"Bayraqdar" layihəsində
"Bayraqdar" layihəmizin ilk qonağı Gülşad Ağaqulu qızı
Quliyevadır. O, 1979-cu il iyulun 15-də Ucar rayonunda dünyaya
gəlib. Atası polis, anası müəllimə olan Gülşad ziyalı bir ailənin
tərbiyəsi ilə böyüyüb. Təhsilini Gəncə Dövlət Humanitar kollecində
alıb. Hələ uşaq yaşlarından karate döyüş növü ilə məşğul olmağa
başlayıb. Daha sonra taekvando, kiqboks məşqləri... Ümumi olaraq 22
diplom və medal, 11 dəfə çempionluq nəticəsi... 3 dəfə taekvando
üzrə respublika 1-cisi, kiqboks üzrə 2 dəfə dünya çempionu, kunqfu
sanda üzrə 1 dəfə, Çin döyüş növü olan kontunes üzrə dünya
çempionu, taekvando üzrə birinci dan qara kəmər ustası. Hazırda
2016-ci il boks və kiqboks üzrə beynəlxalq turnirlərə və dünya
çempionatlarına hazırlaşır. Eyni zamanda islam ölkələri qadınları
arasında 2017-ci ildə keçiriləcək dünya çempionatına hazırlaşır.
Bir övladı var. İdmandan əlavə zərgərliklə də məşğuldur. Anası və
oğlu ilə birlikdə yaşayır. Vətəninə evi qədər bağlı olan bu
məmləkət fədaisinin şəxsi evi yoxdur. Dövlət tərəfindən idmançılara
ayrılan yardım və imtiyazlardan kənarda qaldığını deyir...
Beləliklə, danışır dünya çempionu Gülşad Quliyeva.
Sir-sifətin dağılacaq
- Gülşad xanım, necə oldu ki, idmanla məşğul olmağa
başladınız?
- Ailədə üç uşaq olmuşuq: iki qardaşım, bir də mən. Atam polis
olub, anam müəllimə. Uşaqlıqdan idmana, döyüşə həvəsim olub. Mənə
həmişə zarafatla deyirdilər ki, bu, oğlan olmalıydı, necə olubsa
qız olub. 1996-cı ildə karate döyüş növü ilə məşğul olmağa
başladım. Daha sonra kiqboksla məşğul olmaq üçün Gəncədəki idman
məktəbinə getdim. Amma dedilər ki, qız uşağısan, bu idman növüylə
məşğul olma, sir-sifətin dağılacaq, bu, sənlik deyil. Məni
taekvando müəllimi olan Vüqarın yanına göndərdilər. Məşqlərə
başladım. 2000-ci ildə taekvando üzrə Respublika çempionatında
ikinci yerə çıxdım. 2004-cü ildə yenidən yüksək nəticə göstərdim və
2007-ci ildə Respublika çempionu oldum. Həmin il ailə həyatı
qurduğuma görə il yarım idmandan ayrı qaldım. 2008-ci ildə övladım
dünyaya gəldi və övladımın altı aylığında çempionata qatıldım.
Hamiləykən təbii olaraq kilo almışdım, bədənim az da olsa formasını
itirmişdi. Buna görə də övladımın 10 günlüyündən qaçışlara
başlamışdım.
- Bəs həyat yoldaşınızın bu qısa vaxtda yenidən idmana
qayıtmağınıza münasibəti necə oldu?
- Yoldaşım məni idmançı kimi tanıyıb. Bilirdi ki, mən idmanı
atan deyiləm, qocalsam da, idmanıma davam edəcəm. Əksinə, yoldaşım
heç vaxt sərt reaksiya verməyib, bu məsələlərdə həmişə mənə dəstək
olub.
- İdmanla məşğul olduğunuza görə təbii olaraq
ətrafınızda həmişə bəylər olub. Sizə heç eşq elan edən olubmu bu
zaman ərzində?
- Ataların bir sözü var: "Qız ağacı, qoz ağacı". Əlbəttə, məni
yoldaşımdan əvvəl istəyənlər də olub, özümün xoşlandığım da. Amma
mən heç zaman işimi şəxsi həyatıma qarışdırmamışam.
Maşına bir yumruq vurdum
- İdmançı gücünüzlə lovğalanaraq bir bəyə qol gücü
göstərdiyiniz olubmu? Və heç olubmu ki, sizə sataşsınlar,
dalaşasınız?
