"Sovet qırıcısını Türkiyəyə
qaçıran azərbaycanlı" yazımız geniş rezonans doğurdu. Redaksiyaya,
eləcə də mənə edilən zənglər, təşəkkürlər və təkliflər bu mövzunu
davam etdirmək, araşdırmanı dərinləşdirmək fikri yaratdı.
Azərbaycan xalqı özünün mühacir həyatı yaşayan övladlarını, onların
mühacirətə qədər və sonrakı fəaliyyətini öyrənməyə ciddi maraq
göstərir.
Anonim, kimliyini bildirməyən bir oxucumuz isə qəhrəmanımızın –
Məhmət Altunbayın (Məmməd Məmmədov – 1941-ci ildə sovet qırıcısını
qaçırıb Türkiyəyə keçən) ailəsini tapmaq üçün istiqamət və ipucu
verdi. Beləliklə, araşdırmamız davam edir.
Məmməd Məmmədovun – Məhmət Altunbayın hal-hazırda İsveçrədə
yaşayan oğlu Oqtay da bizimlə əlaqə saxladı. Əvvəlcə, atası haqda
uşaqlıq xatirələrini bizimlə paylaşan Necati bəy Kəsər vasitəsi ilə
təşəkkürünü bildirdi, yazı ilə bağlı bəzi məqamlara aydınlıq
gətirdi. Eləcə də atasının "Nədən mühacir həyat yaşadım", - deyə
yazdığı məktub-vəsiyyətini də bizlərə ünvanladı və saytımız onu da
yayınladı.
Bu dəfə isə Oqtay Altunbay sosial şəbəkənin verdiyi imkanlardan
istifadə edərək bu yazının müəllifi ilə əlaqə saxladı.
Davamı
(Əvvəli
burada)
ZEYNƏB XANLAROVA ALTUNBAYLA GÖRÜŞÜB
- Oktay bəy, bura kommunist rejimi olan bir ölkə idi.
Müstəqillik zamanında isə qardaşınız atanız haqda danışarmış.
Mühiti nəzərə almaq gərəkdir…
- Atamı tanıyanlardan biri də köhnə sənətçilərdən olan Zeynəb
Xanlarovadır. Zeynəb xanım xüsusi bir icazəylə 1972 və ya 1973-cü
ildə Ankaraya konsert verməyə gəlmişdi. Atam onun özünü qonaq
olaraq dəvət etmişdi. Yadımdadır. O, milətini sevərək danışan bir
xanım əfəndi idi…
- O, indi bizim millət vəkilidir.
- Nə gözəl! İnşallah, milliyyətçi bir xanımdır. Atamı ondan da
soruşarsınız. O da bildiyi qədər sizə deyər.
UŞAQLIĞIM SANKİ AZƏRBYACANDA KEÇDİ
- Siz uşaq olarkən atanız Aərbaycandan çox bəhs
edirdi?
- Bütün uşaqlığım sanki Azərbaycanda keçdi, Faiq bəy. Azərbaycan
şeirləri, hekayələri ilə yetişib-böyüdüm mən. Bizim evimizdə hər
gün azərbaycanlı gonaqlarımız olardı. Bilirsənmi, atamın
kommunistlərə və KQB-yə qarşı mübarizəsi həm Azərbaycanda, həm də
Türkiyədə davam etdi. Atam hər zaman Türkiyədə universitetlərdə
konfranslar keçirirdi. Kommunizmin necə bir ilan olduğunu türk
gənclərinə izah edirdi.
- Kimlər olurdu qonaqların sırasında?
- Qonaqların əksəriyyəti atamdan əvvəl Türkiyəyə gəlib yerləşmiş
kəslər idi. Bizə ailələri ilə birlikdə gəlib-gedərdilər. Atam
1941-ci ildəTürkiyəyə gəldiyi zaman az qala bütün Türkiyə atamı
qarşılayıb. Burada yaşayan bütün azərbaycanlıların hamısı təbrik
edib onu.
ATAM KİMİ PİLOT OLMAQ İSTƏDİM
- Niyə getdiniz İsveçrəyə? Türkiyədə yaşamaq çətin
oldumu? Yoxsa atanızın bir zamanlar etdiyi mühacirlik sizin də
taleyinizdə rol oynadı.
- Mən atam kimi pilot olmaq istədim, oldum da. Skandinavia
"Airolines"də təlimatçı pilot olaraq işləyirəm. Yəni həm uçuram,
həm tələbə yetişdirirəm.
- Ailəniz haqda nə deyə bilərsiniz?
- Xanımım və 13 yaşında oğlum var. Onun da adı Məhmət
Altunbaydır. Sizinlə atam haqda olan söhbətimiz bir-iki həftə,
dir-iki ay çəkə bilər. Çünki Məhmət Altunbay 4-5 səhifə ilə izah
ediləcək bir adam deyil. Sizin bununıa Azərbaycana üçün çox böyük
xidmət edirsiniz. Mənə görə, millətçi Azərbaycan gəncliyinin Məmməd
Məmmədovu tanıması lazımdır. Onun və dostlarının kommunistlərlə,
komsomollarla Bakı küçələrində necə savaşdıqlarını bu insanların
bilməsi mütləq lazımdır.
