Məşhur yazıçı Umberto Eko
dünən axşam saatlarında vəfat edib. 2014-cü ildə Umberto Eko ilə
onun evində görüşən tanınmış yazıçımız Kamal Abdulla daha sonra
həmkarı haqda maraqlı bir yazı yazmışdı.
Axar.az Kamal Abdullanın Umberto Eko haqda essesini və həmin
görüşün videosunu təkrar təqdim edir:
Umberto Eko ilə onun evində görüşdük. Bu nəzakətli dəvətin
təxminən 10-15 dəqiqə çəkəcəyini güman edirdim. Sandro Teti də belə
düşünürdü.
Sandro "Yarımçıq əlyazma"nın İtaliyadakı naşiridir. Görüşü o
təşkil etmişdi. "Təşkil etmişdi" deyəndə ki, kitabı Ekoya
göndərmişdi və ondan oxuyub fikir söyləməsini xahiş etmişdi.
İtalyan nəşrinə önsözü Florensiya Universitetinin məşhur
professoru, orta əsrlər mədəniyyətinin görkəmli mütəxəssisi Franko
Kardini yazmışdı. Və Kardini də Ekonun dostu idi. Qərəz, məncə,
əlçatmaz Eko kitabı daha çox Kardininin önsöz yazmasına görə
maraqlanıb oxumuşdu. Əvvəlcə o mənə kitabı ona göndərdiyim üçün
təşəkkür yazdı, sonra da mənimlə Sandronu Milana, evinə dəvət etdi.
Mən bu arada Romada idim. Romada "Yarımçıq əlyazma"nın Beynəlxalq
kitab fuarında təqdimatı keçirilirdi və eyni zamanda Vatikan
Universitetində mənimlə görüş və müzakirə təşkil edilmişdi.
Müxtəlif qəzetlərə və bir TV-yə müsahibələr də verəcəkdim. Qərəz,
bütün bunları ləzzətlə yola verdik və Romada işləri bitirəndən
sonra Sandro ilə birlikdə Milana yola düşdük.
Budur, Milanın qədim qala divarlarının üzbəüzündəki gözəl
Kastello (Qəsr) küçəsinə gəlib çatırıq. Taksidən düşüb ətrafa
boylanıram. Küçənin o biri tərəfi qala divarlarının arxasında
gizlənən balaca, köhnə Milandır. Bu qala divarları bir anlıq
Bakıdakı Sabir heykəlini və arxasındakı bizim qala divarlarını
yadıma salır. Bir az da bürcləri ilə Moskva Kremlinin divarlarına
bənzəyir. Küçənin biz durduğumuz tərəfində isə əzəmətli roman
üslubu hökm sürür. Evlər klassik memarlığın nümunəri kimi
bir-birini tamamlayır. Hər guşədən zənginlik yağır. Bu da Kastello,
13. Ekonun evinin önündəyik. İkinci mərtəbəyə qalxmalıyıq. Sandro
domofonun düyməsini basır.
O özü bizi liftdən düşən yerdə qarşılayır. Hərəkətlərindən
mehribanlıq yağır deməzdim, daha dəqiqi budur – mehribanlıq hiss
edilir. Evə daxil oluruq. Bizi salona dəvət edir. Soyunub, cürbəcür
kitablar, suvenirlər, şəkillərlə süslənmiş işıqlı – ən çox yadda
qalan salonun işığı oldu – işıqlı və geniş salona keçirik. Ağ tül
pərdənin yüngülvari şəkildə canına sarışdığı pəncərədən o tərəfdə
Milanın qala divarları... Eko bizdən nə içəcəyimizi soruşur.
Kresloda yerimi rahatlaya-rahatlaya fikrimdən bu keçir: "Qaraqabaq
dedikləri adam budur?!"
Xidmətçi qadın qəhvə gətirir. O, məşhur italyan filmi
"Yolagəlməzin ram edilməsi"ndə yolagəlməz Çelentanonun vəfalı
xidmətçisinin tam eynidir. Qəhvə içə-içə və "xoş-beş"dən sonra
söhbət yavaş-yavaş öz məcrasına düşür. Biz heç bir kəşfiyyat-filan
aparmadan, onun yaratdığı auranın təsirilə min ilin tanışları,
həmfikirləri kimi söhbətə başlayırıq. Söhbətin lap əvvəlində onun
mənə ilk və qəfil sualı bu olur (sualı olduğu kimi yazıram, çünki
Sandroya dönə-dönə tərcümə etdirmişəm):
– Məndən burda soruşan kimi, sizdən də sizdəki kretinlər orda
soruşdularmı, bu əlyazma həqiqətən var, ya yoxdur?
Quruyub qalıram. "Bu adam orakuldu, nədi?!" – Təəccüblə
düşünürəm.
Həmən görüş, daha dəqiqi, həmən unudulmaz görüş nə az, nə çox –
saat yarım davam etdi... (1-ci hissənin sonu).
***
Professor Eko "Yarımçıq əlyazma" romanı haqqında gözləmədi ki,
biz ondan nə isə soruşaq və o da bizə cavab versin. Elə söhbət
başlayan kimi "kretinlər" haqqında sualından sonra özü birbaşa belə
dedi:
– Sizin romanınız cəlbedicidir (italyanca – "avvincente"), amma
onu plyajda oxumaq olmaz.
Dedi və gülümsədi. Daha sonra o, romanı italyan oxucusuna daha
yaxın etməyin yollarından danışdı. Sandro ona "Sehirbazlar dərəsi"
haqda, bu romanı da tərcümə və çap etmək niyyəti barədə söz açdı və
bu zaman Eko belə bir məsləhət verməyi lazım bildi:
– Bəzən romanda adlara lazımi fikir vermirlər. Üçmərtəbəli,
hətta dördmərtəbəli adlar işlədirlər ki, tərcümə edilən əsərdə
onlar oxucu qarşısında real çətinliklər yaradır. Adları çalışın,
sadə məxrəcə gətirin.
