Yuxarı

Bakıda ata 18+ tamaşada oynayan qızını izlədi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu başlığı bir anlıq o səhnəni təsəvvür edib, o "dəhşəti" yaşamağınız üçün yazdım. Bəli, Azərbaycanda hər hansı valideynin teatra gedib qızının oynadığı 18+ tamaşaya baxa biləcəyi ehtimalını bizim beyinimiz qəbul edə bilmir. Elə valideyn tanımırıq, yaxın gələcəkdə də ola biləcəyi mümkün deyil.

Həftəsonunu xüsusi istirahət mərkəzlərinə getmədən də normal istirahət etmək olar. Elə şəhərin mərkəzində dostlarla yığılışıb teatra, filmə gedə bilsən, sonrasında da bir rahat kafedə oturub çay, qəhvə içib dərdləşib-söhbətləşməyə imkan tapsan - olar sənin gözəl bazar istirahətin.

Bu həftəsonunu teatrda keçirdik, iyulun 25 və 26-sı, saat 19:00-da ODA teatrında baş rollarını fransız aktrisa Elza Furtado və azərbaycanlı aktyor Elmin Bədəlovun oynadığı "MimOda" tamaşasının premyerası oldu. "MimOda" tamaşası müstəqil Azərbaycan teatr səhnəsində ilk dəfə oynanılan 18+ tragikomediyadır. Fransız aktrisa azərbaycanca yaxşı bilmədiyi üçün tamaşanın pantomim janrında olacağı əvvəlcədən hamımıza bəlli idi. Doğrusu, uzun müddətdir getmirdim ODA-ya, küçələri qarışdırdım deyə bir az həyəcanlansam da, vaxtında tapa bildim. Əks tərəfdəki küçədə yolda oturub nərd atan dayılardan biri güc-bəla ilə izah etdi mənə yeri, təbii ki, o məkanda yerləşən obyektin teatr olduğundan, tamaşa göstərdikləridən xəbərsiz...

Tamaşanın başlamağına bir neçə dəqiqə qalmışdı. Teatrın həyətinə girib Elmin, dostları ilə salamlaşdım. 10 manat verib biletimi aldım, keçib foyedə oturdum. Bir az sonra teatrdan anlayışları olduğu söhbətlərindən hiss olunan iki bəy gəlib qarşı tərəfdəki divanda əyləşdi, daha sonra iki fransız xanım gəldi. Tamaşaçıların yarısı da teatrın - 7-8 nəfərin güclə sığdığı - həyətində gözləyirdi. 2-3 dəqiqə sonra Ayaz Salayev gəldi, tənginəfəs idi, köynəyinin tər olması da gecikməmək üçün qaça-qaça gəldiyini göstərirdi, amma bütün hallarda tamaşanın başlamalı olduğu vaxtdan bir neçə dəqiqə keçmişdi.

Və bir az keçməmiş Aynur Zərrintac tamaşaçıları zala dəvət etdi. Deyəsən, tamaşanın bir neçə dəqiqə gecikməsinə səbəb elə Ayaz Salayevi gözləmək olmuşdu. Zalda 20-25 nəfər vardı, gözlədiyimin əksinə, demək olar ki, hamısı daha ciddi, teatrdan, tamaşadan, sənətdən anlayışı olan adamlardı.

İşıqlar söndü, nəfəslər tutuldu, fransız qonaqları çıxmaqla bütün azərbaycanlı tamaşaçıların səhnədə ilk dəfə baxacağı 18+ tamaşa başladı. Səhnənin önünə ağ pərdə çəkilmişdi, içəridə qorxulu yuxu görüb oyanmağa çalışan bir kişi silueti, fonda da bəyaz işıq... Daha sonra sevişmək istəyən kişiyə müqavimət göstərən qadın, dava-dalaş və səssizlik... İşıq söndü. İşıq yenidən yananda səhnə və zal arasındakı pərdə götürülmüşdü.

