Sürət qutusundan səs gəlirsə
və ya başqa bir problem hiss edilirsə, bu problemi yağ dəyişməklə
aradan qaldırmaq olmur.
Bu sözləri avtomobil mütəxəssisi Şahin Qasımov sürücülərin
avtomat sürət qutusunda qarşılaşdıqları problemlərlə bağlı
Axar.az-a danışarkən deyib. Mütəxəsis qeyd edib
ki, avtomatik sürət qutusu ilə təchiz olunan avtomobillərə
komfortlu olması səbəbindən sürücülər daha çox üstünlük verirlər,
ona görə də son illər demək olar ki, bütün maşınlar avtomatik sürət
qutusu ilə təchiz edilir:
"Lakin bu tip sürət qutusu idarəetməni rahatlaşdırmasına rəğmən,
avtomobilin xərclərini də artırır. Bir çox sürücü isə idarə etdiyi
avtomobilin yeni sürət qutusunun 7000 manatdan baha olduğunu
bilmir.
Avtomatik sürət qutusunda yaranan problem, xidmət və istifadə
qaydaları ilə bağlı sürücülər tərəfindən müraciətlər olur.
Sürücülərə bu problemlərə diqqət etməlidir:
Avtomat sürət qutusunun ömrü
Adətən bəzi sürücülər idarə etdikləri avtomobildə olan avtomatik
sürət qutusunun onlara ömürlük xidmət edəcəyini düşünür. Bu,
qətiyyən belə deyil. Sürət qutusunun 250-300 min km yürüş
aralığında ilkin təmirə ehtiyacı yaranır. Bu göstərici isə həmin
müddətə qədər düzgün xidmət göstərilən avtomobillərə şamil
olunur.
Sürət qutusundan gələn səs
Bəzən ustalar avtomatik sürət qutusundan səs gəlməsi probleminin
həllini sürət qutusunun yağının dəyişməsində görür. Ancaq bu, belə
deyil. Sürət qutusundan səs gəlirsə və ya başqa bir problem hiss
edilirsə, bu, yağ dəyişməklə düzəlmir. Adətən belə hallarda sürücü
əlavə xərclərlə qarşılaşır. Sürət qutusunun yağı mühərrik yağı
qədər ucuz deyil.
Yağın dəyişdirilməsi
Yağın dəyişdirilməsində sürücüləri çaşdıran bir neçə məqam var.
Burada ilk növbədə yağın verdiyi kilometraj, sürət qutusu
istehsalçısının tövsiyə etdiyi interval və sürət qutusunun
vəziyyəti nəzərə alınmalıdır. Mən ümumiləşdirilmiş formada yağın 30
min km-dən bir dəyişdirilməsini məsləhət görürəm.
Soyuq aylarda yaranan problem
Avtomobil isti hava şəraitində soyuq vaxtdan daha düzgün
çalışır. Adətən avtomobilin problemləri də qış aylarında – soyuq
vaxtlarda üzə çıxır. Avtomobil - istər yeni olsun, istər köhnə -
əgər havanın temperaturu 0 dərəcəyə yaxındırsa, mühərrik işə
salınandan sonra temperaturun 50-yə çatmağını gözləmək lazımdır.
Bunun səbəbi isə sürət qutusunun mühərrikdən daha gec qızmasıdır.
Belə hava şəraitində avtomobili işə salan kimi hərəkət etmək kobud
şəkildə desək, mühərrikə 1, sürət qutusuna 5 ziyan vurur.
İşlənmiş avtomobillərdə sürət qutusu
problemi
Çox adam ucuz, işlənmiş və avtomat sürət qutusu olan avtomobil
almağa üstünlük verir. Həmin insanlar özlərinə əlavə xərc
yaratdığını bilmir. Nəzərə almaq lazımdır ki, avtomobilin istismar
ömrü (ilk təmirə gedəcək vaxt) 10-12 ildir. Bu illər arası
avtomobil alan şəxslər sürət qutusunun hər an sıradan çıxma
ehtimalının olduğunu unutmamalıdır. 10-12 yaş aralığında avtomobil
almaq istəyən şəxslərin mexaniki sürət qutusuna üstünlük vermələri
daha yaxşıdır.
Ötürmələrdə səs və idarəetmə tempi
Sürücülər adətən avtomobildə yüngül səs, boğulma və sürət
qutusunun dəyişməsinin gecikməsindən şikayətlənir. Bu problem əksər
hallarda köhnə avtomobillərdə baş verir. Bunun səbəbi sürət
qutusunun xarab olması yox, ondan düzgün istifadə edilməməsidir.
Belə hallar yanlış idarəetmə və mühərrikin zamanında lazımi gücü
əldə edə bilməməsindən irəli gəlir. Bu cür problemlə qarşılaşan
zaman mümkün qədər sürəti asta şəkildə yığmaq lazımdır.
Düzgün istifadə
Avtomatik sürət qutusu nisbətən sakit istifadə üçün nəzərdə
tutulur. Yəni avtomobili yüksək qazla, ani sürət endirilməsi və
artırılması ilə idarə etmək olmaz. Sürət qutusunda yaranan
problemlərin bir çoxu məhz bu cür yanlış istifadədən
qaynaqlanır".