Azərbaycan Dillər Universitetində (ADU) “Milli musiqi mədəniyyətimizlə bağlı söhbətlər” layihəsi çərçivəsində xalq artisti, professor, Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri Mənsum İbrahimovla görüş keçirilib.
Kult.az xəbər verir ki, layihənin ilk qonağı olan Mənsum İbrahimovu universitetin rektoru, xalq yazıçısı, akademik Kamal Abdulla, müəllim və tələbə heyəti qarşılayıb.
Tədbirdə “Qarabağ” muğam ansamblı iştirak edib.
Rektor Kamal Abdulla çıxışında layihənin ADU ilə Azərbaycan Milli Konservatoriyası arasında mədəni körpü rolunu oynayacağını bildirib. O, universitetin son illərdə QS reytinqlər cədvəlində böyük uğur qazandığını, universitetdə 20-dən çox xarici dilin tədris olunduğunu və həmin dillərə uyğun mədəniyyət mərkəzlərinin fəaliyyət göstərdiyini qeyd edib. Rektor həmçinin Pakistan, Rusiya, Çin, Serbiya, Rumıniya, Macarıstan, Çeçenistan və Belarus kimi ölkələrdə fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti mərkəzlərindən danışıb. Bildirib ki, bu mərkəzlər vasitəsilə Azərbaycan dili, mədəniyyəti, musiqisi və tarixi xarici tələbələrə tədris olunur.
Kamal Abdulla qeyd edib ki, universitet gələcəkdə həmin ölkələrdə ictimai-mədəniyyət xadimlərinin iştirakı ilə görüşlər təşkil etməyi planlaşdırır. O, həmçinin konsert proqramlarında mətnlərin tərcüməsinə dəstək göstərə biləcəklərini, xarici səfərlər zamanı Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Universitetin Qarabağ müharibəsi dövründə 20-dən çox ölkəyə Azərbaycan həqiqətləri ilə bağlı məktublar göndərdiyini xatırladan rektor məzunlarla əlaqələrin davam etdiyini və Şəki, Qax, Qəbələ, Zaqatala, Balakən rayonlarında müəllim kimi çalışan məzunlarla keçirilən görüşləri də bu istiqamətdə mühüm addım kimi qiymətləndirib.
Xalq artisti Mənsum İbrahimov çıxışında layihədə ilk iştirakçısı olmaqdan məmnunluğunu ifadə edib. O, Milli Konservatoriya ilə ADU arasında bu əməkdaşlığın davamlı olacağına inandığını bildirib və Muğam-xanəndə kafedrasının müdiri kimi Azərbaycanda keçiriləcək 9-cu muğam televiziya müsabiqəsinin seçim mərhələlərinin artıq başlandığını qeyd edib. Mənsum İbrahimov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu layihəyə dəstəyini xüsusi vurğulayaraq, Qarabağda artıq güllə səslərinin deyil, muğamın səsləndiyini sevinclə bildirib.
Konsert proqramı tələbə və müəllim heyəti tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.