Deyəsən, qardaş Türkiyənin bizdən başqa dostu qalmadı.
AKP-nin xarici siyasəti Türkiyəni dünyadan təcrid elədi. Və bu gün
Türkiyə elə bir çıxılmaz dalana dirənib ki, ölkəni xilas etmək üçün
yeni bir Atatürkə ehtiyacı var. Atatürklər də həftə-səkkiz mən
doqquz doğulmurlar, yüz ildə, iki yüz ildə ya doğulalar, ya da
doğulmayalar.
AKP-nin iqtisadi siyasəti Türkiyəni qüdrətli dövlətlər sırasına
çıxara bildi, amma qüdrətli Türkiyənin də qüdrətli daxili və xarici
siyasəti olmalı idi. Amma çox təəssüf ki, bunu bacara bilmədi.
Çünki Türkiyənin siyasətçiləri siyasətlə yox, bir-biriylə
söyüşməklə məşğuldurlar, iş-güclərini buraxıb bütün günü
mitinqlərdə və televizyonlarda şüar söyləməklə məşğuldurlar.
Bir türk yazıçısı vaxtilə Azərbaycanın görkəmli bir yazıçısının
evinə qonaq gəlir.
Görkəmli yazıçımız ona iki otaq dolusu əlyazmalarını göstərir.
Türk yazıçısı gedəndə deyir: "Bu herif hey yazıyor, hiç okumuyor?"
İndi, türk siyasətçiləri də hey konuşuyorlar, heç
çalışmıyorlar?
İraqla düşmən, Suriya ilə düşmən, İranla miyanə, Gürcüstan da
Gürcüstandı də, əlacsızlığından Türkiyəyə mehribandı, Yunanıstanla
düşmən, Bolqarıstanla düşmən, Rumıniya ilə düşmən, Rusiya ilə
düşmən, hətta doğma qardaşı Özbəkistanla da düşmən, Ukraynanın da
vəziyyəti bəlli. Bunlar Türkiyənin qapıbir qonşularıdı, yəni
çəpər-çəpərdilər. Fransa onun kimi, ən yaxın dostları almanları da
gördük. İngiltərənin baş naziri də Türkiyəni təhqir elədi, İsraillə
də onun kimi. Az qala qardaş bildiyi ABŞ Türkiyəni İraqda da tələyə
saldı, Suriyada da. ABŞ vurhavur İraq və Suriyanın ərazilərində
kürd dövləti qurur, sonra da keçəcək Türkiyənin ərazisinə və artıq
keçib də.
Türkiyə də gedib Somalidə, Nigeriyada, Keniyada konsulluq binası
açır, dost axtarır. Rəhmətlik Baba Pünhanın dili ilə desək:
"Somali, Nigeriya, Keniya it günündə, it də Somali, Nİgeriya,
Keniya günündə".
Vaxtilə İran dünyadan təcrid olunmuşdu, amma bu ölkədə vahid bir
ideologiya var və bu ideologiya da İranı məhv olmaqdan qorudu,
yaşatdı. Və İrana qoyulan embarqolar hətta İranın xeyirinə işlədi
və məcbur olub başlarını işlətdilər, hərbi sənayelərini qurdular,
sualtı qayıqlarını yapdılar, təyyarələrini yapdılar, üç min
kilometr vuran raketlərini yapdılar və sair və ilaxır və
yavaş-yavaş da xarici siyasətlərini qurdular. İndi İrana düşmən
olan dövlətlər, ABŞ da başda olmaqla, bu ölkə ilə dostlaşmağa
başladılar. Gördülər ki, İranı sıxmaqla heç nə qazanmadılar, nə
parçalaya bildilər, nə vətəndaş müharibəsi yarada bildilər, nə də
ac-yalavac qoya bildilər.
Türkiyə isə əksinə, bir-bir bütün dostlarını itirməyə başladı və
itirib bitirdi.
Və əlbir olub bir ayı bir şir ilə,
Ovladılar Türkiyəni tədbir ilə.
İndi də ayı ilə şir əlbir olub PKK-nı salıblar Türkiyənin
üstünə. Əvvəl PKK bir bölgədə fəaliyyət göstərirdi, indi Qara
dənizdən tutmuş Akdənizə qədər, ordan da Ədirnəyə qədər. Məlumat
verirlər ki, Şırnak və Diyarbəkirdə mindən çox terrorçu etkisiz
hala gətirilib, yəni öldürulüb. Birincisi, bunlar bu şəhərə necə
gəlib çıxmışdı, harda yatmışdınız? Daha doğrusu, yatmamışdız ey,
seçim mitinqləri yapırdız. PKK-çı öldürməklə PKK bitməz, İŞİD-çi
öldürməklə də İŞİD bitməz. Hər gün ABŞ-ın və Rusiyanın təyyarələri
İŞİD-i bombalayır. Türkiyənin təyyarələri də Kandili. Nə olur?!
