiyyatıma dəyən yerlər olduğuna görə
umu-küsümü bildirmişdim, amma nədənsə məni qınayanlar çox oldu.
Olsun. Yazı yazanda ürəyimdəkiləri yazıram, kimlərin bu yazını necə
qarşılayacağı məni maraqlandırmır.
Məsələ nədi? Filmin son iki seriyasında Azərbaycana çox ciddi
sataşmalar var. Özü də siyasi sataşmalar. Bir qardaşın başqa bir
qardaşı aşağılamasına nə ad vermək olar?
Ümumiyyətlə, son zamanlar türk seriallarında Azərbaycana
sataşmalar diqqət çəkir. Məsələn, "Möhtəşəm yüzyıl" filmində
xalqımızın az qala inanclarından birinə çevrilmiş Şah İsmayıl
aşağılanır, Səfəvi dövləti fars dövləti kimi təqdim olunur və sair
və ilaxır.
Qayıdaq "Qurdlar Vadisi"nin son iki seriyasına. Bəli, qurdlar
Türkiyənin Başbakanının İrana səfəri ərəfəsində (səfər bu günlərdə
gerçəkləşmişdi) Azərbaycana gəlirlər. Özləri demişkən, burda böyük
"operasyon" həyata keçirirlər. Məlum olur ki, ruslar Başbakanın
İrana səfəri zamanı ona sui-qəsd eləmək və bununla da Türkiyə-İran
münasibətlərinə zərbə vurmaq və eləcə də Türkiyəni qarışdırmaq
istəyirlər. Və bu işdə də ruslara bizlər dəstək veririk. Və
qardaşlarımız çəkinmədən bizləri "rus uşağı" adlandırırlar. Biz
uşağa "uşaq" deyirik, türklər "nökərə".
Məntiqsizlik çoxdu, Karanın bura gəlməsi, burdakı "igidlikləri",
İrana getməsi, ordakı "igidlikləri", sərhəddən keçmək istərkən
Bəxtiyar adlı birisini xilas etmək üçün geri dönməsi. Bu Bəxtiyar
kimdi, hardan hop eləyib düşüb bura? Hansısa özəl şirkətin həyətinə
girib bizləri sərçə kimi qırması və burda da özbəklərin onlara
dayaq durması. Və çox maraqlıdır ki, Özbəkistan Respublikası ilə
Türkiyə Respublikası arasındakı münasibətlər Türkiyə ilə Ermənistan
arasındakı münasibətlərdən bir az fərqlidi, yəni daha pisdi.
Türkiyə bizim qardaşımızdı. Türkiyənin Başbakanına atılan
gülləyə Azərbaycan sinəsini verər. Eləcə də Türkiyəyə atılan
gülləyə Azərbaycan sinəsini verər. Buna onlarla misal çəkə bilərəm.
İnanıram və eləcə də bilirəm ki, Türkiyə də Azərbaycana atılan
gülləyə sinəsini verər. Elə isə bu filmi yapanların məqsədi nə? Bu
hansı siyasi dairənin sifarişidi? Bu filmə dedim ki, dünyada
baxırlar. Bizim nüfuzumuza dünyada xələl gətirmək Türkiyənin hansı
siyasi dairəsinin marağındadı? Azərbaycan xalqını Türkiyədən incik
salmaq kimə sərf edir? Özü də Türkiyənin indiki vəziyyətində.
Türkiyənin Suriyaya dönə biləcəyinin 10-15 addımlığında olan bir
vaxtda.
Mənim "Dolu" romanımda bir yer var. 1990-92-ci illərdir. Bir ana
həsrətlə gözləyir ki, türklər gələcək və bizə dəstək olacaq. Hər
gün döyüşçü oğlundan soruşur ki, türklər gəlmədi, bəs harda
qaldılar? Oğlu da cavab vermir. Axırda bir gün yenə soruşanda ki,
türklər gəlmədi?
- Gəliblər, ay ana, gəliblər.
- Allaha şükür. Bəs hardadılar?
- Bakıdadılar, ay ana.
- Nə edirlər?
- Dönərxana tikirlər.
- Dönərxana nədi, ay oğul?
- Avtomat zavodu.
- Buy, onlara qurban olum, buy, onların başına dönüm. Allah, sən
özün onlara kömək ol.
"Dolu" filmi çəkilərkən montaj zamanı rejissor Elxan Cəfərovla
belə qərara gəldik ki, bu epizodu başqa cür verək, çünki burda
türklər aşağılanır. Niyə qardaşlarımızı aşağılayaq, çünki buna
dünyada baxacaqlar, qardaşlarımızı dünyada gözdən salmayaq. Və
epizodu belə təqdim elədik.
- Bəs, bu türklər niyə gəlmədi?
- Gəliblər, ay ana, gəliblər.
- Buy, onlara qurban, Allah, sənə şükür.
Biz buyuq.
Türkiyə Ermənistanla sərhədləri açmaq istəyən zaman da filmdə
Azərbaycan aşağılanmışdı, azərbaycanlılar aşağılanmışdı. Silsilə
yazıda bunu qeyd etmişdim, təkrar yazmıram, dərc edərəm
oxuyarsız.
Və sonda. Məşhur futbolçumuz Ələkbər Məmmədov SSRİ yığma
komandasında oynayanda Türkiyənin qapısına, yadımdan çıxıb,
üçmü-dördmü top vurmuşdu.
Türk şərhçi bir azərbaycanlının Sovet komandasında oynamasını
fəxarətlə dinləyicilərə çatdırırmış.
- Əti-ətimizdən, qanı-qanımızdan müsəlman qardaşımız
topladı.
Hər dəfə belə təqdim edərmiş. Sonra Ələkbər Məmmədov bir top
vurdu. Şərhçi bunu da gözəl təqdim edir ki, əti-ətimizdən,
qanı-qanımızdan müsəlman qardaşımız gözəl bir top vurdu. Sonra
ikincisini vurur, şərhçi dilxor olmağa başlayır. Bundan sonra top
Ələkbər Məmmədovda olanda deyir:
- Əti-ətimizdən, qanı-qanımızdan olan gavurlara satılmış
müsəlman qardaşımız yenə topladı.
Üçüncü topu vuranda şərhçi deyir:
- Əti-ətimizdən, qanı-qanımızdan olan müsəlman qardaşımız
bokladı!
"Qurdlar Vadisi" bu dəfə bokladı.
adalet.az