Ana səhifə Planet |
Brüsseldə baş verənlər əslində kifayət qədər ciddi və düzgün şərhini gözləyən mesajlarla zəngin oldu.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib.
Analitik ilk növbədə hədəfin niyə məhz Brüssel seçildiyini aydınlaşdırıb:
"Brüssel Qərb üçün son dərəcə ciddi əhəmiyyətə malikdir. Bu şəhər Avropa Birliyi və NATO kimi Qərb sisteminin iki nəhəng siyasi-iqtisadi-hərbi blokunun mərkəzidir. Eyni zamanda, Qərb dəyərlərinin simvoludur. Terror məhz bu dəfə Qərb sisteminin simasını hədəfə aldı. İkincisi, Brüsseldə radikal cərəyanların fəaliyyəti üçün münbit şərait var idi. İstər Yaxın Şərqdən yaxın zamanlarda gəlmiş qaçqınlar, istərsə də uzun müddətdir burada yaşayan Şimali Afrika kökənli, əsasən də Mərakeş və Əlcəzairdən gələn ərəblərin üstünlüyü və şəhərin bəzi bölgələrində kompakt yaşamaları bu şəraiti daha da münbit edirdi. Belçika Avropadan İŞİD sıralarına qoşulan könüllülərin sayına görə ilk yerdədir. Paris terroru da məhz burdan planlaşdırılmışdı".
V. Zifəroğli terror aksiyasının verdiyi mesajlara işıq salıb:
"Terror artıq qloballaşır. Birinci mesaj - avropalılar Yaxın Şərqdə baş verən münaqişələrin bir qolunu da öz ölkələrində hiss edəcəklər. İkincisi, bu terror həm də beynəlxalq sistemi hədəf aldı: AB və NATO-nu. Bu, birbaşa Qərb sistemini açıq şəkildə qarşılarına almaqdan çəkinmədikləri deməkdir. Üçüncüsü, Paris terrorunun təşkilatçıları terrordan iki gün öncə elə Brüsseldə həbs edildilər. Məhz bundan sonra Brüsseldə terrorun baş verməsi o anlama gəlir ki, terrorçular hansı nöqtədə olursa-olsun, əks reaksiya verməyə və əvəz ödətməyə hazırdırlar".
Onun sözlərinə görə, Avropa bu gün radikal cərəyanlar üçün ortam formalaşdırmaqdadır:
"Bunun da 4 səbəbi var: 1. Müsəlman gənclərə Avropa cəmiyyətində özlərini təsdiq etmək və tanıtmaq üçün münbit şərait yaradılmır, şans verilmir. Məhz bu səbəb günümüzdə Avropada böyümüş və hətta təhsil almış müsəlman gənci potensial terror təşkilatı təmsilçisinə çevirir. 2. Avropa cəmiyyətində mövcud olan islamafobiya.
3. Avropa dəyərlər sistemi ilə islam sivilizasiyasına məxsus sosio-kültürəl yapının daban-dabana zidd olması. Bu ziddiyyətlər həmin gənclərin özlərini tapmalarını və cəmiyyətin bir üzvünə çevrilməsini əngəlləyir.
4. Yaxın Şərqdə baş verənlər və Avropanın bu olanlarda "payı". ABŞ və Avropanın Yaxın Şərqdə "demokratiya" pərdəsi altında tətbiq etdikləri ssenarilərin qanlı və dağıdıcı nəticələri radikal dini cərəyanların nüfuzunu daha da qaldırır".
Analitik Brüssel teraktının Avropaya təsirinlərindən də söz açıb:
"Avropalılar ilk növbədə təhlükəsizlikmi, yoxsa fərdi azadlıqmı seçimini etməlidir. Paris və Brüsseldə yaşananlar göstərdi ki, Avropa terror hücumlarına daha tez-tez məruz qala bilər. Bu hücum Avropanın onsuz da "həzm etməkdə" çətinlik çəkdiyi qaçqın axınında daha radikal mövqe sərgiləmələrinə səbəb olar. Bu isə Türkiyəyə ehtiyacın artacağı deməkdir. Avropa, eləcə də Belçika terror təşkilatlarına münasibətdə ikili yanaşmalarına son qoymalıdırlar. Məsələn, Belçika Brüsseldə son bir ayda iki dəfə Ankarada, bir dəfə İstanbulda terror aksiyasi düzənləyən PKK-nın siyasi hədəfli çadırını polislə qorumaq əvəzinə, Türkiyəyə terrorla mübarizədə dəstək verməli idi. Qərb islamafobiya, eləcə də sağ radikal və xristian-demokrat təşkilatların aktivliyi və bir çox hallarda da radikallığının müsəlmanların da içində yer aldığı və ayrılmaz tərkib hissəsinə çevrildiyinin Avropa cəmiyyətində ciddi ikitirəlik yaratdığını qəbul etməli və bunun qarşısını almalıdır".
Tarix
2016.03.24 / 10:26
|
Müəllif
Aygün Yusibova
|