Yuxarı

Tofiq Saxtaxtinski: “Mən də öz sahəmdə qorxaq olmuşam”

Ana səhifə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan uzaqda yaşayan həmvətənlərimiz görəsən uzaqdan ölkəni necə görüb dəyərləndirirlər? Qürbətdə yaşamaq çoxmu çətindir? Ümumiyyətlə, ölkədən kənarda yaşamaq necə bir hissdir?

Bu həftə Yağmurun qonaqları rubrikasında qonaq ABŞ-da yaşayan professor Tofiq Saxtaxtinskidir.

Belə də qürbət olar?...

- Tofiq bəy, illərdir ki, vətəndən uzaqda yaşayırsınız. Yəqin ki, maddi probleminiz, sıxıntınız yoxdur. Bilmək istəyirəm, bu, insanın rahat yaşaması üçün yetirmi? Yoxsa qürbət adamı sıxır?

- Dediyiniz "qürbət" məfhumu dəmir pərdə ilə xalqını dünyadan təcrid edən Sovetlərin süqutundan sonra öz mənasını itirdi. Şükür Allaha, sərhədlər açıqdır, ayrı-ayrı ölkələrdə yaşayan qohum-qardaşlar vizasız və ya viza alaraq vətənlərində olduğu vaxtdan daha tez- tez görüşürlər. Bir-birilərinə qonaq gedirlər, xeyirində, şərində iştirak edirlər. Ən sadəsi, Skayp dalğasına çıxıb bir-biriləri ilə uzun-uzun söhbətləşirlər. Əlbəttə, belə gedib-gəlmələr ayrı ölkələrdən siyasi sığınacaq alan tək-tək şəxslərə şamil oluna bilməz. Bu bütün dünyada belədir. Hələ ki, övladlarımızın yanındayıq, lazım olanda gəlib-gedirik, xeyirdə-şərdə iştirak edirik. 5-6 il öncə övladlarımızdan birinə Bakıda qohum-qardaşlarla birlikdə toy elədik. Belə də qürbət olar?

Adam yadlıq kabusunu hiss edir

- Mən uzun müddət xaricdə yaşamamışam, amma yaşayan dostlarımın dediklərindən bilirəm ki, nə qədər yaşadığın yerdə qaynayıb qarışsan da, yenə də sanki ikinci dərəcəlisən. Bu, doğrudurmu, siz belə hiss etmisiniz?

- Tam əminliklə deyim ki, belə "yetimlik" münasibəti ABŞ-a aid deyil. Bu ölkə büsbütün gəlmələr ölkəsidir... Müxtəlif millətlərdən olan yerli əhalinin hamısı gəlmədir və ardı-arası kəsilmədən dünyanın hər yerindən millətlər bu gün də bura axışır. Heç məhəl qoyan da yoxdur ki, sən yüz ildir burada yaşayırsan, yoxsa dünən gəlibsən. Həqiqətən demokratiyanın beşiyi olan bu ölkədə hamı qanunun aliliyinə tabedir, öz əməyi, biliyi və iş qabiliyyətinə müvafiq yaşayır. Hər hansı qanun pozucusu tezliklə öz cəzasını alır. Odur ki, hardasa kim-kimlə rastlaşdısa, salamlaşır, bir-birinin üzünə təbəssümlə baxır, hətta bəzən süni də olsa... Hamı istəyir ki, kiməsə, nədəsə öz kömək əlini uzatsın. Mən də eşitmişəm ki, Avropa ölkələrində, xüsusən Fransa və Almaniyada ayrı ölkədən işləməyə gələn adam öz başının üstündə daima "yadlıq, yetimçilik" kabusunu hiss edir.

Hə, bə noolsun...

- Artıq yaşınızın müdrik çağındasınız, necə bilirsiniz, həyatı yaşamağa dəyirmi, yoxsa dünya yaşanılası yer deyil?

- Bu sualı gənclik yaşımdan indiyədək həmişə eşitmişəm. Hər dəfə istəmişəm ki, cavab verəm ki, nə deyim, çətin sualdır... Bu gün deyərəm ki, yenə hər halda gəlməyimiz gəlməməkdən yaxşıdır. Görün, nələrin şahidi olduq... Bununla belə, hər dəfə böyük aktyorumuz Yaşar Nurinin "Ac həriflər"də qəzetdən bir yeni xəbər oxuduqca "hə, bə noolsun..." deməsi yadıma düşür. Mən də dünyamın sonunda elə belə deyərdim...