Rusiyanın təyyarəsini vuranda dedim ki, gərək Türkiyə belə
etməyəydi. Çünki mən sabahı görürdüm. Düşdülər üstümə, dədəm-nənəm
qalmadı, əbə-əcdadım qalmadı, söyhasöy. Hamı oldu bozqurd, hətta
Rusiyanın Azərbaycandakı sukaları da oldu bozqurd, vətənsevər,
millətsevər, Türkiyəsevər, nə bilim day nə sevər, mən oldum Vətən
xaini, Rusiyanın agenti, nə bilim at gəldi örkən apardı, it gəldi
çarıq. İndi Azərbaycanın bir çox siyasətçiləri, hətta millət
vəkilləri deyirlər ki, Türkiyə Rusiyadan üzr istəməlidir. Nə
onların dədə-nənəsinə söyən var, nə də onları Vətən xaini
adlandıranlar. Hardasınız,ə?! Bilirəm, bu yazını oxuyandan sonra da
yenə vətənşüvənlik başlayacaq.
Mən türkçülüyü, bozqurdçuluğu, millətçiliyi təbliğ edəndə,
əlimdəki qəzetləri az qala dünya türklərinin qəzetinə çevirəndə
görən hardaydı bu vətənşüvənlər?
Mənə sosial şəbəkələrdə söyənlər türk bayrağına sarılmışdılar və
deyirdilər ki, Rusiya Türkiyə ilə müharibə eləsə gedib Türkiyə
tərəfdən vuruşacağıq.
Yadıma şair İlyas Ərnəfəs düşdü. Qarabağda savaş gedəndə
bəyanatlar verirdi ki, İraqa getmək istəyirəm, Səddamın ordusunda
ABŞ-la vuruşacağam. İlyas Ərnəfəs daha səmimi idi, nəinki bu
vətənşüvənlər.
PKK Türkiyəyə savaş açıb, bəs niyə gedib Türkiyə tərəfdən
vuruşmursuz? Gedin də, viza da lazım deyil, gündə Türkiyəyə 30
təyyarə uçur, yüzdən çox da avtobus gedir. Rəqəm bir az çox oldu,
eybi yox.
Kərbəlayı Abbasqulu bəyə deyir: "Heç oğlum Yadullanın musibəti
belə olmamışdı". İndi canımız, qanımız, qardaşımız, arka daşımız,
ikinci dövlətimiz Türkiyədə baş verən müsibətlər, Türkiyəyə qarşı
Avropada qurulan tələlər, Suriya və İraqda qurulan tələlər
Türkiyəsevərlər üçün, damarlarında türk qanı daşıyanlar üçün az
qala Qarabağ müsibəti kimi bir müsibətə çevrilib. Hər gün terror,
hər gün şəhidlər. Türk televizyonlarını açmaq, ümumiyyətlə, heç
mümkün deyil, amma açmamaq da mümkün deyil. Türkiyənin olmayan türk
televizyonları da bu şəhid xəbərlərini, terror xəbərlərini, bu
ölüm-itim xəbərlərini, hətta adi avtomobil qəzaları xəbərlərini elə
təqdim edirlər ki, elə bil toy xəbərləri verirlər.
Hər səhər azı iki saat Türkiyənin müxtəlif televiziya
kanallarında xəbərləri izləməmiş evdən çıxmıram. Bu səhər çıxanda
seyr etdiyim bir süjet, eşitdiyim bir xəbər yandırdı məni və məcbur
oldum bu yazını yana-yana da yazdım:
Səhər saatlarında İstanbulda PKK-çılar polisləri daşıyan
avtobusu partladıblar, 7 polis, 4 sivil ölüb, 36 da yaralı var.
İndii gözləyirəm görüm, Almaniyanın, Fransanın, İngiltərənin,
İspaniyanın, İtaliyanın cümhurbaşkanları və ya başbakanları
İstanbula gəlib Taksimdə qol-qola verib öz etirazlarını
bildirəcəklərmi, Türkiyə xalqına başsağlığı verəcəklərmi?
Tanrı daha Türkü qorumur, arkadaşlar. Qorumur ey, birdəfəlik
bilin, Türk gərək özü-özünü qorusun! İndi Türkiyənin
başbilənlərinin tarixdən silib atmaq istədikləri Atatürkün dediyi
ortada: "Türkün türkdən başqa dostu yoxdu!"