GÜNDÜZ TƏLƏBƏ YETİŞDİRİR, GECƏ İSƏ…
- Amma yardımçı olmanız gərəkir.
- Sizə parça-parça ağlıma gələn hər şeyi izah etməyə çalışıram.
Bəli, mənim atam Bakı Hava Qüvvələri Məktəbinin Komandiri idi. O,
bir vətənpərvər adam olub. Gündüz təyyarə ilə tələbə yetişdirirdi,
gecə isə azadlıq mübarizəsi aparan bir qartal idi Bakı
küçələrində…
GÜLSÜM ANA ATAMI ÇOX GÖZLƏYİB
- Oqtay bəy, sizin ögey ananız kim idi, bilirdinizmi
adını?
- Əlbəttə, mənim Gülsüm anam. Mən Azərbaycana gəldiyim zaman onu
gördüm, tanıdım. Amma məndən sonra o da rəhmətə gedib.
- Gülsüm ana atanızın yolunu gözlədimi?
- Gülsüm ana çox vəfalı bir xanım idi. Atam hər zaman bizə ondan
danışardı. Gülsüm ana atamı çox gözləmişdi. Amma kommunistlər
atamın öldüyünü ona və hər kəsə söyləyəndən çox-çox sonra Gülsüm
ana başqası ilə ailə qurmuşdu.
KQB QIZI GÜLSÜM ANANIN ƏLİNDƏN ALIB
- Məlahət xanım - dogma ananız heç qısqanırdımı
babanızı?
- Əsla, anam da görmədən, bilmədən Gülsüm anaya hörmət edirdi.
Atam Azərbaycandan ayrıldığı zaman azərbaycandakı qardaşım 10
günlük imiş. Bizim bir bacımız da varmış. O zamanlar 10-12 yasında
imiş. Ruslar qızı Gülsüm ananın əlindən almışdılar, oğlan kiçik
olduğu üçün qalmışdı. Sonralar qızı çox axtarsalar da, tapa
bilməmişdilər.
- Adı nə idi?
- Adı indi tam yadıma gəlmir, səhv edərəm.
BAXDI AĞLADI, GÜLDÜ AĞLADI, İYLƏDİ MƏNİ
- Gülsüm ana sizi görüncə qucaqladımı? Məmmədini -
Məhmətini soruşdumu?
- Faiq bəy, Allah sizi inandırsın, biz qarşılaşdıq, görən kimi
məni tanıdı. Axşama qədər oturduq, ağladıq, ağladıq, ağladıq, məni
öpdü, öpdü, öpdü. İylədi, iylədi və yenə ağladı. Güldü, ağladı,
sevindi ağladı, oturdu baxdı, durdu, baxdı. Üzümdə, gözümdə nələri
isə seyr edirdi, "sən Məmmədimin balasısan", - deyirdi.
İndi bunu izah etmək çox çətindir, yaşamaq və görmək lazımdır.
Onun yoldaşının adı Bərzu bəy idi. O da mənə çox yaxınlıq
göstərdi.
GÜLSÜM ANA – DOĞMA ANA
- Məmmədimə yaxşı baxırmı, deyə Məlahət xanımı
soruşdumu?
- Əlbəttə. Anam onun üçün hədiyyələr göndərmişdi. Çox-çox
salamlar söyləmişdi. Onsuz da biz həyatımız boyunca həmişə sevgi və
həsrət duyaraq yaşamışdıq. Gülsüm ana mənim dogma anam oldu…
- Qısqandımı atanızı ananıza?
- Bu insanlar necə insan idi, anlamıram, Faiq bəy. Köhnə
torpağın insanları bir başqa olur. Və onlar kimi insanlar bir daha
dünyaya gəlməz. Mənim anam da heç bir zaman Gülsüm ananı
qısqanmadı. Gülsüm ana da bu istiqamətdə mənə heç bir şey
söyləmədi. Yalnız, "atana yaxşı baxdımı, - soruşdu. - Ona hörmət
edirəm, - dedi, - o mənim əmanətimin xidmətindədir, çayını-çörəyini
verib", - dedi. Kaş imkan olaydı 2 anamla birlikdə görüşə biləydim.
Tanış olardılar. İkisi də bunu həqiqətən çox istəyirdi. Amma həyat,
əcəl imkan vermədi…
- Məlahət xanım Azərbaycan türkü idimi?
- Məlahət xanım Azərbaycan türklərindən deyil, ankaralı bir
xanımdı. Atam Türk Hava Yollarında kapitan pilot olaraq işlədiyi
vaxt mənim anam Türkiyədəki ilk qadın hostes olaraq çalışırdı.
Orada tanış olub, evləniblər.
İRAN ZİNDANI
- Atanızın "501 nömrəli hücrə" filmini seyr
etdinizmi?
