"Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş
vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft
Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş
Prokurorluğunun birgə məlumat yayıb.
Axar.az xəbər verir ki, respublikamızda hava
şəraitinin kəskin dəyişməsi dənizdə neft-qaz əməliyyatlarının
həyata keçirilməsində ciddi çətinliklər yaradıb. Dekabrın 4-də
Şimal küləyinin sürəti saniyədə 38-40 metr, dalğanın hündürlüyü
açıq dənizdə 8 metr və daha çox olub. Axşam saatlarında eyni
istiqamətdə ara verməyən külək daha da güclənib, dalğaların
hündürlüyü 9-10 metrə çatıb. Saat 17.40 radələrində nəhəng dalğalar
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli"
yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə
işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru
kəmərini zədələyib və şiddətli yanğın baş verib. Yarana biləcək
fəsadların qarşısını almaq məqsədilə 10 saylı dərin dəniz özülünə
gələn bütün neft-qaz kommunikasiya sistemləri bağlanılıb, özüldə
istismarda olan 28 ədəd neft və qaz quyusunun istismarı
dayandırılıb. Lakin texnoloji sistemlərdə və boruda olan qalıq
qazın hesabına yanğın hələ davam edir. Ehtimal olunur ki, hazırda
davam edən yanğın özüldəki neft və ya qaz quyularına da keçib.
Təlimata və təxliyyə planına uyğun olaraq, yanğın və baş verə
biləcək partlayışdan xilas olmaq məqsədilə işçilər özüldəki iki
xilasedici qayığa minib və qayıqları aşağı buraxıblar. Qayıqlar
dəniz səviyyəsindən təqribən 10 metr məsafəyə qədər endirilərək
saxlanılıb. Qəza baş verəndən 15-25 dəqiqə sonra Fövqəladə Hallar
Nazirliyinin "Günəşli" yatağında növbədə olan "Vixr-9"
yanğınsöndürən gəmisi, daha sonra isə kiçik zaman intervalı ilə
"Vixr-5" yanğınsöndürən, "Avior" dalğıc, "Samir Quliyev" yedək
gəmiləri özülə yaxınlaşaraq dərhal əməliyyata başlayıb. Eyni
zamanda, "Azəri-Çıraq-Günəşli" yataqlarında növbədə olan müasir
naviqasiya sistemi ilə təchiz edilmiş "Topaz-Diqnizi", "Endeavour",
"Protektor", "Lənkəran" gəmiləri də yanğınsöndürmə və xilasetmə
işlərinə cəlb olunub.
Lakin qasırğanın güclənməsi, dalğanın faktiki hündürlüyünün 9-10
metrə qədər çatması səbəbindən gəmilərin heç biri özülə yan ala
bilməyib. Bu isə xilasedici qayıqların suya endirilməsini və
gəmilər tərəfindən yedəyə götürülməsini mümkünsüz edib. Eləcə də
alovun söndürülməsi üçün suyun fasiləsiz vurulması işlərini
çətinləşdirib. Təqribən saat 22.45 radələrində güclü küləyin təsiri
və hündür dalğaların zərbəsi nəticəsində xilasedici qayıqlardan
birinin qarmağı açılıb və qayıq içindəki adamlarla birlikdə dənizə
düşüb. Yaxındakı gəmilər vasitəsilə işçilərdən 3 nəfər və 1 cəsədin
dənizdən çıxarılması mümkün olub. Qaranlıq və qasırğalı hava
şəraitində ikinci xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi
böyük risk və təhlükə yaratdığı üçün təxliyyə işlərinin hava
işıqlandıqdan sonra davam etdirilməsi qərara alınıb. Dekabrın 5-də
ağır hava şəraitinin hələ də davam etməsinə baxmayaraq, ikinci
xilasetmə qayığındakı işçilərin təxliyyə edilməsi əməliyyatı həyata
keçirilib. Belə ki, saat 08:02-də Fövqəladə Hallar Nazirliyinə
məxsus, göyərtəsində 15 xilasedici olan 2 helikopter hadisə yerinə
cəlb olunub. Lakin yüksək temperaturdan helikopterlər özüldə eniş
edə bilməyib, 3 və 5 saylı qonşu özüllərə enib. Bir qədər sonra
FHN-in həmin xilasedicilərinin bir qrupu "Azal" QSC-yə məxsus
helikopterlə, digər qrupu isə "Azərbaycan Dövlət Xəzər Dəniz
Gəmiçiliyi" QSC-yə məxsus "Müslüm Maqomayev" gəmisi ilə özülə
çıxıb, qayıqdan 26 nəfəri, özüldən 3 nəfəri təxliyyə edərək həmin
gəmiyə götürüblər. Beləliklə, cəmi 32 nəfər təxliyyə edilib, 1
nəfərin isə cəsədi sudan çıxarılıb.
Bu gün səhərdən birinci xilasedici qayıqdan dənizə düşmüş
insanların axtarışı akvatoriyada olan SOCAR və bp şirkətlərinin,
FHN və Dövlət Sərhəd Xidmətinin gəmiləri və FHN-in helikopterləri
vasitəsilə davam etdirilir. Müşahidə zamanı özüldən təqribən 50
kilometr cənubda içərisi boş qayıq müəyyən edilib, bununla bağlı
Dövlət Dəniz Administrasiyası vasitəsilə yaxınlıqdakı gəmilər
məlumatlandırılıb. SOCAR-ın prezidenti və Fövqəladə Hallar
Nazirliyinin rəhbərliyi özüldə əməliyyata bilavasitə rəhbərlik
edirlər.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə
İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın
təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda)
maddəsi ilə cinayət işi başlanıb, Baş Prokurorluq və Fövqəladə
Hallar Nazirliyinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu
yaradılıb.
Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat
tədbirləri həyata keçirilməklə hadisənin başvermə səbəbləri,
vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədilə iş üzrə müvafiq
ekspertizalar təyin edilib, eyni zamanda, zəruri prosessual
hərəkətlər yerinə yetirilir.
Baş vermiş qəza ilə əlaqədar Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı ilə Dövlət Komissiyası yaradılıb.
Komissiyanın rəhbəri Azərbaycan Respublikasının Baş naziri Artur
Rasi-zadə təyin olunub. İtkin düşənlərin axtarışı və xilasetmə
işlərinin gedişi barədə Azərbaycan Respublikasının Prezidentinə
mütəmadi məlumat verilir.
Daha dəqiq məlumatlar araşdırmalardan sonra ictimaiyyətə təqdim
olunacaq.