Kaş daha çox yaxşılıq edəydim

- Ən çox nəyə kədərlənirsiniz, edə bilmədiklərinizə, yoxsa ölkədən kənarda olmanıza?

- Edə bilmədiklərimə kədərlənmirəm. Edə bilmədiklərimə kədələnmək bir az qəribə olardı, çünki o edə bilməyən adam da elə mən özüm olmuşam. Bir də ki, ikisindən az nailiyyət əldə etmişəmsə, beşindən artıq olub. Onu da deyim, həmişə düşünürəm ki, gərək əlimdə imkan olan vaxtlar çox yaxşılıqlar edəydim. İndi isə artıq gecdir, nə pislik, nə də yaxşılıq etməyə əlimdə heç bir imkanım yoxdur... Doğrudan da adama bu dünyada yaxşılıq qalır.

- Düşünürsünüz ki, ölkədə yaşasaydınız, daha çox iş görmüş olardınız?

- Qətiyyən yox! Mən buraya gələndə artıq təqaüdə çıxmışdım. Cüzi təqaüdlə dolana bilmədiyimiz üçün müvəqqəti olaraq övladlarımızın yanına gəldik. Bir də məndən də çox-çox artıq kişilər vətəndə qalıb, neyləyiblər ki? Duraq indi vətənimizdəki vəziyyəti , baş verənləri bir-bir sadalayaq? Hamısı göz qabağındadır.

Millətin formalaşmasında fərdlərin böyük rolu olub

- Məncə, Azərbaycanda fərdlər daha güclüdür, millətsə bu seçilmiş fərdləri qədər güclü deyil. Necə bilirsiniz, milləti irəli aparan güclü fərdləri olur, yoxsa bütünlükdə millətin özü?

- Tarixi romanlar çox oxumuşam. Xalqların, millətlərin formalaşmasında fərdlərin böyük rolu olub. Xalqımız tarixən ərazi baxımından kompakt yaşasa da, ayrı-ayrı tayfalar, sonralar isə xanlıqlar şəklində yaşayıb. Əsrlər boyu Azərbaycan türklərini vahid dövlət şəklində yumruq kimi birləşdirə biləcək bir fərdə böyük ehtiyac olub.

Hamı özü, ailəsi və yaxınları üçün çalışır

- Amerikada yaşayıb burda ölkəsi adına çalışan insanları gördükdən sonra, ancaq özü üçün vurnuxan adamları görəndə xalqını sevmək çətin deyil ki?

- "Ölkəsi adına çalışmaq" zehniyyəti Sovetlər dövründən qalan kommunist uydurması idi. Belə şey heç bir ölkədə yoxdur və ola da bilməz. Hamı özü, ailəsi və yaxınları üçün çalışır, siz deyən kimi, vurnuxur. Əlbəttə, istər bəşəri, istərsə də konkret dövlət qanunları çərçivəsində ədalətlə, vicdanla, rüşvətsiz, korrupsiyasız... Onda cəmiyyətin bütün üzvləri – milyonçular, ortabablar, kasıb və bomjlar, hamı bir-birinin üzünə, gözünün içinə baxa bilir, hamı da həm vətəni, həm də xalqını sevir. Yalnız kütlədən fərqlənən böyük incəsənət xadimləri, yazarlar, xalqının dövlət quruculuğu ilə məşğul olan tarixi şəxsiyyətlər istəkli şəkildə dövlət adına çalışırlar.

- Hər şeyə rəğmən sizi pozitiv düşüncələrə və ümidə tuşlanmış görürəm. Bunun qaynağı hardandır?

- İstədim deyəm "çətin sualdır", fikrimi dəyişdim. Görünür, belə hissiyyatlar insana ana bətnində formalaşanda verilir. Biz üç qardaş, bir bacı olmuşuq, hər birimiz ayrı-ayrı xassələrə, xüsusiyyətlərə malik idik. Deməli, buna gen faktoru da demək olmaz. Bununla belə, hər halda düşünürəm ki, ata tərəfdən ulu babalarımın hər hansı bir hüceyrəsi məndə cücərib...

Olanları öz gözləri ilə görən xalq uydurmaları qəbul etmədi

- Bilirəm ki, ədəbiyyat həvəskarısınız. Müasir Azərbaycan ədəbiyyatından kimləri oxuyursunuz və necə bilirsiniz, bu ədəbiyyat nümunələri ilə dünyaya çıxmaq olarmı?

