Azərbaycan Respublikası Prezidenti Administrasiyasının
rəhbəri, akademik Ramiz Mehdiyevin "Dağlıq Qarabağ: Məxəzlərdən
oxunmuş tarix" kitabı İspaniyanın "Eurasian Books" nəşriyyatında
ispan dilində çap olunub.
Axar.az xəbər verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tarixi köklərinə həsr edilən kitabda problemin
yaranma səbəbləri, bu bölgənin tarixən mövcud olan Azərbaycan
dövlətlərinə məxsusluğunu əks etdirən müxtəlif qiymətli mənbələr
yer alıb. Bundan başqa, kitabda bölgədə ermənilərin xeyrinə həyata
keçirilən demoqrafik dəyişikliklərdən, Dağlıq Qarabağ və ona
bitişik yeddi rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal
olunmasından, münaqişənin həlli istiqamətində ATƏT-in Minsk
qrupunun vasitəçiliyi ilə həyata keçirilən danışıqlar prosesinin
vəziyyətindən, beynəlxalq təşkilatların bu məsələdə tutduğu
mövqedən, xüsusilə təcavüzkar Ermənistanın BMT Təhlükəsizlik
Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələri yerinə
yetirməməsindən, eləcə də münaqişənin beynəlxalq hüququn norma və
prinsiplərinə uyğun olaraq Azərbaycanın beynəlxalq ictimaiyyət
tərəfindən tanınan sərhədləri və ərazi bütövlüyü çərçivəsində
həllinin zəruriliyindən bəhs edilir. Əsərdə zəngin tarixi faktlar
əsasında mühüm elmi-nəzəri ümumiləşdirmələr aparılmaqla yanaşı,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane
olmaq üçün məqsədyönlü şəkildə törədilən süni əngəllərə də
münasibət bildirilir. Müəllif çoxsaylı mənbələr və elmi ədəbiyyat
əsasında, ilk növbədə, xarici dillərdə və erməni dilində nəşr
olunmuş mənbələrdəki faktlara istinad edərək Dağlıq Qarabağın ən
qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu
sübuta yetirir.
Bu fundamental elmi əsərin ispan dilində nəşri oxucu
auditoriyasının genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Kitab Dağlıq Qarabağın tarixinə, münaqişənin başvermə səbəblərinə,
onun doğurduğu acı nəticələrə dair obyektiv və səhih məlumatlar
əldə etmək istəyən ispandilli oxucular üçün dəyərli mənbə rolunu
oynayacaq.