"Neftçi" futbol klubunun Müşahidə Şurasının sədri Çingiz
Abdullayev "Qarabağ"ı 1:0 hesabı ilə yendikləri Azərbaycan Premyer
Liqasının XIV tur matçından sonra jurnalistlərin suallarını
cavablandırıb.
Axar.az Report-a istinadla həmin müsahibəni təqdim
edir:
Son 2 oyunda "Neftçi" uğursuz seriyaya son qoydu. Həm
"Böyük oyun"da, həm də Azərbaycan derbisində qalib
gəldi
- Bəli. Hər iki oyun derbi idi. Hesab edirik ki, komandamız
yaxşı çıxış etdi. Özünüz də gördünüz. Sevinirik ki, belə
oynayırlar. Əsas odur ki, top buraxmayıblar. Eyni futbolçular,
hansılar ki, oynaya bilmədiklərini deyirdilər, görürsünüz,
oynayırlar, yaxşı da oynaya da bilirlər. Son 2 oyunda 1 xal belə
yığa bilməyəcəyimizi deyirdilər. Amma gördünüz necə oldu. Səfərdə
də, evdə də qalib gəldik.
Əsgər Abdullayevin qazandığı 2 qələbə əcnəbi baş məşqçi
gətirmək istəyinizdə dəyişikliyə səbəb olub?
- Hələ heç nə dəyişməyib. Necə istəyirdiksə, elə də gedir. Amma
təbii ki, Əsgər Abdullayevin uğurlarına hamımız sevinirik. Digər
tərəfdən, axı Əsgər müəllim "Neftçi"yə yad adam deyil. Sualınızdan
elə çıxır ki, yeni baş məşqçi gələn kimi Əsgər müəllimlə
vidalaşacağıq. Xeyr, o, heç yerə getməyəcək.
Söhbət Əsgər Abdullayevin baş məşqçi postundakı
taleyindən gedir.
- İnternetdə baxın: "Neftçi"də ən çox oynayan futbolçular Dmitri
Kramarenko ilə Əsgər Abdullayevdir. Bu, həqiqətdir. Təbii ki, o,
heç yerə getməyəcək. Əsgər müəllim "Neftçi"nin Müşahidə Şurasının
üzvüdür. Baş məşqçi kimi hələlik fəaliyyətini davam etdirir.
Mövsümün sonunadək davam edəcəksiniz?
- Bu ilin sonunadək işləyir də... Bəlkə çempion olacaq?
Ümumiyyətlə, fikir dəyişmək istəmirəm. Amma bu, xalq komandasıdır.
Təbii ki, yeni baş məşqçi olmalıdır. Məqsədimiz komandaya əcnəbi
baş məşqçi gətirməkdir. Amma digər tərəfdən, Əsgər müəllimin
uğurları da göz qabağındadır. Gəlin, heç olmasa, ilin sonunadək
gözləyək. Bilirsiniz ki, "Neftçi" nə vəziyyətdə idi. 6-7-ci
yerlərdə gedirdi. Tədricən turnir cədvəlində yüksəlmək istəyirik. O
biri 9 komandaya böyük hörmətlə yanaşıram. Amma digər 9 komandanı
"Neftçi" qədər sevmirlər. Bu, bir həqiqətdir. "Neftçi" xalqın
komandasıdır. Ona görə də uğurlarımızın daha çox olmasını
istəyirik.
"Qarabağ" üzərində qələbənin sizin üçün xüsusi anlamı
var?
- Biz iki ildir "Qarabağ"ı uda bilmirdik. Hərçənd, ilk dövrədəki
oyunda da pis oynamadığımızı düşünürəm. Amma axırıncı dəqiqələrdə
də yox, saniyələrdə qapımıza penalti təyin oldu. Artıq həmin
penaltinin şübhəli olduğu təsdiqlənib. O penalti olmasaydı, bəlkə
onda da qalib gələ bilərdik. Bilirsiniz, heyətimizdəki cavan
uşaqlardırlar. Son saniyələrdə belə şeylər olanda, futbolçularımız
sınırlar. Ona görə də çalışırıq ki, bu gənclər özlərinə inansınlar.
Nəyə görə yazmırsınız, bizdə bu qədər gənclər var. "Neftçi"də
yetişən 19-20 yaşlı futbolçuların gələcəyinə inanırıq.