"Axar.az" Ərəb dünyasının yaşayan ən böyük şairi
Adonisin "Hürriyət"ə müsahibəsini sizə təqdim edir.
Ərəb dünyasının ən böyük şairlərindən biri Adonisin
əsil adı Əli Əhməd Səid Eşberdir. Amma bu adla şeirlərini nəşr edən
nəşriyyatlara qadağa qoyaraq Adonis adını götürüb. 1930-cu ildə
Suriyanın Lazkiyə şəhərində doğulub. 1955-ci ildə siyasi səbəblə
həbsxanaya düşüncə Beyruta qaçıb, "Ərəb şeirini azadlaşdırmaq" üçün
şeir və ədəbiyyat jurnalları çıxarıb. 1976-ci ildə Parisə gedib.
Burada Ərəb diktatorluğuna və səfalətə qarşı şeirlər yazıb. Ərəb
Birliyinin UNESCO nümayəndəliyi vəzifəsində çalışıb. Nobel
Ədəbiyyat Mükafatına illərlə namizəd olur. Almaniyada 3 ildə bir
dünyanın ən böyük şairlərinə verilən, şeir dünyasının ən nüfuzlu
mükafatı "Höte Mükafatı"nı qazanıb. 83 yaşında olmasına baxmayaraq,
hələ də şeir yazır.
Adonis 2001-ci ildə "Deutsche Welle"yə verdiyi bir
müsahibədə baş verən hadisələri öncədən görürmüş kimi
danışmışdı:
"Əgər Ərəb dünyasında siyasət dəyişməzsə, əgər idarəçilər
iqtidarda qalmaq yerinə xalqın rifahını düşünməzsə, bundan daha
betər fəlakətlərlə üzləşməyə hazır olmalıdırlar" və gördüyümüz
kimi, 10 il sonra Ərəb dünyası, məhz bu səbəblə "domino daşı" kimi
yıxıldı.
Daha sonra 2007-ci ildə "Əl-Ərəbiyə"yə verdiyi müsahibədə Ərəb
mədəniyyətindən danışaraq demişdi: "Biz yox olmaq üzrə olan bir
xalqıq. Nə insani bir əsər yaratma, nə də dünyanın qurulmasında
iştirak etmə gücünə sahibik".
"Nobel"in Orxan Pamuka verilməsini düzgün hesab
etmirəm
- "Nobel" mükafatı bu il də olmadı...
- "Nobel" barədə danışmaq istəmirəm. Bu günə kimi aldığım
mükafatların siyahısını unutmuşam. Amma onu da deyim ki, mükafat o
qədər də vacib deyil. Vacib olan indiki günümüzlə bağlı daha fərqli
şeylər yarada bilməkdir. Mənə görə Yaşar Kamal Türkiyənin ən böyük
yazıçısıdır. "Nobel"in Orxan Pamuka verilməsini düzgün hesab
etmirəm. Amma Yaşar Kamal onların istədiyi siyasi qəliblərə
sığmır.
- Bağdad, Hələb, Şam dağılır. Ərəb dünyası zənginliyini
öz əlləriylə dağıdır. Bəs bu sizə təsir etmir?
- Əlifbaya ev sahibliyi edən torpaqlarda muzeylər, köhnə
kilsələr, evlər heç nədən məhv edilir. Bir inqilab öz
zənginliklərini yox etməz. Mənim kədərim acı çəkməkdən daha ağırdı.
Öz zənginliklərini öz əlləriylə yıxan Yaxın Şərq xalqının ağrısını
yaşayıram. Mənim ölkəm Suriya şiddətlə parçalanır.
- Suriyada baş verənlərə necə baxırsız?
- Suriyada olub-bitənlər qorxuncdur. Təbii ki, bir şeylər
dəyişməlidir, amma danışıqlarla. Müharibə, şiddət heç bir şeyi
dəyişməz.
- Ərəb dünyası Türkiyə haqqında nə düşünür?
- Bəziləri Türkiyəni sevir, bəziləri də nifrət edir. Türkiyənin
imici elə də gözəl deyil. Tayyib Ərdoğan sərt və qapalı bir
idarəçidir. Türkiyənin Suriya siyasəti də qorxunc bir imic yaradıb.
Türkiyə Suriyanı yox etmək istəyən barbarlara dəstək və cəsarət
verib. Türkiyənin Suriya siyasəti "etik bir
müvəffəqiyyətsizlikdir".
- Hicab ətrafında olan mübahisələr bu aralar çox
fəaldır. Qadınlar və Hicab məsələsinə necə baxırsınız?
- Qadınları rahat buraxın. Necə istəyirlərsə, elə də
geyinsinlər. Hicab məsələsi onların azad iradəsinə buraxılmalıdır.
Kimə nə? Dövlətə gəlincə, dövlət buna qadağa qoymamalıdır. Mənim
vaxtımda Şamda Hicab bir gözəllik simvolu idi. İndi Hicab simvolu
da dəyişib.
- Siz başından bəri "Ərəb Baharı inqilab-filan deyil"
deyirsiz. Niyə?
- Əvvəlcə Ərəb tarixinin yeni miladının Təhrir Meydanı olacağına
ümid etdim. Amma 2-3 ay kimi qısa bir müddət ərzində işlər
dəyişməyə başladı. Gənclər, şagirdlər, intellektuallar və qadınlar
tərəfindən yaradılan bu fövqəladə sülhsevər inqilabı oğurladılar və
şiddət ön plana çıxdı. Ərəb dünyasında yaşananlar bizə göstərdi ki,
din təməlində qurulan bir ölkədə inqilab edə bilməzsiniz. Dini
faşizm, mənə görə faşizmin ən pisidir. Bəlkə də indi Misirdə gerçək
bir inqilaba gedirik. Hələ də ümidliyəm.
- Bütün dinləri nəzərdə tutursuz?
- Bəli aralarında dərəcə fərqi olsa da hamısı… İslama, ya da
inanca qarşı deyiləm, əksinə insanların inam haqqını müdafiə
edirəm. Amma bir iqtidar, bir güc tərəfindən təlqin edilən dini
rədd edirəm. Bu səbəbdən siyasət və dini bir-birindən ayırmaq, dini
insanla Allah arasında buraxmaq lazımdır.