- Bəli, idmanla təzə-təzə məşğul olanda belə şeylər olub, amma
zamanla bunlar adama gülməli gəlir. Həm ustalaşırsan, həm yaş öz
sözünü deyir və ən nəhayət, kim olduğunu dərk edirsən, getdikcə
daha müdrikləşirsən, sadələşirsən. İdman tərbiyəsi nə ailədə
verilir, nə də cəmiyyətdə. Bu, başqa tərbiyədir. Yox, gözəlliyimi
itirəcəyimi heç düşünməmişəm. Mənim qırılmayan əzam yoxdur, amma bu
bir idmançıya zövq verir, qorxu yox. Mən 19 il Gəncə şəhərində
yaşamışam. Orada dava-dalaş çox olur. Bəli, mənə sataşanlar da
olub, polisə də düşmüşəm. Bir xatirə danışım sizə: 1996-cı ildi, 6
aydır idmana gedirəm. Mütəmadi məşqlərdən yaranan özümə güvən
hissim məni qız kimi kiminsə saçını yolmaq refleksindən
uzaqlaşdırıb. Nə isə, Gəncə Şəhər İcra Hakimiyyəti binasının
önündən keçirdim. Burada bir dəstə gənc toplanmışdı. Əvvəlcədən
hiss etdim ki, bunlar mənə sataşacaqlar, elə də oldu. Bir maşın
dayanmışdı, içində də oğlanlar vardı. Bunlara çatanda mənə söz
atdılar. Təbii ki, cavab vermədim. Belə olan halda maşını üstümə
sürdülər, dizim maşının buferinə dəydi. Əsəbiləşib maşının
"kapot"una bir yumruq vurdum. Üzümü çevirdim. Özümdən razı şəkildə
gedirdim. Bunlar maşını yenidən üstümə sürdülər. Qabağımı kəsib
maşından düşdülər və məni təhqir etməyə başladılar. Gözləmədiyim
halda oğlanlardan biri mənə şillə vurdu. Multfilmlərdəki kimi elə
bil gözümdən şimşək çıxdı. Əsəbiləşib bunu əzişdirməyə başladım.
Hamı bizə baxırdı. Çox keçmədi, bizi polisə apardılar. Bu oğlanın
qohumu polis idarəsində işləyirdi. Yekə-yekə üstümə gələndə gördü
ki, qızam: "Mənim qohumum bununla dalaşıb, buna döyülüb", –
soruşdu, dedilər ki, elədir. Ondan sonra həmin adam məni oradan
çıxardı və öz qohumuna dedi ki, mən elə bildim, bir kişiylə dalaşıb
döyülmüsən. Madam ki, bu qız səni döyüb, mən sənə kömək etməyəcəm.
Bu xatirə ilk sərgüzəştim idi.
Bir dəfə də 8 nəfər oğlanla dalaşmışam. O zamanlar artıq idman
tərbiyəm vardı, davadan qaçır, dalaşmağı ayıb sayırdım. Amma bunlar
məni elə əsəbiləşdirdilər ki, özümə hakim ola bilmədim, onları
əzişdirdim. Mənə iki dəfə söz atdılar. Tək idim. Üçüncü dəfə söz
atanda dayana bilmədim və gerisini düşünün də... (Gülür)
- Həyat yoldaşınızla necə tanış oldunuz? Sevib
evlənmisiniz?
- Yaşadığım məhəllədə onun nənəsigil qalırdı. O, tez-tez
gəlib-gedirdi. Elə-elə tanış olduq, xoşlandıq və evləndik. Amma biz
8 il bir-birimizi tanıdıqdan sonra evlənmişik. Təəssüf ki, 4 il
evli olduq, amma alınmadı... ayrı insanlar olduğumuzu anlayıb
ayrıldıq.
- İstərdik övladınız haqda da danışasınız? Daha çox
hansınıza bənzəyir? Məşqlərdə olmağınız övladınızın dərslərinə
mənfi təsir etmir ki?
- Nə yalan deyim, övladım ikimizə də bənzəyir. Çünki biz keçmiş
yoldaşımla bir-birimizə çox bənzəyirik.
...Yoldaşımla hələ nişanlı olan vaxtlar idi. Bir dəfə yarı
zarafat-yarı gerçək dalaşa-dalaşa bazara girirdik. Bazarın tam
ortasında bir satıcı qadın qayıtdı ki, ay bala, bacı-qardaş niyə
dalaşırsız?. Elə oldu ki, biz öz davamızı unudub xanımın dediyinə
gülə-gülə getdik. Hə, yoldaşımla bir-birimizə bu qədər oxşayırdıq.
Qaldı ki, övladımın dərsinə, yox, onun dərsləri yolundadır, ona
lazım olan qədər vaxt ayırıram. Dərsdən sonra onu hazırliqlara da
qoymuşam. Mən həyatla mübarizədəyəm. Nə edə bilərəm axı?!
Heç olmasa tikinti materialımı versinlər
- Bir az əvvəl qeyd etdiniz ki, ananızla birgə kirayədə
yaşayırsınız...
