Povestin ekran yozumu
(Dürüstlüyün, ziyalılığın təntənəsi)
Belarus rejissoru Larisa Şepitkonun Vasil Bıkovun
"Sotnikov" povesti əsasında 1977-ci ildə quruluş verdiyi (ssenari
müəllifləri Yuri Klepikov, Larisa Şepitko), Benrlin festivalının
baş mükafatını qazanmış "Yüksəliş" filmi, nəsrin uğurlu audiovizual
həlli ilə yanaşı, hələ sovet dövründə dini motivin dramaturji
həlldə ekrana gətirilməsi ilə yadda qalır.
Qarlı peyzajda ayağa qalxan qaraltıların partizanların müşayiəti
ilə ağ örpəkli almanların cəza dəstəsindən qaçan əhalinin görünməsi
dramatizmi ilk epizoddan bəyan edir. Atışmada həlak olanlar
arasından ayağa qalxan ana gülləyə tuş gəlib yıxılsa da, tutduğu
budaqdan əli üzülməklə yıxılıb çapalayan uşaq, təqibdən yaxa
qurtarıb yaralılarla birgə meşənin dərinliyinə çəkilənlərin son,
cüzi azuqəni paylaşdırmaları ilə gənc qızın buğda dənəsini yaralı
sevgilisinin ağzına qoyması təklif olunan vəziyyəti obrazlarla,
attraksionların montajında yaradır. Müşkülə çevrilən ərzağın
ardınca göndərilən boy-buxunlu, sağlam, sadəlövh kəndli Rıbakla
(V.Qostyuxin), cılız, qızdırmalı xəstə, müəllim Sotnikovun
(B.Plotnikov) personaj fərqliliyini, kəndə çatdıqda sobada yanıb
qarsalanmış güzgü ilə zivədə donmuş paltarların müşahidəsi
zorakılığın dinamikasını həmən üzə çıxarır.
Povestin mükəmməl təhkiyyəsindəki: "Bayaqdan, meşə ilə
addımladıqca Rıbak arxadan gələn Sotnikovun səsi hərdən yaxınlaşıb,
hərdən uzaqlaşan kal öskurəyini eşidirdi. Nəhayət, öskürək səsi
tamamilə kəsildikdə addımlarını yavaşıdan Rıbak dönüb arxaya
baxdıqda xeyli geri qalmış, qaranlıqda zorla yeriyən Sotnikovu
gördü. Hövsələsini basaraq bir müddət müşahidə edən Rıbak
ayaqlarında köhnə, yöndəmsiz uzunboğaz keçə çəkmələri, qızıl əsgər
pilotkasını qulaqlarının üstünə çəkərək, başı aşağı onun izi ilə
qarda çətinliklə İrəliləyən Sotnikovu nəzərdən keçirdi. Bu şaxtalı
sakit gecədə tövşüyərək ağır nəfəs aldığı uzaqdan eşidilən Sotnikov
gəlib Rıbakın yanına çatandan sonra da sakitləşə bilmirdi" (Быков
В.В. Повести. М. 1984. с.6) cümlələrin ekranda özünün audiovizual
həllini tapır.
Əsərdə olduğu kimi filmdə Rıbakın özünün ayaq dolağını küləyin
vıyıltısı altında öskürə-öskürə, qara bata-bata güclə addımlayan,
yorulub əldən düşən Sotnikovun armud saplağı kimi nazik boğazına
dolaması, cibindən çıxardığı azsaylı patronların arasındakı bişmiş
çovdar dənələrini ona yedirtməsi mərhumiyyətin mənzərəsini yaradır.
Almanların kəndxuda seçdiyi, oğlu cəbhədə qırmızı orduda vuruşan
Pyotr Kaçanın (S.Yakovlev) evində həyatında ilk dəfə Bibliya
gördüyünü bildirməklə dini aləmdən uzaqlığını üzə çıxaran Rıbakın
cəzalandırmaq istədiyi ev sahibinin partizanların icazəsilə yeni
vəzifəni qəbul etməsi, üstüörtülü mətnin yarımtonlarında üzə çıxır.
Ərzaq dalınca gəldiyini xatırlayan Rıbakın Pyotru cəzalandırmaqdan
vaz keçməsi ev sahibinin kəsdiyi, isti qanı axa-axa samanın üstündə
xeyli çapalayan toğlunu tutub saxladıqca, qorxu qarışıq sevinc
hissi də keçirməsi çoxçalarlı səslənir. Filmdə Rıbakın həyətə
çıxardığı qocanın güllələnəcəyi gözlənilən məqamda qarısının
yalvarışları fonunda əldən düşən öskürəkləri güclənən Sotnikovun
psixoloji portreti önə çəkilir. Almanlara xidmət edən polisaylarla
qarşılaşmada çiynindəki toğlu ilə qaçıb meşəyə girən Rıbaka rəğmən
artıq yaralanmış Sotnikovun müqaviməti əqidə fərqliliyini gözönü
hadisədə üzə çıxarır. Təpədən atılan üç-dörd güllədən sonra
nisbətən yaxında gurlayan, Sotnikovun gülləsinin səsini Rıbak həmən
tanısa da, bu məqamda atışmağa girişməyi lüzumsuz saydı. Halbuki
yollarının üstündəki kolluqlar da təqibçilərdən uzaqlaşmağa, qaçıb
aradan çıxmağa imkan verirdi. İndi yerə uzanıb tərpənməyən Sotnikov
isə elə bil bunu anlamırdı. Arabir atdığı güllələrin səsi
gəlməsəydi, vurulduğunu düşünmək olardı" (33). Əsərdə iki
personajın psixoloji təhlilini izləyən müəllifin: "Axı, yoldaşın
çətinlikdə qala-qala, özünü lənətə gəlmiş toğlu cəmdəyinə həsr
etməkmi olar? Əlbəttə, gülləsinin səsi kəsilməyən Sotnikov hələ ki,
salamat idi və polisayların qarşısını kəsməklə aradan çıxmağına
imkan yaratdığı Rıbakı ölümdən uzaqlaşdırsa da, özünün vəziyyəti
çıxılmaz idi" (34) kimi müdaxiləsi özünün ekran ekvivalentini
tapır. Ekranda cibindəki son patronları çıxardaraq sona qədər
müqavimət əzmində olub, yaralı ayağından çəkməsini çıxarmaqla özünü
güllələmək qərarına gələn Sotnikov dramatizmi artırır. Bu məqamdakı
tərəddüdlə toğlu cəmdəyini çiynindən atıb geri qayıdan Rıbakın qar
içində itmiş yaralı Sotnikovu sürüyərək meşəyə çatdırması,
ayaqlarını yerə vurmaqla davamlılığını yoxladığı məkanın qırılan
buzlardan ibarət olması mərhumiyyətin dinamikasını gücləndirir.
Buza dönmüş xırda budaqların arasından görünən Sotnikovun
portretindən qarlı peyzaja keçid isə qəhrəmanın müqavimətini,
yaşamaq əzmini artırır. Və Rıbakın nəfəsi ilə qızdırmağa cəhd
etdiyi yaralı Sotnikovu qoyub getməyə az qala qərar verməsi
attraksionların montajını tamamlayır. Ekranda nəhayət onların birgə
gəlib çıxdıqları evdə uşaqların köməyi ilə xəstəyə ilkin yardım
göstərilməsi, gəlib çıxan ananın - Dyomçixanın ilkin müqavimətdən
sonra yaralıya mərhəməti, polisayların pəncərədən görünməsi ilə
qalxdıqları çardaqda Sotnikovun öskürməsilə yaranan qalmaqal
hadisəliliyi yeni təklif olunan vəziyyətdə artırır. Əsərdə
polisayla üzləşən Rıbakın psixoloji sarsıntısı: "Bu alçağın
qəflətən səfehliyinə salaraq bir qatar gülləni onun canına
buraxacağını düşünərək dikələn Rıbakın dizin-dizin sürünüb damın
küncündən çıxaraq ayağa durdu. Çardağın girəcəyindəki tirin üstündə
donub qalmış polisayın ona tuşlanmış avtomatının ixtiyar sahibinə
çevrilən lüləsi Rıbakı dəhşətə salmışdı. Rıbak çəpəki halda onu
nəzərdən keçirməklə əllərini qaldırdı. Atəşin açılmadığından ölümün
hələlik ondan yan keçdiyini düşünmək olardı ki, əsas məsələ də o
idi, qalan nə varsa əhəmiyyətsiz idi" (58) cümlələri ilə
səciyyələnir. Bu epizodu yaşadan ekranda, həbs edilənlərlə birgə
xizəkdə aparılan Dyomçixanın ardınca yarımçılpaq çölə tökülən
uşaqların fəryadları fonunda bağlı qollarını açıb aradan çıxmaq
niyyətindəki Rıbakın mövzu fantaziyasında güllələnməsi qorxaqlığın
anatomiyasını yaradır.
Mahnı oxuyaraq şənlənən polisaylara rəğmən dalğın Sotnikovun
sifətində sayrışan işıqla kənd meydanında oynayan uşaqların,
fikirli ağsaqqalın, faşist bayrağı asılmış eyvanın, tikanlı
məftillərin və Rıbakın çiynində daşıdığı toğlunu digərlərinin soyub
dəridən çıxarılmasını müşahidəsi təklif olunan vəziyyəti yenə də,
attraksionların montajında göstərməklə kinematoqrafikliyi artırır.