- Əlbəttə, baxmışam. Mən o vaxt balaca bir uşaqdım. Film
çəkildiyi zaman bütün Türkiyədə göstərildi. Məmurlar, sənətçilər,
hərbçilər hamısı böyük alqışlarla izlədilər filmi.
Çox böyük qalmaqal oldu Türkiyədə o filmə görə. Kommunistlər
çatladı, milliyyətçilər isə sevindi, qürurlandı. Kino salonunda
"qəhr olsun kommunizm!" deyə qışqırırdı gənclər . Filmin adının
"501 nömrəli hücrə" qoyulmasının səbəbi nə idi? Atam 2 yoldaşı ilə
birlikdə təyyarə ilə Türkiyəyə qaçarkən Rus zenitləri tərəfindən
atəşə tutulur və mühərrikin biri sıradan çıxır. Onlar İran
torpağına düşürlər. İran əsgərləri onları tutub zindana salırlar və
kamera 501 nömrəli olur.
"AZADLIQ" RADİOSUNDA ÇALIŞDI
- Bəs təqaüdə çıxdıqdan sonar atelyeni necə
işlədirdi?
- Emalatxana çox sonralar işləməyə başladı. Yəni 1970-ci
illərdən sonra. Amma bu zamana qədər Türk Hava Yollarında təyyarə
kapitanı olmuşdu, sonra ayrıldı xidmətdən. Almaniya və Amerikaya
getdi. Buralarda "Azadlıq" radiosunda "Azərbaycanın səsi" adlı
gündəlik verilişi apardı. 4 il işlədi. Daha sonralar Türkiyədə bir
xüsusi hava məktəbi açdı. Londondan özünə üç təyyarə aldı. İki dənə
bir motorlu və bir dənə 2 motorlu təyyarə ilə tələbələrinə təlim
keçdi. Həm yükdaşıma ili məşğul idi, həm də tələbə yetişdirirdi. Bu
söylədiyim 1954-55-ci illərdən sonra olub.
Amma bəxti heç gətirmədi. Təyyarələrdən biri Konyada enərkən
qəzaya uğradı (başqa bir pilot idi), o biri təyyarə Antalyada yağış
və sel suları içində qalıb xarab oldu. İki motorlu sonuncu təyyarə
ilə özü İstanbul Mərmərə dənizinə düşdü. Necə düşdü, necə xilas
oldu, bu da ayrı bir hekayədir.
KQB HƏR AN İZLƏYİRMİŞ
- Bəs onun KQB-dən çəkindiyi, ehtiyat etdiyi vaxt
olurdumu?
- İranda ikən KQB-dən və ruslardan çəkinirmiş. Çünki
yoldaşlarından biri Tehranda KQB tərəfindən öldürülmüşdü. Adı Cəlal
olub o yoldaşının. Atam deyirdi ki, Cəlal fiziki cəhətdən çox
güclü, qüvvətli bir adam idi. O zaman onu bir yerdə tək
yaxalamışdılar və tutub aparmaq istəmişdilər. Amma Cəlal çox
qüvvətli olduğundan bir elektrik dirəyinə sarılıb qalıb. Onu
dirəkdən ayıra bilməyiblər. Axırda onu dirəkdən qopara
bilmədiklərini görüb, yerindəcə güllələmişdilər.
- Bəs o biri kim olub?
- O biri yoldaşının adı Həsən Zeynallı olub. O da atamla
birlikdə pilot imiş. Atam Türkiyəyə gəldikdən sonra qısa bir müddət
KQB və ruslardan ehtiyat etsə də, sonra mənim vəzifəm kommunizmin
iç üzünü Türkiyə və bütün dünyaya tanıtmaqdır, deyərək, konfranslar
keçirtdi, universitetlərdə tələbələrlə görüşdü. Qəzetlərdə yazılar
yazdı. Bunları edərkən heç qorxmadı və çəkinmədi.
- Türkiyədə bir yerdəmi çalışdılar Həsən Zeynallı
ilə?
- Atam Türkiyəyə gələndə Türk Hava Yollarında pilot olaraq işə
başladı. Həsən Zeynallı da pilot olaraq çalışdı, amma Türk Hava
Yolları deyil, Türkkuşu Uçuş Məktəbində.
- Onun Azərbaycanda kimləri var?
- Mən onu uşaqlığımdan xatırlayıram. Amma məndə heç fotosu da
yoxdur. O ruslardan və KQB-dən daha çox ehtiyat edərdi, deyirdi
atam.
Salam və hörmətlə...
P.S. SSRİ-nin ən əzəmətli çağında – 1973-cü
ildə Türkiyədə Zeynəb Xanlarovanın qiyabi şəkildə edam cızasına
məhkum edilmiş "vətən xaini", kommunizm düşməni Məmməd Məmmədovla
necə görüşdüyü təəccüb doğurmaya bilməz. Bunun nə boyda risk
olduğunu deməyə gərək yoxdur. Bu risk və həmin görüş haqda
fikirlərini öyrənmək üçün ünlü Xalq artistimiz ilə əlaqə yaratmağa,
xatirələrini öyrənməyə çalışırıq.