- Sizin romanlarınızı oxuyuram. Bundan başqa Əlabbasın "Köhnə kişisi"ni, "Xatirələri və esselərini", Mehriban Vəzirin tərtibatı ilə M.Cəlilin həyat yoldaşı Həmidə xanımın xatirələrini oxuyub həzz almışam. Bu cəhətdən korluq çəkirəm... Çox təəssüf ki, maraqlı bədii əsərlər mövzusu ola biləcək Qarabağ döyüşləri haqda əsərlər yaranmadı. Görünür, yazıçılarımız həqiqətləri yaza bilmədilər, olanları öz gözləri ilə görən xalq da uydurmaları qəbul etmədi. Dağlıq Qarabağ döyüşlərini əks etdirən real romanlar şedevrlər ola bilərdi...

Mən də öz sahəmdə qorxaq olmuşam

- Bilirsiniz, mən bu sualı niyə verdim? Hər zaman deyirlər ki, biz istedadsızıq... Məncə, bizim dünyaya çıxa bilməməmizin səbəbi odur ki, dövlət ədəbiyyatın təbliğatı ilə məşğul olmur. İkinci odur ki, biz bir az yüksək seylər haqqında düşünə bilmirik. Arzu və istəklərimiz, bir-birimizə münasibətimiz sağlam deyil. Yanılmıram ki?

- Yox, biz sadəcə çox qorxağıq. 37-ci il Stalin repressiyaları dövründə yazıçılar indiki Azərbaycan yazıçılarından qat-qat cəsur olublar. Mən yazıçı deyiləm, ancaq yəqin ki, mən də öz sahəmdə qorxaq olmuşam. Nə qədər rüşvətin, korrupsiyanın, yalançılığın, yaltaqlığın şahidi olmuşam, amma susmuşam. Bizim daxilimizdə bu qorxaqlığın təməli nə vaxtdan qoyulub, bilmirəm.

- Son olaraq, sizcə dünyadan narazı olan insan bunda haqlıdır, yoxsa elə özü bu hala gətirib dünyanı? İnsan bir az daha pozitiv ola bilsəydi, dünya başqa ola bilərdimi, yoxsa olacağı bu idi?

- Əzizim, elə bil dünyaya vahid bir ölkə kimi baxırsınız... Sadəcə olaraq deyim, həqiqətən demokratiyanın beşiyi olan ABŞ-ın istənilən ştatındakı insanların həyat tərzi, bir-birinə olan münasibəti, qanunların aliliyi və s. bəşəri faktorlar hara, bizim vətən kimi yüzlərcə ölkədəki vəziyyət hara? Sizi inandıriram, min bir ölkədən müxtəlif səbəblərə görə baş götürüb ABŞ-a qaçan insanların necə bir yerdə insan kimi, razı, rahat, qanunlara tabe yaşamaları məni həmişə düşündürür. Bilirəm, dünya təkcə ABŞ-da deyil, Azərbaycan da... Deməli, olacaq o dediyiniz deyil. Mən məəttəl qalmışam, niyə bizim ölkəmizdə hər şey rüşvətə, yaltaqlığa, bir-birini güdaza verməyə bağlıdır? Niyə qanunlar işləmir? Bu zəhər toxumu hardan aramıza səpilib? Eyni zamanda da tam əminəm ki, tutduğu mövqedən, iqtidar və ya müxalifət adamı, varlı və ya kasıb olmasından asılı olmayaraq, hamı bunu çox yaxşı bilir və yenə də hamı öz işindədir.

Tarix
2014.04.05 / 09:00
Müəllif
Zümrüd Yağmur
Digər xəbərlər

Bu gün Azərbaycanda Diplomatiya Günüdür

TDT baş katibi diplomatlarımızı təbrik etdi

Ümid edirik ki, tezliklə Bakı və İrəvan... - ABŞ

Pakistan XİN rəhbəri Azərbaycana təşəkkür etdi

İlham Əliyev Trampa başsağlığı verdi

Azərbaycandakı rus icması Bakını seçdi - Primakovdan etiraf

Azərbaycan sərhədində müharibə təhlükəsi: Bu gün...

Azərbaycanla barışdıqdan sonra pul sel kimi axacaq - Sukiasyan

Xankəndidə ABŞ-ın bu mesajını İrana çatdırdıq

Tramp və Netanyahu Xameneinin qətlini müzakirə edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla