Ana səhifə Gündəm |
Ərdoğan və Davudoğlu arasında ciddi fikir ayrılıqları ilə bağlı söhbətlərdən sonra "Pelikan dosyası" adı ilə gündəmə gələn və narazılıqları açıq şəkildə ortaya qoyan yazıda ilk dəfə idi ki, baş nazir və tərəfdarları açıq şəkildə hədəfə alınırdı. Elə həmin günün axşam saatlarında Davudoğlu tərəfdarlarından əks-həmlə gəldi.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Davudoğlunun istefasına səbəb olacaq məqamlar AKP daxilində gələcəkdə fikir ayrılıqlarının dərinləşməsi ilə bağlıdır:
"2014-cü il avqustun 14-də Ərdoğanın baş nazirlikdən prezidentliyə keçməsinin və yerinə Davudoğlunu gətirməsinin ardınca hər kəs onun AKP liderinin tam idarəsi altında olacağına inanırdı. Lakin zaman bunun əksini göstərdi. Kəşfiyyat rəhbəri Hakan Fidanın deputatlığa namizədliyi, "Şəffaflıq dosyası", koalisiya hökumətinə münasibət, eləcə də partiyada kadrların yerləşdirilməsi, bir sıra qanunların qəbulu, həbs edilən terror dəstəkçisi "professorların" və jurnalistlərin qiyabi mühakiməsi, bölücü kürd liderlərlə görüşlərə başlanması, müstəqil bir Mərkəz Bankı rəhbərinin təyin edilməsi, Avropa Birliyinə getdikcə daha artıq inteqrasiya və s. bütün bu məqamlar partiyanın daxilinə də sirayət etdi".
Analitikin sözlərinə görə, Davudoğlunun istefası keçid dövründə olan Türkiyə üçün son dərəcə həssas bir məqamdır:
"Aprelin 29-da partiyanın Mərkəzi İdarə Heyətində vilayət və rayon təşkilatları rəhbərlərini təyin etmə hüququnun sədrdən alınaraq MİH-ə həvalə olunması baş naziri narahat etməyə bilməzdi və o özü üçün Ərdoğanın da mövqeyini dəqiqləşdirmək istəyirdi. Məhz Ərdoğan- Davudoğlu görüşündən sonra ikincinin 22 mayda keçiriləcək konqres toplantısında namizədliyini verməyəcəyini açıqlaması, birincinin onun xeyrinə qərar çıxarmaması ilə barışması demək idi. Əslində, problemi prezidentin həll edəcəyinə dair baş nazirin ümidi var idi. Bəlkə də məhz buna görə o, görüşə istefa məktubu ilə getmədi. Görüş zamanı da alınan ortaq qərar o oldu ki, istefaya gedilməsin, konqres çağırılsın və vəzifə təhvil verilsin. Burada başlıca diqqət çəkən məqam budur ki, Davudoğlu bununla razılaşdı və əslində, qarşılıq verməkdən imtina edərək partiyadaxili qarşıdurmaya getməyəcəyini də nümayiş etdirmiş oldu".
V.Zifəroğlu qeyd edib ki, prezident üsul-idarəsinə keçidlə əlaqədar prezident-baş nazir modelində dəyişiklik önəmli faktordur:
"Davudoğlundan sonra baş nazir vəzifəsinə gələcək adla prezident münasibətlərində yeni model ortaya qoyulacaq. Bu, daha çox rəsmi xarakter daşıyacaq və prezidentin arxasında yer alacaq bir vəzifə kimi xarakterizə olunacaq. AKP "başqanlıq sistemi"nə keçid hədəfindən vaz keçməyib və ən azı 367 millət vəkili qazanmaq, konstitusiyanı referenduma getmədən də dəyişdirmək üçün güc sərf etməkdədir. MHP-də baş verən son hadisələr və qurultay məsələsi, əslində, milliyyətçilərin sağ düşərgədə revanş niyyətinin ciddiliyinin göstəricisidir. MHP yaxın gələcəkdə yola artıq Baxçalı ilə davam etməyə bilər. Yəni siyasi meydanda tamam yeni və son dərəcə ciddi bir partiya görə bilərik. Bu isə AKP-nin son 10 ildə MHP-dən özünə çəkmiş olduğu elektoratı geri qaytarması deməkdir. Məhz bu səbəbdən AKP-yə yeni partiya başqanı və baş nazir lazım ola bilər. Bu yeni başqanın daha texnokrat və çevik olması vacib şərtdir".
Tarix
2016.05.06 / 11:01
|
Müəllif
Aygün Yusibova
|