Dayımın ölümünə onlar səbəb olublar. Kişini boğaza yığıb
həyatını məhv elədilər. İndi istintaqın obyektiv aparılmasını və
günahı olanların mühakiməsini tələb edirik.
Bu sözləri Axar.az-a Füzuli rayon Horadiz qəsəbə sakini Cəmil
Cəlilzadə deyib. Onun mebel ustası olan 46 yaşlı dayısı Coşqun
Məmmədov iyulun 28-də işlədiyi sexdə müəmmalı şəkildə ölüb.
Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində yaşamış mərhum
ürəyindən bıçaqlanıb. Sabunçu rayon Polis İdarəsindən verilən
məlumatda Coşqunun borcu olduğuna görə özünü öldürdüyü
bildirilib.
Yaxınları isə bu versiya ilə razılaşmır. Bacısı oğlu olan Cəmil
Cəlilzadə deyir ki, dayısı qətlə yetirilib:
"Sabunçunun Komsomol dairəsindəki Sənaye Pedaqoji Kollecinə
məxsus sexdə işləyirdi. Usta idi, mebel yığırdı, halal zəhməti ilə
çörək qazanırdı. Mən də onun yanında çalışırdım. Bu günə kimi heç
kəslə ədavəti olmayıb.
İyulun 2-də həmyerlimiz Cəlal Azad oğlu Hüseynzadə dayıma mebel
sifariş verib. Cəlalın hardasa 25 yaşı var, avqustun 13-də toyu
olacaq. Atası Azad Füzulinin Horadiz qəsəbəsində cərrah işləyir,
imkanları genişdir, Bakıda biznesləri var.
İyulun 25-də Cəlal dayımın yanına gəldi, mebelin hazırlıqları
barədə söhbət oldu. Dayıma dedi ki, mebelin lazım deyil, pulumu
qaytar. Qabaqcadan 5 min manat vermişdi.
Bu pulun 3 min manatına aksessuar alınmalı idi. Sabahısı bazar
günü idi. Aksessuarın bazardan alınması üçün 1-ci günü
gözləmədilər, Cəlal pulunu tələb etdi. Dayım qısa vaxtda bu qədər
pulu verə bilməyəcəyini dedi".
Dayımı bir sutka girov saxladılar
C.Məmmədovun qohumu danışır ki, sonda tərəflər bu pulun
müqabilində Coşqun ustanın özündən material almasına razılaşıblar.
Ancaq çox keçməyib ki, Cəlalın atası rayondan zəng edərək anlaşmanı
pozub və pulu geri istəyib.
"Cəlal və Coşqun görüşüblər. Dayımı bir sutka Yeni Yasamaldakı
evində girov saxlayıb. Bunu mənə iş yoldaşımız Mahir danışıb. Həmin
gün onlarla olub, gecə saat 2-dən sübh 5-ə qədər bir yerdə
qalıblar, Cəlal onu hədələyib pulunu istəyib, vaxt qoyub. Mahiri də
pul söhbətini həll etmək üçün dayım çağırıb.
Amma dayım səhər işə gəldi, hər şey qaydasında idi. Düzü, iyulun
27-də işləmədik, 28-i səhər Cəlalın maşını ilə birlikdə sexə
gəldilər. Maşından düşəndə gördüm ki, Cəlal dayımı təhqir edir,
söyür. Dedi, axşama kimi mebel tam hazır olmasa, səni boğazından
sürüyüb kəndə aparacağam.
Sonra dayım əynini dəyişdi, işləməyə başladı, Cəlal əmisi oğlu
Ayaza zəng edib sexə çağırdı. Cəlal, Ayaz və dayım sexin həyətində
maşına minib getdilər.
Axşam saat 6 radələrində qayıtdılar. Dayımın rəngi-ruhu özündə
deyildi. Dedi ki, məni bezdiriblər. Məndən siqaret alıb üstünü
dəyişmək üçün sexin içərisinə keçdi.
Cəlaldan soruşanda, dedi ki, material almağa getmişdik, yük
maşınına vurulub, bir azdan gələcək. Gözlədik, 2 saat ərzində
material gəlib çıxmadı", -deyə C.Cəlilzadə bildirir.
Dayım qan içində idi
Onun sözlərinə görə, dayısı sexin içərisinə keçəndən 7-8 dəqiqə
sonra onlar da ora gediblər: "Azər adlı işçimiz var, mənə dedi ki,
telefonu batareyası boşalıb, adaptrı ver.
Adaptr üçün sexə girdik. Qapıdan içəri keçəndə gördüm ki, dayım
üzü üstə uzanıb. Elə bildim yatıb, sonra gördüm qan içindədir.
Həmin bu müddətdə Cəlal və əmisi oğlu Ayaz bizimlə çöldə
olublar.
Qolunu qaldırdım, gördüm damarları doğranmayıb. Ağzı
köpüklənirdi, ürəyində bıçaq zərbəsi vardı. Təcili tibbi yardımla
xəstəxanaya apardıq, amma əməliyyatda keçindi.
Ürəyinə saplanan bıçaq sexin mətbəxində istifadə olunurdu. Dayım
xırıldayaraq dedi ki, ölürəm, Cəlal, "qorxma, ölməzsən, yaran dərin
deyil" dedi".
Ölümün iki versiyası
Zərərçəkmiş hesab edir ki, ya Cəlalın sifarişi ilə tutulan qatil
onu sexin içində vurub, ya da hansısa açıqlanmayan məsələ
səbəbindən dayısını intihar həddinə çatdırıblar:
"Biz istintaqın obyektiv aparılmasını istəyirik. Çünki dayımı
onlar boğaza yığdılar. Adamı girov götürmək, müxtəlif cür təzyiqlər
etmək nə deməkdir? Hələ bilmirik ki, evlərində girov saxlayanda
dayıma nə deyiblər, onunla necə rəftar ediblər.
Səbəbkarlar isə azadlıqda gəzir. Mebel ayın 2-də sifariş olunub,
hər şey hazırlanmışdı. Amma onun yaxasından yapışıb əl çəkmədilər,
kişiyə zülm elədilər".
Atası dedi ki, Coşqunu həyatdan siləcəm
Mərhumun qardaşı Qoşqar Məmmədov bildirir ki, özü Horadizdə
yaşayır:
"Atası Horadizdə cərrah işləyir, mənə telefonda dedi ki, mebel
oğlumun toyuna kimi ləngisə, Coşqunu həyatdan siləcəyəm. Qardaşım
kimi məni də bezdirmişdilər, hədələyirdilər.
Mebel avqustun 10-na kimi çatacaqdı. Onların tələsdirməyi ölümə
səbəb oldu.
Bunların söhbəti budur ki, 500 manatlıq material alınmayıb.
Qardaşım da dedi ki, 3800 manat xərcim çıxıb. Bu iş olandan sonra
Sabunçu rayon prokuroru Ceyhun Şirinov icazə verib ki, gedib mebeli
götürsünlər. Polisin hadisə yerində möhürü olmalıdır, amma açıb
götürüblər. Bizim tək istəyimiz odur ki, qardaşımın ölümünə səbəb
olan Cəlal və atası layiqli cəzasını alsın. Onların imkanları
həddən artıq genişdir, ehtiyat edirik ki, istintaqa hansısa formada
təsir edərlər. Biz artıq bu işlə bağlı Baş Prokurorluğa da müraciət
etmişik".