Moskva vədinə sonunadək əməl
edərsə, bu, Suriyada vətəndaş müharibəsinin dayandırılması üçün
böyük bir addım ola bilər.
Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli
danışıb. Rusiyanın Suriyadan çıxma məsələsini şərh edən sabiq
dövlət müşaviri Moskvanın artıq öz taleyini fikirləşməyə
başladığını deyib:
"Səudiyyə 20-dən artıq dövlətin daxil olduğu İslam Ordusu adlı
çox güclü bir ordu yaradıb. Hətta Pakistanın simasında nüvə
silahına malik olan hissələr də döyüşə hazır vəziyyətdədir. Ona
görə də Rusiya artıq öz taleyini fikirləşir. Çünki Suriyada
Rusiyanı çox acınacaqlı bir vəziyyət gözləyir. Ancaq bir məsələ var
ki, Tartus limanında Rusiyanın hərbi hava donanması, desant
qoşunları hələ də qalmaqdadır. Bu o deməkdir ki, İslam Ordusunun
Suriyaya qoşun yeritməsi qüvvədədir. Səudiyyə və ABŞ bununla bağlı
Moskvaya ciddi xəbərdarlıq edib. Rusiya yəqin ki, heç olmasa bir
hərbi bazasının Suriyada qalmasına istəməklə yavaş-yavaş
qoşunlarını bu bölgədən çıxaracaq. Görünür, İslam Ordusu Rusiya
üçün nüvə silahından daha qorxulu bir amildir. Rusiya müsəlman
dünyasını hərəkətə gətirdi və bu çox tez bir zamanda Rusiyanın
içərilərinə doğru sıçraya bilər. Rusiya əhalisinin böyük bir
hissəsi müsəlmandır. Bu, Rusiyanın parçalanmasının, vəziyyətinin
ölçüyəgəlməz dərəcədə ağırlaşmasının başlanğıcı ola bilər. Çox
güman ki, islam amilini zərərsizləşdirmək üçün hərəkətə keçən
Moskva Səudiyyəyə öz adamlarını göndərəcək, Pakistanla danışıqlara
başlayacaq".
Politoloqun sözlərinə görə, son zamanlar Türkiyə ilə hiss olunan
yumşalma fonunda Rusiya formalaşmaqda olan yeni situasiyanın nə
qədər ağır ola biləcəyini proqnozlaşdıra bilib:
"Düzdür, Ankara terrorunda Rusiyanın PKK-ya yardımının da mühüm
rol oynadığı qeyd edilir. Ancaq bütün bunlara baxmayaraq, həm
təyyarə olayından sonra başlayan proseslər, həm də hazırda rüsvayçı
şəkildə qoşunlarını Suriyadan geri çəkməyə məcbur olması Rusiyada
başlanan geri dönüşün açıq təzahürüdür".
Q.Hüseynli hesab edir ki, Rusiyanın böyük SSRİ ideyaları artıq
keçmişə qovuşur:
"Suriyadan geri çəkilən Rusiyanın Ukrayna ilə prosesləri yenidən
başlaması, əslində, o qədər də ağlabatan deyil. Çünki Ukrayna artıq
möhkəmlənib və Rusiyaya müqavimət göstərə biləcək gücdədir. Qərb
Ukraynanın arxasında möhkəm dayanıb. O ki qaldı Rusiyanın Qafqazda
fəaliyyətini genişləndirməsinə, bu, sadəcə, bir ehtimal olaraq
qalır. Kreml Suriyadan sonra Baltikyanı respublikaları təhdid edə
bilər. Ancaq Rusiyanın şantaj və təhdid dövrü, böyük SSRİ ideyaları
artıq keçmişə qovuşur".
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ötən gün Müdafiə
naziri Sergey Şoyquya rus qoşunlarının mərhələli şəkildə Suriyadan
çıxarılması ilə bağlı əmr verib.