Sentyabrın 29-da M.Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında poeziyamızın görkəmli nümayəndəsi, Xalq Şairi
Qabil İmamverdiyevin (Qabil) anadan olmasının 90 illiyinə həsr
olunmuş yubiley tədbiri keçirilib.
Axar.az xəbər verir ki, respublikanın tanınmış elm, mədəniyyət
və incəsənət xadimlərinin iştirak etdiyi gecə Mədəniyyət və Turizm
Nazirliyinin təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə tədbir iştirakçıları unudulmaz şairin şeir kitablarının
nümayiş olunduğu sərgi ilə tanış olublar. Daha sonra şairin keçdiyi
ömür yolunu əks etdirən fotoslayd təqdim edilib.
Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif
Əliyev çıxış edərək Qabilin həyat və yaradıcılığından söz açıb.
Qeyd olunub ki, Qabilin lirik, epik şeirləri və poemaları geniş
oxucu marağına səbəb olub. Şairin şeirləri həmişə aktualdır, bu
səbəbdən də oxunur, əzbərlənir, ən mötəbər tədbirlərdə qiraət
ustaları tərəfindən şövqlə səsləndirilir.
Nazir müavini vurğulayıb ki, Qabilin yaradıcılıq yolu həmişə
şəxsiyyəti ilə həmahəng olub. Həyatda mehriban, səmimi və duzlu
zarafatları ilə yanaşı, onun haqqında yaradılan maraqlı lətifələr
də xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair üçün ən böyük
səadətdir. Bildirilib ki, daim poetik duyğularla qəlbində Vətəninə,
millətinə tükənməz məhəbbəti olan Qabil böyük ictimai hisslər,
duyğularla, gərgin zəhməti və yaradıcılıq axtarışları, canlı həyat
müşahidələri ilə vicdanla xalqına xidmət edib.
Qeyd edilib ki, Bakıda anadan olan şairin müxtəlif vaxtlarda
"Azərbaycan jurnalı" redaksiyasında şeir üzrə ədəbi işçi, baş
redaktorun müavini vəzifələrində çalışıb. Şair yazdığı "Səhv
düşəndə yerimiz", "Bakılı", "Çörək", "Təmizlik", "Gülləbaran
eylədilər", "Nəsimi bazarında", "Dağlar", "Azərbaycan torpağı",
"Göy göl", "Mübarəkdir Qız qalası", "Məhəbbət deyil", "Küləkli
havalarda, "Yağışlı havalarda", "Türkün qəbri", "Ümid sənədir
ancaq", "Gedən yerim olaydı", "Əslində", "Sənə qurban" kimi
qeyri-adi şeirləri və "Nəsimi" kimi fəlsəfi-psixoloji,
epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb. O,
2007-ci il aprelin 4-də vəfat edib və Fəxri xiyabanda dəfn
olunub.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar
Qabilin Azərbaycan poeziya tarixindəki xidmətlərindən danışıb.
Deyib ki, o, azad söz sahibi olmaqla yanaşı, hər zaman xalqını,
millətini sevib və dərdinə şərik çıxıb. Şairin həqiqətə,
düzgünlüyə, obyektivliyə üstünlük verdiyini deyən natiq onun əsl
vətəndaş mövqeli insan olmaqla yanaşı, təəssübkeş olduğunu da qeyd
edib.
Diqqətə çatdırılıb ki, uzun illər Azərbaycan Yazıçılar
Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən
Qabilin ədəbi və ictimai fəaliyyəti dövlət tərəfindən hər zaman
yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara,
o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə -
"Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.
Gecədə çıxış edən şairin qələm dostları onun həyat və
yaradıcılığından, Azərbaycan poeziyasına bəxş etdiyi dəyərli
töhfələrdən danışaraq xatirələrini bölüşüblər.
Tədbir konsert proqramı ilə davam edib. Konsertdə şairin
şeirlərinə bəstələnmiş mahnılar ifa olunub, şeirləri
səsləndirilib.