Bu gün bütün dövrlərin ən
böyük yazıçısı Lev Tolstoyun doğum günüdür.
Axar.az xatırladır ki, Lev Tolstoy 1828-ci il sentyabrın 9-da
Yasnaya-Polyanada anadan olub. Kiçik yaşlarında əvvəl anasını,
sonra atasını itirib və qohumlarının himayəsinə keçib. Təhsilinə
xüsusi önəm verən Tolstoy fransızcasını inkişaf etdirərək, Volteri,
Russonu oxuyub, bu iki yazar ona böyük təsir göstərib. Bir müddət
Moskvada yaşayan Tolstoy daha sonra Yasnaya-Polyanaya geri dönüb və
ilk əsəri "Uşaqlığ"ı yazıb.
Roman və hekayələri ilə dünya ədəbiyyatına qızıl hərflərlə adını
yazdıran Tolstoy daha çox "Hərb və sülh", "Anna Karenina" əsərləri
ilə şöhrət qazanıb. O, həmçinin "Diriliş", "Gəncliyim", "Hacı
Murad", "Sergi ata", "Kazaklar" kimi əsərlərin müəllifidir.
Böyük yazıçı 1910-cu il noyabrın 7-də vəfat edib.
Təxminən 100 ildir ki, dünya Dostoyevski-Tolstoy qarşıdurmasını
müzakirə edir. Bu iki sənət nəhəngi dəfələrlə müqayisə olunur,
olunub və bütün dövrlərdə müqayisə olunacaq.
Hətta bu müqayisələrdən ortaya "Tolstoyevski", "Anna Karamazov"
kimi ifadələr çıxıb.
Tolstoy və Dostoyevskinin şəxsi münasibətləri çox mürəkkəb
olub.
Vladimir Nolletov "Dostoyevski və Tolstoy. Baş tutmayan görüş"
adlı məqaləsində onların əslində rastlaşdığını yazır:
"Tolstoy və Dostoyevski. Bu iki nəhəng yazıçı tanış olmaq
istəsələr də, dəfələrlə arzuları ürəklərində qaldı. 1855-ci ildə
gənc Tolstoy Dostoyevskinin yaşadığı Sankt-Peterburq şəhərinə gəlib
Turgenev və Nekrasovla tanış olur. Amma təəssüf ki, həmin vaxt
Dostoyevski sürgündə idi. O, Peterburqa qayıdanda isə Tolstoy artıq
Moskvaya getmişdi. 1877-ci ildə filosof və tənqidçi Nikolay Straxov
Tolstoya belə bir məktub yazır: "Sizin "Anna Karenina"nız sadəcə,
möhtəşəmdir. Hətta Dostoyevski də sizi bu əsərinizə görə "sənət
aləminin tanrısı" adlandırır".
Daha sonra Fyodor Dostoyevski öz gündəliyinə "Anna Karenina"
əsəri haqqında yazdığı bir məqaləni köçürür. Tolstoy haqqında
danışarkən "Belə bir romanın müəllifi bu cəmiyyətin müəllimidir,
biz isə onun tələbələriyik", - yazır.
1878-ci ildə filosof Solovyovun mühazirəsində Dostoyevski və
Tolstoy da iştirak edirdi. Tolstoy buraya Straxovla gəlmişdi, amma
Dostoyevskinin də yaxın dostu olan Straxov bu iki yazıçını nədənsə
bir-biri ilə tanış etmir. Tolstoyun 1880-ci ildə Starxova yazdığı
məktubda belə bir mətn yer alıb: "Bu həftə "Ölü evdən qeydlər"i
oxudum. Əsərdən doymadım, təkrar-təkrar oxudum. Bu sənət əsərindən
zövq aldığımı rahatlıqla deyə bilərəm. Əgər siz yaxın dostunuz
Dostoyevski ilə görüşsəniz, onun yaradıcılığını çox sevdiyimi
deyin". Straxov bu məktubu Dostoyevskiyə göstərir və yazıçı bundan
çox təsirlənir, məktubu xatirə kimi özündə saxlayır".
Vladimir Nolletovun yazdıqlarına inansaq, tez-tez düşmən olaraq
göstərilən Tolstoy və Dostoyevskinin bir-birinə olan münasibəti heç
də mənfi deyildi. Uzun illər davam edən müqayisələrə baxmayaraq, bu
gün hər iki düha dünyanın ən böyük yazıçıları sırasındadır.