Ağlayan Dyomçixanın ağzına soxulmuş pilotkasını çıxarıb yerə
atdığına görə döyülən yarımcan Sotnikovun israrlı müqavimətin
təsvir həllini yaradır. Dindirilmədə özünü həlim göstərən müstəntiq
Portnovun (A.Solonitsın) təhrikinə baxmayaraq, Dyomçixanın günahsız
olduğunu bildirən Sotnikov haqq-ədalət uğrunda mübarizənin
audiovizual davamını səciyyələndirir. Müstəntiqin soyuq məntiqi
altında insanların müdafiəsinə qalxan Sotnikovun ideyalı qəhrəman
kimi deyil satqın kimi öləcəyini Portnovun şərəfsizliyinin,
əcaibliyinin üzünə çırpılması ilə cəza mexanizminin işə düşməsi
dramatizmi artırır. Əsərə əlavə olunan epizodda Portnovun göstərişi
ilə sinəsi sobada qızdırılmış qızıl ulduzla dağlanan Sotnikovun iri
planda sifətini bürüyən tüstünün fonunda ağrılara dözərək susması
xeyrin şər üzərində mənəvi qələbəsini üzə çıxarır. Sotnikovla
Portnovun psixoloji portretlərinin növbələşməsi ilə məğlubla
qalibin vizual qarşıdurması önə çəkilir. Dindirmə otağına gətirilən
Rıbakın yaşamaq naminə satqına çevrilməsi prosesi psixoloji
məqamlarla zənginləşir. Üzərində siçanların gəzdiyi Sotnikovu
arxası üstə çevirərək dağlanmış sinəsini görməklə tərəddüdü sınan
Rıbakın daxili çevrilişi həmən gözə çarpır. Vicdanla yaşamağı üstün
tutan Sotnikovun həqiqət uğrunda ölmək qətiyyəti müqabilində
yaşamaq imkanı qazanmaqla şərlə müqavimət aparacağını bildirən
Rıbakın mülahizələri solğun görünür. Psixoloji qarşıdurmada ölüm
ayağındakı Sotnikovun ciyərlərindən qopan qanın Rıbakın sifətinə
çırpılması psixoloji qarşıdurmanın obrazını yaradır. Və bu məqamda
çəkməçi yəhudinin on üç yaşlı qızı Basyanın və Dyomçixanın kameraya
gətirilməsi ilə sayları artan məhkumların münasibətlər sistemi
dramaturji strukturu Bibliya motivinə yönəlir.
Əsərdəki: "İlk baxışda qəribə görünsə də, öləcəyi fikri ilə
barışmaqla Sotnikov bir neçə saatlıq qısa müddətdə düşmənlərinin
gücündən, iradəsindən kənardakı, mütləq bir müstəqillik əldə elədi.
İndi o, özgə vaxt mühitin, yaşamaq instinktinin imkan vermədiyi
tutarlı addımı atmağa qərarlı olduğundan, nə özünə, nə
düşmənlərinə, nə şəraitə və dünyada bir kimsənin hökmünə əyilməyən
yeni imkan duyurdu" (92) fikirləri ilə daxilən tənzimlənən
qəhrəmanın yaddaşında atasının: "Bir zamanlar od-alovla birgə yer
üzündə yüksək ədalət vardı" kəlmələrinin canlanması bəşəriyyətin
qlobal probleminin mənəvi güc hesabına həlli yolunu işıqlandırır.
Əsərdəki "Sotnikova elə göründü ki, bu kəlmələr qara, qabaqlar
arabir saralmış vərəqlərini çevirdiyi, qoxusunu duyduğu,
basmanaxışlı cilddə, anasının kamodunun üstündəki Bibliyadandır"
(93) ipucunu ssenarinin, filmin strukturuna gətirən Y.Klepikovla,
L.Şepitko povestin ekran sublimasiyasında keyfiyyət dəyişkənliyinə
rəvac verirlər.
Filmdə "İuda" adlandırılan müstəntiq Portnovun müharibədən əvvəl
siyasi mühazirələr oxuduğunun, klub müdiri kimi çalışarkən,
rəhbərlik etdiyi xorda, indi kimin tərəfindən gizlədildiyini
israrla öyrənmək istədiyi balaca yəhudi qızı Basyaya "Axşam
zəngləri" nəğməsini öyrətməsinin xatırlanması çevrilmənin
portretini yaradır. "O dünyada olsa da, xatırlayacağıq" deyən
Sotnikov həqiqətin əbədiyyətə qədər, həmişəyaşar olduğunu
peyğəmbərcəsinə təsdiqləyə bilir. İbadət edən Pyotr Kaçanın
yaxınlaşıb sanki tövbə edərək partizanların komandiri Dubovun
məsləhəti ilə faşistlərə qulluq etdiyini bildirməsi ilə, tövbəni
qəbul edən, ölümü mərdanə qarşılamaq naminə ömrünü sabaha qədər
uzatmağa çalışan, əqidəsinin həmişəyaşarlığına, özünün
"diriləcəyinə" inanan Sotnikov İsa Məsihə çevirir.
Səhər açılmazdan qabaq müstəntiqi çağırıb yalnız özünün partizan
olduğunu, digərlərinin günahsızlığını bildirən Sotnikov
başqalarının xilasına çalışmaqla özünün komandir olduğunu açıqca
bəyan etməsi həqiqət məqamını reallıq müstəvisinə qaytarır. Son
məqamda polisay olmağa razılıq verərək satqınlığı qəbul edən Rıbak
isə fizioloji azadlığın təcəssümünə çevrilir. Sotnikovun bağlı
əlləri ilə vurulub yerə sərilən satqın Rıbakın çalışıb qaçacağını
bildirməsi gecikmiş görünür. Dar ağacının qurulması, kötüklərin
gətirilməsi, ittihamnamənin elan olunması fonunda uşaqlarını yada
salıb diz çökməsi cəzanın amansızlığını nümayiş etdirir.
Heykəlləşən Sotnikovun onun ayaqları altındakı kötüyü qucaqlayıb,
qaçmağa cəhd edərkən güllələnməsini fantaziyasında canlandırmaqla
qorxunun anatomiyasını yaradan İuda xislətli Rıbakın, gözü yaşlı
Dyomçixanın, məğrur Pyotr Kaçanın və sadəlövh Basyanın
portretlərinin növbələşməsi, ölüm anında qəhrəmanın, partizanların
var olduğu meşəni nəzərdən keçirməklə sinəsinə dağlanmış ulduzun
simvolunu papağında yaşadan uşaqla vidalaşması həqiqəti yaşadacaq
əbədiyyətin simvolik detallarını yaradır.
Əsərin finalındakı: "Rıbak ayaqyolunun cırıldayan taxta qapısını
özünə sarı çəkərək içəriyə girib məftil cəftəni bağlamaqla yuxarı
baxdı. Hündür olmayan tavan onun tələbini ödəyərdi. Seyrək tirlərin
birini arasından qayışını keçirmək mümkün idi. Hirsli qətiyyətlə
yarımkürkünün düymələrini açmaqla qəfil zərbə alıbmış kimi, donub
qaldı. Şalvarının qayışı yox idi. Dünən onları zirzəmiyə salmazdan
qabaq polisayların qayışını açmasını unutmuşdu" (s.150) epizodunun
ssenaridə və filmdə tamamilə yeniləşdirilməsi Yuri Klepikovun
"Məqsədin güdülməsi" adlı xatirəsində hələ Eyzenşteynin də kinonun
inkar prosesini bacarmadığını bildirir. Və qayışın yoxluğunun
ssenaridə aradan qaldırılmasını: "Əlbəttə ki, V.Qostyuxin səviyyəli
aktyor əllərinin hərəkətilə qayışın yoxluğunu üzə çıxara bilərdi.
Bu isə yalnız şəraiti şərtləndirməklə ömrünü başa vuran, heç yana
aparmayan, psixoloji baxımdan boş, informativ və ifadəsiz inkara
çevrilərdi" (Клепиков Й.Н. ст-я. "Иметь цель", в кн. Лариса. М.
1987. с.92) mülahizəsi ilə əsaslandırır. Beləliklə, filmdə özünü
ayaqyolunda asmağa cəhd edən Rıbakın qayışını qırılması ilə rəzil
vəziyyətə düşməsi satqınlığı nifrət hədəfinə çevirməklə filmi
mənəvi iflasın qaçılmazlığı ilə əldə olunan qələbənin sərhədində
tamamlayır. Öz xilaskarını ələ verən Basyanın, həm partizanlardan,
həm faşistlərdən qorxan Pyotr Kaçanın, hər vasitə ilə həyatını
xilas etmək istəyən Dyomçixanın və nəhayət yekəpər olsa da,
mənəviyyatca boş olan satqın Rıbakın fonunda, yarımmifik səmavi
personaja çevrilən Sotnikovun ölümü dürüstlüyün, ziyalılığın mənəvi
qələbəsi kimi səslənir.