Əlində gecə lampası olan kloun geyimli dəli kişi çıxır səhnəyə. Möhkəm-möhkəm tutub yerə-göyə sığdırmadığı gecə lampasını oxşamaqdan doymur. Görünən o ki, həyatında itirmədiyi bircə odur. Səhnəni o baş-bu başa qaçıb gülüb əylənəndən sonra səhnənin arxasına keçir. Bu dəfə səhnəyə əlində çamadanları olan, pal-paltarını götürüb getmək və getməmək tərəddüdü içində küçələri dolaşan qadın çıxır. Qadının tez-tez öskürməsi xəstə olduğunu göstərir. Olduğu məkanı vağzal da təsəvvür etmək olar. Fransız qızı Elzanın teatra yad olmadığı ilk baxışdan hiss olunur. Qadının kədərli və çarəsiz olduğu görünür, bir az keçməmiş kloun, dəli, siz necə təsəvvür edirsinizsə, elə olan kişiylə rastlaşır. Təsadüfən toqquşurlar, qadının əlindəki çanta düşür, hər ikisi həyəcanlanır. Eşqin ilkin əlaməti hiss olunur; bir-birinə utancaq baxışlarla baxıb gülümsəyirlər. Çılğın rəqslər oynanılır səhnədə, ehtiraslı münasibət, yaxınlaşma baş tutur və sevgi yaşanmağa başlanır...

Zalda səssizlikdi, tamaşaçıların nəfəs alış-verişləri belə duyulmur.

Neorealizm janrında hazırlanan tamaşa küçədə rastlaşan iki fərqli insanın tanışlıq, ailə həyatı və ayrılığından bəhs edir. Məncə, tamaşanın əsas məqsədi insanlara ayrılığın necə dəhşətli olduğunu göstərmək, əlimizdə olanların qiymətini vaxtında bilməyi, heç gözləmədiyimiz halda əbədi ayrılığa məhkum ola biləcəyimizi izah etmək idi. Ayrılıq və ölümü çox oxşar hisslərlə qarşılayır aşiqlər. Amma ölüm, sağ olub ayrı yaşamaqdan milyon dəfə dəhşətlidir. Sevdiyini bir də heç vaxt görməmə, səsini eşitməmə, dilindən adını duymama ehtimalı belə adamı çılğına döndürür. İnkaredilməz faktdır ki, ayrılıqların ən dəhşətlisi sevdiyindən ölümlə ayrılanların payına düşür...

İşıqlar sönür, alqışlar səslənir. İşıqlar yenidən yanır və səhnəyə aktyorlar çıxırlar. Tamaşaçılar arasında fransızların da olduğunu nəzərə alan Aynur Zərrintac fikirlərini həm azərbaycanca, həm də fransızca çatdırmağa çalışır, Elzanın tamaşanın bir neçə yerində əlində olan çamadanı götürərək sözə başlayır:

"Bəzən həyatımız bu çamadan kimi əlimizə verilir və biz ona toxunmağa, açıb baxmağa qorxuruq. Bu gün bu kiçik, zorla, amma sevgi ilə, ürəklə saxladığımız teatrda biz sizə real həyatı göstərdik".

Güc-bəla ilə də olsa tamaşaçılar arasında fransız qonaqlara Aynurun nə demək istədiyini anlada bilən oldu. Günün ən maraqlı hadisəsi yəqin ki, tamaşaçılar arasında 18+ tamaşada rol alan fransız xanım Elzanın valideynlərinin də iştirakı idi. Elzanın atasının da adından danışan anası çox həyəcanlı olduqlarını və qızları ilə fəxr etdiklərini dedilər. Bu çox ayrı yazının mövzusu olsa da deyim ki, standart Azərbaycan insanının beyini bu cür hadisəni qəbul etməz. Bir azərbaycanlı valideyn qızını ən adi rollarda belə teatr səhnəsində görməyə yeni-yeni alışır, o ki qala 18+ tamaşa oynamasına icazə verə...

Ayaz Salayev tamaşa haqqında bunları dedi:

"Mən çox xoşbəxtəm ki, bu cür tamaşa var, bu cür teatr var. Mən tamaşada göz yaşlarımı saxlaya bilmədim. Nə yaxşı ki, belə bir teatrı tanıdım, onlarla dost oldum. Çox yaxşı tamaşa idi. Xüsusən də hər şeyin real olması insana təsir edirdi. Buna görə hər birinizə təşəkkür edirəm! Mənim üçün son dərəcə sevindirici hal oldu ki, müstəqil teatrların ənənəsi davam edir. Bu müstəqil teatr ənənəsinin ölməməsi məni həqiqətən çox həyəcanlandırdı. Bu ölməz bir şeydir. Baxmayaraq ki, hər şey şərti idi, amma tamaşa çox təsirli idi, emosiyalar çox təbii idi. Kişi və qadın arasında olan münasibətlərin ən dərin məğzini açdılar bizim üçün".

Tarix
2015.07.29 / 14:15
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla