1965-ci ildə 70 yaşında dünyasını dəyişən qəzəl ustadı
Əliağa Vahid yeganə radio-müsahibəsini ömrünün son illərində verib.
Müsahibənin gedişində özü də aparıcıya təəccüblə deyir ki, necə
oldu ki, sizə razılıq verdim, bunu heç özüm də bilmirəm. Amma indi
də radionun arxivində saxlanılan müsahibədə Vahid çox səmimi və
sadədir.
Aparıcının suallarına qətiyyən özündənrazı cavab verməyən Vahid
dövrün bütün tarixi mənzərəsini sadə nitqində əks etdirir. Seyid
Hüseyndən tutmuş, Məmmədəli Sidqi, Həsən Səyyar, Məşədi Azər və
başqaları haqqında maraqlı söhbətlər edir. Cəfər Cabbarlı haqqında
dedikləri isə daha maraqlıdır.
Axar.az moderator.az-a istinadən həmin müsahibədə Vahidin
Cəfər Cabbarlı haqqında dediklərini təqdim edir:
"Cəfər məndən 4 yaş kiçik idi. Yaxşı şeirlər yazardı. Amma
bədahətən mənim kimi demirdi. Deməyinə deyirdi, amma çox yavaş.
Səməd də deyirdi (Səməd Vurğunu nəzərdə tutur). Amma o, bədahətən
Cəfərdən də yavaş deyirdi.
Bir əhvalatı danışmaq istəyirəm. Düzdü, belə şey mənə başucalığı
gətirmir, amma yadıma düşübsə, gərək danışım. Bir gün Həsən
Səyyarla səhər görüşdük. Başımız möhkəm ağrayırdı (burada Vahid
gecə içki içəndən sonra səhəri gün insanda yaranan məşhur vəziyyəti
nəzərdə tutur). Dedim ki, gedək Məmmədəli Sidqinin yanına -
Ordubadlı, çox yaxşı adam idi. Getdik, gördük ki, yerində yoxdu.
Bir də gördük ki, Cəfər gəlir. Kefimiz kök oldu. Ondan bir 3 manat
alacaqdıq. O vaxtın 3 manatı da indiki pulla 40-50 manat edir. Hə,
salam-əleykdən sonra 3 manatı dedim. Cəfər dedi ki, tələsmə, bir az
gözlə, evdə Sona xanım hər şey hazırlayıb. Getdik, gördük doğurdan
da Sona xanım yaxşı süfrə hazırlayıb. Cəfər evində qonaqlıq verməyi
çox sevərdi. Amma biz yenə əl çəkmədik. Cəfər gördü ki, bir xeyri
olmayacaq, onda mənə dedi ki, bir qafiyə deyəcəyəm, əgər sənin
həmin qafiyəyə qoşduğun misralar xoşuma gəlsə, sənə 3 manatı
verəcəyəm, gəlməsə, yox! Dedim ki, Cəfər, sən bilirsən ki, mən hər
vəziyyətdə bədahətən söz deyirəm. Nəsə, qafiyəni dedi, mən də
"Zalımın fitnə-fəsadından Allah saxlasın" misrası ilə başlayan
qəzəli o qafiyənin ardınca dedim. Bu Cəfərin çox xoşuna gəldi.
Cibindən şax onluq çıxarıb mənə verdi. Səhərdən 3 manata görə
arxasınca düşmüşdük, onu vermirdi. Amma bir qəzəldən sonra şax
onluq çıxarıb verdi".