- Mənim evim də, arxam da yoxdur. Amma torpaq sahəm var. Hətta
ev tikə bilmək üçün icazəm də. Amma mənə bunun üçün kömək lazımdır.
Cənab prezidentimizə, Mehriban xanıma müraciət etmişəm ki, mənə
sadəcə evimi tikməyə dəstək olunsun. İnanın, mən yüz minlik nəsə
istəmirəm, sadəcə, Qobu qəsəbəsindəki torpağımda bir ev tikmək üçün
kömək istəyirəm. Heç olmasa, tikinti materialımı versinlər, evimin
üstünü bağlayım, o evin içində təmirsiz daş-divar arasında da
qalaram. Mehriban xanıma etdiyim müraciətdən sonra məni Qobu
bələdiyyəsinə yönləndirdilər. 3 ay get-gələ saldılar. Axırda da
1000 manat verməyi təklif etdilər. Sizcə, 1000 manatla ev tikmək
olar? Mən dövlətimizdən sadəcə evimin üstünün bağlanması üçün
köməklik istəyirəm. Bunu öncə bir ana, sonra isə ölkəmin bayrağını
zirvələrdə dalğalandıran bir idmançı kimi istəyirəm. Çünki mənim
qazancım yaşam xərclərimizi güclə ödəyir!
- Sizin üçün vətən nədir? Çempionatlarda dövlətimiz
köməklik edirmi, ümumiyyətlə sizə kim sponsorluq edir?
- Biz özümüzü hələ yeni tanıdırıq dünyaya. Mən də vətənimi
tanıtmağa çalışıram. Vətən mənim üçün hər şeydir. Sözün ən böyük
mənasında Vətən anadır, havadır, sudur... Vətən ifadə edə
bilməyəcəyim dərəcədə ilahi bir məfhumdur. Qaldı ki, sponsora, heç
kimdən dəstək almıram, dövlətdən də köməklik olmayıb. Dostlar, özüm
maliyyə tapıb çempionatlara qatılıram və Allahın da yardımıyla
döyüşləri qazanıram. Amma hökumətimiz yardım etsə yaxşı olar. Mən
də vətənimi layiqincə təmsil edirəm. Çox vaxt mənə dost-tanış
gülür, deyirlər ki, bu çempionatlara xərclədiyin pulu evinin
tikilməsinə xərcləsəydin, indi çoxdan bir evin vardı. Amma onlar
anlamır ki, öncə vətən, sonra ev, maşın lazımdır... (Kövrəlir)
Hamı təpik atmağı öyrənir
- Bugünkü gənclər sizi qane edirmi?
- Gənclikdə hamı təpik atmağı öyrənir. Amma gəncliyimizdən çox
da razı deyiləm. Çünki onlar çox çalışmalıdırlar. İdmançı bir təpik
atıb, bir yumruq atıb lovğalanmamalıdır. Onlar çox çalışıb
vətənimizi layiqincə təmsil etməlidirlər. Gələcək onların
ümidinədir. Əslində, bu mənə də aiddir. 40 yaşıma kimi rinqlərdə
olacağam. Buna heç bir qüvvə mane ola bilməz. 40-dan sonra isə
gənclərə faydalı olmağa çalışacam.
Qadın-kişi dostluğuna əla baxıram
- Bu uğurlarınızı və üzügülərliyinizi kimə
borclusunuz?
- Uğurlarımı Allahıma, anama, gülərüzlülüyümü isə özümə
borcluyam. Mənim arxam, dayağım Allahım və anamdır. Mən istəsəydim,
hər şey edərdim, amma idmançı kimi tanınmaq istədim və tanındım da.
Mənə arxa fikirli insanlar lazım deyil. Amma qadın-kişi dostluğuna
əla baxıram. Həmişə ətrafımda bəylər çoxluq təşkil edib. Onu da
deyim ki, vətənimi, insanlarımızı sevirəm. Mənə necə davranırlarsa,
mən də qarşılığını elə verirəm.
- Gələcəkdə siyasətlə məşğul olmaq
istərdinizmi?
- Vətənimə ölənəcən xidmət edəcəyəm. Amma siyasətlə məşğul ola
bilmərəm, çünki bu işi bilmirəm. Oğlum isə hərbçiləri sevir, yəqin
hərbçi olacaq. Qazandığım bütün uğurlarımı xalqıma ərməğan
edirəm...
- Son olaraq, gələcəkdə hansı çempionatlara qatılmağı
düşünürsünüz? Bir də, qələbənin açarı nədədir?
- 2016-2017-ci illərdə keçiriləcək dünya çempionatlarına
hazırlaşıram. Qələbənin açarı yalnız inamdır. Dayanmaq yoxdur...
irəli, qələbəyə, yalnız qələbəyə.