Bu gün gənclər və idman naziri Azad Rəhimov Şirvan,
Hacıqabul, Neftçala, Saatlı, Sabirabad və Salyan rayon sakinlərini
qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Axar.az-a
verilən xəbərə görə, Yeni Azərbaycan Partiyası Şirvan şəhər
təşkilatının inzibati binasında baş tutan qəbulda umumilikdə 40-a
yaxın vətəndaş iştirak edib.
Müraciətlər əsasən gənclər, idman, tikinti sahələri, ipoteka
kreditlərinin verilməsi, iş ilə təminatla bağlı olub. Gənclər
sahəsi üzrə edilən müraciətlər sırasına qeyri-hökumət gənclər
təşkilatlarının yaradılması, layihələrin maliyyələşdirilməsi,
gənclərin beynəlxalq layihələrdə iştirakı, yay istirahət
düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin müvafiq
avadanlıqlarla təmin edilməsi və fəaliyyəti daxil olub.
İdman sahəsində fəxri adların verilməsi, idman mərkəzlərinin
idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman
Komplekslərinin, idman qurğularının tikintisi və təmiri, Uşaq
Gənclər və İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması,
idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən
müraciətlər arasında olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb.
Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara
göndərilməsi üçün nəzarətə götürülüb.