Bu məqamda mən öz çoxdankı "problemimi" xatırladım. Məni narahat
edən bir məsələ ilə bağlı xarici ədəbiyyatçılara, oxuculara, nəşri
hazırlayanlara bu sualı vermişdim. Cavablar birmənalı olmayıb. Mən
Ekodan soruşdum:
– Sizcə, xarici oxucunun, lap elə italyan oxucusunun
"Kitabi-Dədə Qorqud"u tanıyıb-tanımamasının romanı qəbul etməsində
rolu var, ya yox?
Onun cavabı məni azacıq məyus etdi. Eko qətiyyətlə dedi:
– Hökmən rolu var. Dastan barədə məlumatı olsaydı, roman oxucuya
daha anlaşıqlı olardı.
Mən amerikalı redaktorumu xatırladım. O mənə yazmışdı ki, romanı
oxuyarkən maraqdan və yeri gəldikcə gülməkdən özünü saxlaya
bilmirmiş. Xüsusilə, Boğazca Fatmanın Oğuz cəngavərlərinə kələk
gəlməsi onu son dərəcə əyləndirmişdi. O redaktor Dastanı
oxumamışdı. Dastana nabələd oxucu tərəfindən romanın bəyənilməsi
üçün bu faktorun bəzi yerlərdə əhəmiyyəti olmurdu. Əlbəttə ki,
bunları dilimə gətirmədim.
Azərbaycandan danışırıq. Onun qədim tarixini, "Dədə Qorqud"
dastanını bir daha yada salırıq. Yunan mifləri ilə səsləşən
motivlərdən, paralellərdən, Şah İsmayıl və onun apardığı siyasətdən
– dil və mədəniyyət qayğılarından, o dövrün Qərb ölkələrinin
Səfəvilərlə əlaqəsinin vacibliyindən, Şahın özünün şairliyindən söz
düşür. Müasir Azərbaycanın tolerant və multikultural bir ab-havaya
malik ölkə olduğu, burada yaşayan müxtəlif xalqların gün-güzəranı,
ölkə başçısının Azərbaycan üçün onun öz, xüsusi siyasi yolunu
müəyyənləşdirməsi, Qarabağ, ikili standartlar, Mirzə Cəlil və
"Anamın kitabı", "Kamança", Bakıda keçirilən möhtəşəm Humanitar
Forumlar...
Bu zaman Ekonun xanımı salona daxil olur və o da çoxdankı
tanışlar kimi bizi salamlayıb söhbətə qatılır. Cavanlıq gözəlliyini
asanlıqla saxlamış xoşruhiyyəli bir xanımdır. Daxili gözəlliyini o
dəqiqə hiss edirsən. Mən "fürsətdi" düşünüb, Bakıya ikisini də
dəvət edirəm.
– Sizin bir kitabınız var – "Ədəbiyyat meşələrində altı
gəzinti". O kitabı bir professorumuz Azərbaycan dilinə tərcümə
edir. Bəlkə onun təqdimatına, bəlkə Humanitar Foruma...
– Məmnuniyyətlə gələrik, elə deyilmi? – Xanım Eko ərinə baxıb
gülümsəyir.
– Olar. – İkimizin də gözləmədiyi halda Eko asanlıqla razılıq
verir. –Amma il əvvəlində Milanda təzə kitabımın təqdimatları
keçiriləcək. Buralar mənim üçün cəhənnəmə çevriləcək. İş çox
olacaq. Ondan sonra bu barədə konkret danışmaq olar.
Mən də, Sandro da sevincimizi gizlətmirik və mən xanım Ekoya
Azərbaycanda onu gözləyən maraqlı məqamların tələsik və qısa
xülasəsini verirəm. O, həqiqətən də, Bakıya gəlmək istədiyini
gizlətmir və mənə Bakı haqqında suallar verir.
Ekonun "Ədəbiyyat meşələrində..." adlı, professor Azad
Məmmədlinin ingilis dilindən tərcümə etdiyi həcmcə o qədər də böyük
olmayan kitabı çox maraqlı ədəbiyyat söhbətlərindən ibarətdir. Eko
o kitabı Amerikada, gərək ki, Harvard Universitetində oxuduğu
mühazirələrin əsasında hazırlayıb. Ən çox bəyəndiyim məqam Düma
qəhrəmanlarının yaşadığı evlərin Dümanın təklif etdiyi şəhərdaxili
coğrafiya əsasında yerlərinin müəyyənləşdirilməsi, onların sonrakı
aqibətlərinin izlənməsi və təhlili idi. Dartanyanın, Atosun,
Aramisin, Portosun kirayədə qaldıqları evlər daha sonrakı dövrdə,
məsələn, Fransız inqilabı zamanı hansı məqsədlərlə istifadə edilib
və s. və i.a.
Eko mənə diqqətlə qulaq asdıqdan sonra bu kitabın Bakıda çapı
ilə bağlı belə bir jest edir:
– Çox gözəl. Kitabın çapı münasibətilə Bakıya gəlmək olar. Mən
də öz ədəbi agentimə deyərəm ki, sizdən ingilislərdən,
fransızlardan aldığı qədər çox pul almasın (gülümsəyir), simvolik
bir qonorar alsın.
Təbəssümümü güclə saxlayıram. Maestro bilmir ki, eninə, uzununa,
demək olar ki, az qala bütün külliyyatı Bakıda çapdan çıxıb və heç
bir ədəbi agentin bundan xəbəri yoxdur (2-ci hissənin sonu).