Ana səhifə Siyasət |
Geosiyasi nöqteyi-nəzərdən Rusiya və Türkiyənin maraqları ciddi şəkildə toqquşmaqdadır. Biz bu toqquşmanı həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda görməkdəyik.
Bu sözləri son zamanlar Suriya məsələsi fonunda Ankara və Moskva arasındakı yaranan fikir ayrılığı ilə bağlı Axar.az-a danışarkən analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, iki ölkə arasındakı münasibətlər daha çox iqtisadi və ticari təməllər üzərində formalaşacaq:
“Türkiyəyə Rusiya hazırkı dönəmdə qaz qiymətlərini aşağı salmaq və ticari dövriyyəni artırmaq üçün lazımdır. Eyni zamanda, Rusiya Qərblə manevr etmək üçün Ankaranın zamanla istifadə etdiyi prinsipial alternativdir. AB-nin qəbul etdiyi məlum qərardan sonra Ankaranın indi buna ehtiyacı daha çoxdur. Qərb AKP hökumətinə bir o qədər loyal deyil. Separatçılara endirilən zərbələr də müttəfiqləri razı salmır, onlar əsas hədəf olaraq İŞİD üzərində israr edirlər. Daxili istiqrarsızlıq, Qərbin müəyyən narazılıqları, eləcə də iqtisadi geriləmələr Moskvanın əhəmiyyətini artırır”.
Analtik Türkiyəni Rusiya üçün prinsipial dərəcədə əhəmiyyətli edən səbəbləri də açıb:
“Rusiyaya isə Türkiyə bir bazar olaraq maraqlıdır, eləcə də Türkiyə vasitəsiylə Şərq və Qərbə açılmaq mümkündür. Türkiyə Rusiya üçün isti dənizlərə bir qapıdır. Moskva Ankaranı Avrasiya İttifaqına doğru bir neçə addım olsa belə yaxınlaşdırmaq üçün az qala hər şey etməyə hazırdır. Rusiya Türkiyəni Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) da ən vacib tərəfdaşı olaraq görmək arzusundadır. Rusiyanın Türkiyədən almağa niyyətli olduğu daha bir strateji məqam - “Türk axını”dır. Putinin böyük şövqlə “Cənub axını”nın adını dəyişərək türk həmkarına xoş gəlsin deyə, belə adlandırdığı bu layihə əslində, Moskvanın düşünülmüş və gələcəyə planlaşdırılan son dərəcə önəmli bir layihəsidir”.
V.Zifəroğlu hesab edir ki, Türkiyə-Rusiya yaxınlaşmasının uzunmüddətli perspektivində ciddi suallar yaradan məqamlar var:
“Geosiyasi nöqteyi-nəzərdən Rusiya və Türkiyənin maraqları ciddi şəkildə toqquşmaqdadır. Biz bu toqquşmanı həm Yaxın Şərqdə, həm də Cənubi Qafqazda görməkdəyik. Bu gün Türkiyə Hələbdə Rusiya və İranın ciddi dəstəyi ilə Əsədə bağlı qüvvələrin müxaliflərə ölümcül zərbələr endirməsinə birmənalı şəkildə qarşı çıxırsa və bununla bağlı hətta BMT-də dinləmələrin keçirilməsi tələbi ilə çıxış edirsə, demək, fikir ayrılıqları var. Bunun aradan qaldırılması asan deyil. Bu, yumşaq desək, aparıcı ölkə olaraq öz maraqlarını güzəştə getmək anlamına gəlir və hər iki ölkənin siyasi iqtidarı üçün daxildə və xaricdə son dərəcə mənfi fəsadlara yol aça bilər”.
Tarix
2016.12.07 / 08:00
|
Müəllif
Aygün Yusibova
|